Məhkəmə qərarları › İş №2(039)-1024/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1024/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1024/2021 04.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə İMEİ kodu **********27046 olan X1 8 markalı telefon üçün 529,20 manat ödənilməmiş hissə, 52 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 612 manat pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 21.03.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh İMEİ kodu **********27046 olan və qiyməti 529,20 manat olan X1 8 markalı telefonu 12 ay müddətinə, aylıq 44 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda cavabdehin 529,20 manat ödənilməmiş hissə və 52,80 manat cərimə borcu yaranmışdır. Cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilsə də, o həmin borcu ödəməkdən yayınmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, 21.03.2020-cu il tarixli, 20193288 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ kodu **********27046 olan X1 8 markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan əşyaların təhvil-təslim aktına əsasən cavabdeh X1 8 markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 44,1 manat iddiaçıya ödəməlidir. İş materiallarına əlavə edilmiş 26 mart 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 529,20 manat olan X1 8 markalı telefon üçün ümumilikdə 582 manat olmaqla, 529,20 manat ödənilməmiş hissə və 52,80 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci bəndinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, məhkəmə bildirişləri “köçüb” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, yəni həmin müqavilədə nəzərdə tutulmuş əşyanı cavabdehə vermişdir. Cavabdeh isə müqaviləyə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 582 manat borcu yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli 582 manat məbləğində borc Cavabdeh qızından alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh müqavilə üzrə ödənilməmiş 529,20 manat əsas, 52,80 manat cərimə olmaqla, cəmi 582 (beş yüz səksən iki) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar