Məhkəmə qərarları › İş №2(037)-527/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-527/2020

09.09.2020 · Müqavilələrin dəyişdirilməsi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-527/2020 09.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin Cavabdeh və üçüncü şəxs DƏDRXnin 9 saylı Ərazi İdarəsinə qarşı tikililərin sökülməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsi (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) və üçüncü şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə (bundan sonra üçüncü şəxs) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 116 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyə ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli icarə müqaviləsinin beçinci bəndinə dəyişiklik edilərək bir hektarı üçün 15 manat olmaqla 116 hektar torpaq sahəsi üçün illik icarə haqqının 1740 manat müəyyən edilməsi və Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan xx xxxxxx 2010-cu il tarixli icarə müqaviləsinə əsasən cavabdehin istifadəsinə verilmiş 116 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi hüdudları daxilində inşa edilmiş tikililərin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Mirzəğa Mirzəxanov məhkəməyə ərizə təqdim edərək iddia tələbinin xx xxxxxx 2010-cu il tarixli icarə müqaviləsinin 5-ci bəndinə dəyişiklik edilərək 116 hektar örüş-otlaq sahəsi üçün illik icarə haqqının bir hektarı üçün 10 manat olmaqla 1160 manat müəyyən edilməsi tələbinə dair hissəsi ilə bağlı Qubaxəlilli bələdiyyəsi ilə cavabdeh arasında qarşılıqlı razılaşma olduğundan iddia tələbinin həcmini azaldaraq Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan xx xxxxxx 2010-cu il tarixli icarə müqaviləsinə əsasən cavabdehin istifadəsinə verilmiş 116 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi hüdudları daxilində inşa edilmiş tikililərin sökülməsini xahiş etdi. İddiaçının nümayəndəsi hazırkı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Qubaxəlilli bələdiyyəsinin sədri işləyir. Bələdiyyənin mülkiyyətində olan 116 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi İsmayıllı rayon notariat kontorunda reyestrdə 3m-1/57 nömrə ilə təsdiq edilmiş xx xxxxxx 2010-cu il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə Cavabdeh icarəsinə verilmişdir.Cavabdeh icarəsinə verilmiş 116 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinə dair DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmış xx xxxxxxxx 2010-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İcarə müqaviləsinin 5-ci bəndində icarəçinin icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri aparılmasına yol verilməməsi qeyd edilmişdir. Cavabdeh icarə müqaviləsinin tələblərinə əməl etməyərək icarəyə götürdüyü torpaq sahəsində qanunsuz olaraq əsaslı tikinti işləri aparmışdır. Bələdiyyə tərəfindən Cavabdeh xəbərdarlıq bildirişi göndərilərək icarəsində olan torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələb edilmişdir. Cavabdeh icarəsində olan torpaq sahəsində inşa edilmiş tikililərin qanuni olmasını bildirərək həmin tikililəri sökməmişdir. Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan icarə müqaviləsinə əsasən cavabdehin istifadəsinə verilmiş 116 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi hüdudları daxilində inşa edilmiş tikililərin sökülməsini tələb edir və hazırkı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, Qubaxəlilli kəndi ərazisində təsərrüfatla məşğul olur.Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 116 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi İsmayıllı rayon notariat kontorunda reyestrdə 3m-1/57 nömrə ilə təsdiq edilmiş xx xxxxxx 2010-cu il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə istifadəsinə verilmişdir. İstifadəsinə verilmiş 116 hektar torpaq sahəsi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınaraq adına xx xxxxxxxx 2010-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İstifadəsinə verilmiş torpaq sahəsində əvvəllər tikili olmuşdur. 2012-ci ildə Qubaxəlilli bələdiyyəsinə müraciət edərək istifadəsində olan torpaq sahəsində yerləşən tikililəri yararlı vəziyyətə gətirmək istədiyini bildirmişdir. Bələdiyyənin xx xxxxxx 2012-ci il tarixli 7 nömrəli əmri ilə istifadəsində olan torpaq sahəsində tələbata uyğun olaraq çoban evi, heyvandarlıq və digər mədəni-məişət təyinatlı tikililər tikməsinə əsaslı tikinti aparmamaq şərti ilə icazə verilmişdir. İstifadəsində olan torpaq sahəsində yerləşən tikili yararsız olduğundan öz vəsaiti hesabına təmir bərpa işləri apararaq heyvanlarını saxlamaq üçün yararlı vəziyyətə gətirmişdir. Bələdiyyə tərəfindən istifadəsinə verilmiş torpaq sahəsindən icarə müqaviləsinin tələblərinə əməl edərək istifadə edir. İstifadəsində olan torpaq sahəsində inşa olunmuş tikili əsaslı tikili deyildir. İddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Üçüncü şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə tərəfindən Qubaxəlilli bələdiyyəsinin sədri Mirzəğa Mirzəxanovun iştirakı ilə Qubaxəlilli kəndi ərazisində yerləşən Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan və icarə müqaviləsi əsasında cavabdehin istifadəsinə verilmiş 116 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində inşa olunmuş tikiliyə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı müəyyən edildi ki, cavabdeh icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş 116 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində təsərrüfatla məşğul olur. Cavabdeh heyvandarlıq fəaliyyəti ilə məşğul olmaq üçün istifadəsində olan torpaq sahəsində əsaslı tikinti aparmamaq şərti ilə tikili inşa etmişdir. Cavabdehin istifadəsində olan torpaq sahəsində əsaslı tikinti aparmaması müəyyən edilmişdir. xx xxxxxx 2010-cu il tarixli reyestrdə 3m-1/57 nömrə ilə qeyd alınmış icarə müqaviləsinin surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində yerləşən Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 116 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi İsmayıllı rayon notariat kontorunda reyestrdə 3m-1/57 nömrə ilə təsdiq edilmiş icarə müqaviləsi əsasında xx xxxxxx 2010-cu il tarixdən xx xxxxxx 2025-ci il tarixədək 15 il müddətinə Cavabdeh istifadəsinə verilmişdir. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2010-cu il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın və Çıxarışa əlavə edilmiş torpaq sahəsinin plan və ölçü sənədinin surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində yerləşən Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 116 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2010-cu il tarixdən xx xxxxxx 2025-ci il tarixədək 15 il müddətinə Cavabdeh xeyrinə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınaraq Cavabdeh adına RX seriyalı ******* nömrəli Çıxarış və Çıxarışa əlavə edilmiş plan və ölçü sənədi verilmişdir. Qubaxəlilli bələdiyyəsinin xx xxxxxx 2012-ci il tarixli 7 nömrəli əmrindən müəyyən edilir ki, 2012-ci ildə cavabdeh Qubaxəlilli bələdiyyəsinə müraciət edərək istifadəsində olan 116 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində heyvandarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tövlə və çoban evi tikmək istədiyini bildirmiş və bələdiyyənin xx xxxxxx 2012-ci il tarixli 7 nömrəli əmri ilə cavabdehə istifadəsində olan torpaq sahəsində tələbata uyğun olaraq çoban evləri, heyvandarlıq və digər mədəni-məişət təyinatlı tikililər tikməsinə əsaslı tikinti aparmamaq şərti ilə izacə verilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli müqaviləyə əlavə və dəyişiklik edilməsi barədə razılaşmadan görünür ki, Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 116 hektar örüşotlaq sahəsinin icarəyə verilməsinə dair Qubaxəlilli bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli müqavilənin 2.4-cü bəndinə qarşılıqlı razılaşma əsasında dəyişiklik edilmiş və dəyişikliyə əsasən Cavabdeh istifadəsində olan 116 hektar örüş-otlaq sahəsinin bir hektarı üçün illik 10 manat olmaqla 1160 manat icarə haqqını Qubaxəlilli bələdiyyəsinə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Torpaq icarəsi haqqında qanunun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqları, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin qanunun 6.2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli,42 nömrəli qərarı ilə təsdiq edilmiş örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydalarına əsasən yay və qış otlaqlarını istifadəyə və icarəyə götürən fiziki və hüquqi şəxslər həmin sahənin 20—25 faizini dincə qoya bilər və tələbata uyğun olaraq çoban evləri, heyvandarlıq və digər mədəni-məişət və istehsalat təyinatlı tikililər tikə bilərlər (əsaslı tikinti aparmamaq şərti ilə). Araşdırma zamanı müəyyən edildi ki, İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində yerləşən Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 116 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi xx xxxxxx 2010-cu il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə cavabdehin istifadəsinə verilmişdir. Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 116 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2010-cu il tarixdən xx xxxxxx 2025-ci il tarixədək 15 il müddətinə cavabdehin xeyrinə yüklü edilərək RX seriyalı ******* nömrəli Çıxarış və Çıxarışa əlavə edilmiş torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. 2012-ci ildə cavabdeh Qubaxəlilli bələdiyyəsinə müraciət edərək istifadəsində olan torpaq sahəsində yerləşən tikililəri yararlı vəziyyətə gətirmək istədiyini bildirmişdir. Bələdiyyənin xx xxxxxx 2012-ci il tarixli 7 nömrəli əmri ilə cavabdehə istifadəsində olan torpaq sahəsində tələbata uyğun olaraq çoban evi, heyvandarlıq və digər mədəni-məişət təyinatlı tikililər tikməsinə əsaslı tikinti aparmamaq şərti ilə icazə verilmişdir. Cavabdeh istifadəsinə verilmiş 116 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində təsərrüfatla məşğul olur.Heyvandarlıq fəaliyyəti ilə məşğul olmaq üçün istifadəsində olan torpaq sahəsində olan yararsız tikilini öz vəsaiti hesabına yararlı vəziyyətə gətirərək əsaslı tikinti aparmamaq şərti ilə tikili inşa etmişdir. Cavabdehin istifadəsində olan torpaq sahəsində əsaslı tikinti aparmaması yerində müayinə zamanı və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehin istifadəsində olan torpaq sahəsində əsaslı tikinti aparması yerində müayinə zamanı və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin Cavabdeh və üçüncü şəxs DƏDRXnin 9 saylı Ərazi İdarəsinə qarşı Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan xx xxxxxx 2010-cu il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh istifadəsinə verilmiş 116 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi hüdudları daxilində inşa edilmiş tikililərin sökülməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver