Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1715/2024 15.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə azyaşlı uşağı ilə birlikdə istifadə hüququnun tanınmasına və həmin mənzilə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə 10 yanvar 2020-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evə gəlin köçmüşdür. Cavabdehlə birgə nikahlarından 02 dekabr 2021-ci il tarixdə Amil adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə cavabdeh 27 sentyabr 2023-cü ildə onu evdən qovmuşdur. Yaşamağa yeri olmadığından azyaşlı uşağı ilə birlikdə atasına məxsus evdə yaşamaq məcburiyyətində qalmış və hazırda da atası evində yaşayır. Azayaşlı uşağı ilə birlikdə qayıdıb gəlin köçdüyü evdə yaşamaq istəsə də, cavabdeh buna mane olmuşdur. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0448 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 10 yanvar 2020ci ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 saylı qeydiyyat aparılmışdır. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 02 dekabr 2021-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-1064/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Yevlax rayon qeydiyyat şöbəsində bağlanmış xx.xx.2020-ci il tarixli, 03 saylı nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2021-ci təvəllüdlü X3 İddiaçı yanında qalmasnın müəyyən edlilməsi, xx.xx.2024-cü ildən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2021-ci təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0448 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 10 yanvar 2020-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və iddiaçı cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Tərəflərin birgə nikahlarından 02 dekabr 2021-ci il tarixdə Amil adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə tərəflər ayrılmışlar və cavabdeh gəlin köçdüyü evdən çıxmışdır. İddiaçı yaşamağa yeri olmadığından azyaşlı uşağı ilə birlikdə atasına məxsus evdə yaşamaq məcburiyyətində qaldığını, hazırda da atası evində yaşadığını, azayşlı uşağı ilə birlikdə qayıdıb gəlin köçdüyü evdə yaşamaq istəsə də, cavabdehin buna mane olduğunu göstərərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır.Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci hal mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə bir neçə il yaşamışdır. Ona görə də 2-ci və 3-cü halların mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Belə ki, məhkəmə iclasında iddiaçı gəlin köçdüyü evdən cavabdeh tərəfindən qovulduğunu göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, 2-ci hal, yəni mərhumetmə mövcud olmadığından, 3cü halın, yəni mərhumetmənin qanuniliyi və qanunsuzluğu məsələsinin də müzakirə edilməsinə zərurət yoxdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmamışlar. İddiaçının tələbinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə onun həmin evə dair istifadə hüququnun yaranıb-yaranmaması məsələsinə qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı bir əmlak üzərində mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Mövcud qanunvericiliyə görə də daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı təqdirdə yaranır, əks halda həmin əmlak özbaşına tikili kimi qəbul edilməklə həmin əmlaka hər hansı bir hüquq tanına bilinməz. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Hazırkı işdən göründüyü kimi mübahisəli fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2017-ci ildə qeydiyyata alınmış və tərəflər nikaha daxil olan zaman yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh ilə İddiaçı arasında hər hansı bir yazılı razılaşma olmamışdır. Hazırda iddiaçı mübahisəli fərdi yaşayış evinə köçürülməsini tələb edir, mülkiyyətçi isə iddiaçının köçməsini qəbul etmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.2-ci-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabr ayının 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublıkasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isəAzərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən sonra yarandığı üçün məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması məsələsi hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayışsahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İstinad edilən normadan göründüyü kimi, mənzildən istifadə hüququnun yaranması üçün köçürülən şəxslər ya ailə üzvləri (arvadı, uşaqları, valideynləri), ya mülkiyyətçinin digər qohumları və yaxud da mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş onun himayəsində olan əmək qabiliyyəti olmayanlar olmalıdırlar. Əlavə olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleniumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 ekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İddiaçı isə qeyd edilən şəxslərin dairəsinə aid deyildir. Belə ki, iddiaçının keçmiş əri Cavabdeh ilə ailə münasibətlərinə xitam verildiyindən, cavabdehə münasibətdə nə əri (arvadı), nə qohumu, nə himayəsində olan əmək qabiliyyəti olmayan şəxs, nə də ki, Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin siyahısına aiddir. Bu baxımdan, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisəli evə münasibətdə istifadə hüququ mövcud olmadığından iddia tələbi əsassızdır və onun həmin evə köçürülməsi tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsində qeyd olunmuşdur ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. İş materialları ilə müəyyən olunur ki, iddiaçının himayəsində olan uşaq 14 yaşına çatmamış fiziki şəxsdir. Mülki qanunvericilyin yuxarıda qeyd olumuş normasına əsasən həmin şəxsin yaşayış yeri hazırda sağ olan valideynlərinin yanıdır. Lakin qeyd olunmalıdır ki, iddiaçının 1 nəfər azyaşlı uşağı nikah pozularkən onun yanında saxlanılmışdır. Odur ki,iddiaçı (uşağın anası) mübahisəli evə köçürülmədiyindən, onun yanında yaşayan bir nəfər azyaşlı uşağının da həmin evə köçürülməsi təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mənzildən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə azyaşlı uşağı ilə birlikdə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmələri tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-1715/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1715/2024
15.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver