Məhkəmə qərarları › İş №2(034)-672/2021

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-672/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-672/2021 30.11.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit müqaviləsi üzrə ödənilməmiş qalan 2396,26 manat əsas, 140.27 manat faiz borcu olmaqla, cəmi 2536,53 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit müqaviləsi üzrə ödənilməmiş 2019,56 manat əsas, 7.75 manat faiz borcu olmaqla, cəmi 2027,31 manat məbləğində kredit borcunun ödənilmiş 30 manat dövlət rüsmunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı Azərbaycan Beynəlxalq Bankının “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 14.10.2019-cu il tarixli, BPM**********85 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə 3300 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 4.4.2-ci bəndinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu Cavabdeh kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmiş və filial tərəfindən verilmiş arayışa əsasən 17.08.2021-ci il tarixə Cavabdeh banka 2396.26 manat əsas borc, 140.27 manat faiz borcu olmaqla, cəmi borc 2536.53 manat təşkil tmişdir. Sonradan cavabdeh kredit borcundan 178 manat ödəniş etmiş və hazırda cavabdehin banka kredit müqaviləsi üzrə ödənilməmiş 2019,56 manat əsas, 7.75 manat faiz borcu olmaqla, cəmi 2027,31 manat məbləğində kredit borcu vardır.Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş iddiaçı Azərbaycan Beynəlxalq Bankının “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 14.10.2019-cu il tarixli, BPM**********85 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə 3300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin banka 2396,26 manat əsas, 140.27 manat faiz borcu olmaqla, cəmi 2536,53 manat məbləğində borcu vardır. Bank tərəfindən təqdim edilmiş son maliyyə arayışından görünür ki, cavabdehin banka hazırda 2019,56 manat əsas, 7.75 manat faiz borcu olmaqla, cəmi 2027,31 manat məbləğində borcu vardır. Mülki Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2019,56 manat əsas, 7.75 manat faiz borcu olmaqla, cəmi 2027,31 manat məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu, 40 qəpik bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və 0.40 qəpik bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2019,56 manat əsas, 7.75 manat faiz borcu olmaqla, cəmi 2027,31 (iki min iyirmi yeddi manat, otuz bir qəpik) manat məbləğində borc və 30.40 (otuz manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar