Məhkəmə qərarları › İş №2(036)-2744/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2744/2022

19.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Digər - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2744/2022 19.10.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında İmişli rayon Soltanmuradlı kənd icra nümayəndəliyində bağlanmış 29 may 2015-ci il tarixli, 10 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahlarından doğulmuş 03 avqust 2011-ci il təvəllüdlü X2 və 25 mart 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 29 may 2015-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahlarından 03 avqust 2011-ci il təvəllüdlü X2 və 25 mart 2013-cü il təvəllüdlü X3 doğulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Cavabdehlə ailə münasibətlərinin bərpasına çalışsa da, mümkün olmamışdır. Artıq xeyli müddətdir ki, ailə dağılmışdır. Cavabdehlə bundan sonra bir ailədə yaşaması qeyri-mümkündür. Ona görə də, hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə boşanmağa razıdır. Lakin, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment ödəyə bilər. Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işdə olan İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli, 05/69-280 saylı arayışdan görünür ki, tərəflər arasında nikah 29 may 2015-ci il tarixdə İmişli rayon Soltanmuradlı kənd icra nümayəndəliyində bağlanmış və həmin nikah 10 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İşdə olan AZE 11873423 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 03 avqust 2011-ci il təvəllüdlü X2 tərəflərin birgə nikahından doğulmuşdur. İşdə olan AA1360815 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 25 mart 2013-cü il təvəllüdlü X3 tərəflərin birgə nikahından doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Ər ilə arvadın hüquqları bərabərdir. (Konstitusiyanın 34-cü maddəsi) Konstitusiyanın qeyd edilən normaları insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlarda da əksini tapmışdır. Belə ki, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 23-cü maddəsinin 4-cü bəndinə əsasən Paktda iştirak edən dövlətlər nikah bağlanarkən, nikah vəziyyətində olarkən və onun pozulması zamanı ərlə arvadın hüquq və vəzifələrinin bərabərliyinin təmin edilməsi üçün lazımi tədbirləri görməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Göründüyü kimi, nikah könüllü ittifaqdır, odur ki, heç kəs iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulacağının müəyyən edilməsidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Republikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Republikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Republikası Kontitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarının 1-ci bəndinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Republikası Ailə Məcəlləsinin 76.2 və 78.8-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarının 2-ci bəndinə əsasən, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikakın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbi barədə işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/16 nömrəli qərarının 8-ci bəndinə əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanşacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanşacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə uşaqların iddiaçının himayəsində olmasını və uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, o cümlədən yuxarıda qeyd olunan qanunvericilik aktı normalarını nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay tutulmalı olan alimentin miqdarı hər uşağa görə 100 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı alimentin tutulması ilə bağlı 24 avqust 2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin tarixdən başlayaraq tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında İmişli rayon Soltanmuradlı kənd icra nümayəndəliyində bağlanmış 29 may 2015ci il tarixli, 10 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmalı, birgə nikahdan doğulmuş 03 avqust 2011-ci il təvəllüdlü X2 və 25 mart 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında İmişli rayon Soltanmuradlı kənd icra nümayəndəliyində bağlanmış 29 may 2015-ci il tarixli, 10 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulsun. Nikahın pozulmasından sonra 03 avqust 2011-ci il təvəllüdlü X2 və 25 mart 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 24 avqust 2022-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver