Məhkəmə qərarları › İş №2(039)-2434/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2434/2021

22.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2434/2021 22.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi birgə mülkiyyətdə olan əmlaka payının müəyyən edilməsi, istifadə hüququnun tanınması və evə köçürülməsi” tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX serialı ******* nömrəli çıxarışına əsasən ümumi birgə mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən 0,0393 ha torpaq sahəsinin 1/6 hissəsinə payının müəyyən edilməsi, o cümlədən Cavabdeh1 mülkiyyətində olan Yevlax şəhəri Bakıxanov küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinə(mübahisəli evə) onun istifadə hüququnun tanınması və həmin evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, RX serialı ******* nömrəli çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən 0,0393 ha torpaq sahəsi, o da daxil olmaqla altı mülkiyyətçinin ümumi birgə mülkiyyətidir. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə Cavabdeh1 mülkiyyətidir. O, 1996-cı il tarixindən həmin evdə həyat yoldaşı ilə birlikdə yaşamışdır. Həyat yoldaşı 2021-ci ilin iyun ayının 28-də vəfat etmiş, yas mərasimləri həmin evdə keçirilmiş, bundan sonra Cavabdeh1 onu məcburi qaydada evdən çıxarmışdır. Həmin evdə ailəsi ilə birlikdə 23 il yaşamışlar. Onun və mərhum həyat yoldaşının həmin evin yerləşdiyi torpaq sahəsində payı var. Özünə münasibətdə həmin payın müəyyən edilməsini və qeyd olunan yaşayış evinə istifadə hüququnun tanınmasını və həmin evə köçürülməsini istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mülkiyyətində olan fərdi yaşayış evi 1990-cı ildən ona məxsus olmuşdur. İşi ilə əlaqədar 1996-cı ildə arvadı və uşaqları ilə(digər cavabdehlərlə) birlikdə müvəqqəti yaşamaq üçün Rusiya Federasiyasına getmişdir. İddiaçı onun mərhum bacısı Zəminə Ağayevanın əri olmuşdur. Həmin dövrdə bacısının da özünə məxsus ayrıca evi olmuş və bacısı əri Asiflə birlikdə həmin mənzildə yaşamışlar. O, Rusiyaya gedən zaman evi nəzarətsiz qalmasın deyə bacısından və İddiaçı onun evinə nəzarət etmələrini xahiş etmişdir. Bacısı onunla razılaşmış və özlərinə məxsus evi kirayəyə verərək onun evində yaşamağa başlamışlar. O və ailəsi 2021-ci ilin yay ayına qədər Rusiyada yaşamışlar və evinə qayıtdıqdan sonra evi təmir etmək qərarına gəlmişlər. Bu səbəbdən özləri də evdə yaşaya bilməyəcəkləri üçün evdən çıxmışlar. Bundan sonra onlara məlum olmuşdur ki, iddiaçı onlara qarşı iddia qaldırıb. Halbuki iddiaçının ona məxsus yaşayış evinə heç bir hüququ yoxdur. Evin yerləşdiyi torpaq sahəsinə iddiaçının payının müəyyən edilməsinə də etiraz edir. Belə ki, iddiaçının adının həmin çıxarışa neçə salındığı ona məlum deyil və onun həmin çıxarışı mübahisələndirmək fikri var. Cavabdeh2 Cavabdeh1 izahatını təsdiq etdiyini və iddiaçının onlara məxsus yaşayış evinə köçürülməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. ƏMDK yanında DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, mübahisəli evin yerləşdiyi 0,0393 ha həyətyanı torpaq sahəsi Yevlax rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, X1 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. (torpağın mülkiyyətə verilməsinə dair JN-3138A saylı şəhadətnamə). Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışdan müəyyən olunur ki, Yevlax şəhəri Bakıxanov küçəsi 12 ünvanında yerləşən 0,0393 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə tam mülkiyyət hüququ Cavabdeh1 oğlunun adına 10.04.2015-ci ildə dövlət reyestrində qeydə alınmışdır. 27.12.1990-cı il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, mübahisəli yaşayış evi 1990-cı ildən iddiaçı Cavabdeh1 mülkiyyətində olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli yaşayış evi 1990-cı ildən iddiaçı Cavabdeh1 mülkiyyətindədir. Mübahisəli yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi isə hazırkı iş üzrə tərəflərin, o cümlədən mərhum Zəminə Ağayevanın ümumi birgə mülkiyyətindədir. İddiaçı, Cavabdeh1 qaynı-mərhum bacısı Zəminə Ağayevanın əri olub və 1996-cı ildən 2021-ci ilin avqust ayına qədər mübahisəli evdə yaşamışdır. Məhkəmə, mübahisəli yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə iddiaçının payının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçı özünə məxsus olan hissədə torpaq sahəsinə payının müəyyən olunmasını tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia, ünvan 2 ünvanda yerləşən 0,0393 ha torpaq sahəsinin 1/6 hissəsinə iddiaçının payının müəyyən edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin mübahisəli yaşayış evinə iddiaçının istifadə hüququnun tanınması və köçürülməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakəıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında hüquq münasibətlərinin 1996-cı ildə yarandığını, yəni iddiaçının həmin ildə mübahisəli mənzilə köçdüyünü və orada yaşadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmadığı məsələsi 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. Həmin Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Yuxarıda qeyd olunana normaların tələblərinə əsasən iddiaçı, mübahisəli evin mülkiyyətçisinin ailə üzvü hesab edilmir. İddiaçı 1996-cı ildən 2021-ci ilədək mübahisəli yaşayış evində yaşasa da, evin mülkiyyətçisi ilə birgə yaşamamış və onunla birgə təsərrüfat aparmamışdır. Həm də bu səbəbdən iddiaçı mübahisəli evin mülkiyyətçisinin ailə üzvü hesab edilə bilməz. Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçı işi ilə əlaqədar 1996-cı ildə müvəqqəti olaraq Rusiya Federasiyasına getmiş və bacısı mərhum Zəminə Ağayevanın və onun əri-hazırkı iş üzrə iddiaçının, mübahisəli evə nəzarət etmələri üçün həmin evdə müvəqqəti yaşamaqlarına icazə vermişdir. Zəminə Ağayevanın özünə məxsus mənzili olmuş və iddiaçı da məhkəmə iclasında verdiyi izahatında bunu təsdiq edərək bildirmişdir ki, arvadına məxsus mənzili kirayəyə vermiş və 2007-ci ildə həmin mənzili satmışlar. Qeyd olunanlar isə bunu deməyə əsas verir ki, iddiaçı mübahisəli mənzilə daimi yaşaması üçün köçməmiş və mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh1 tərəfindən iddiaçının mübahisəli mənzilə köçürülməsi üçün deyil, müvəqqəti olaraq yaşaması üçün icazə verilmişdir. Qeyd olunanaları əsas gətirərək məhkəmə hesab edir ki, mübahisəli evə iddiaçının istifadə hüququnun tanınması və köçürülməsi tələbi əsassızdır və təmin edilə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №-li çıxarışı ilə Ağayeva Asif Hacıbala oğluna və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanda yerləşən 0,0393 ha torpaq sahəsinin 1/6 hissəsinə İddiaçı payı müəyyən edilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver