Məhkəmə qərarları › İş №2(039)-488/2021

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-488/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-488/2021 18.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «1400 manat pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «1400 manat pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 1400 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o cavabdehi tanıyır və aralarında etibarlı münasibət var idi. Cavabdeh qəssablıqla məşğul olur. O cavabdehə 2020-ci ilin təxminən mart-aprel aylarında ətlik heyvan vermişdir. Aralarında olan razılaşmaya görə həmin heyvanın dəyəri olaraq cavabdeh ona 1400 manat pul verməli idi. Pulun verilməsi isə ət satıldıqdan dərhal sonra olmalı idi. Lakin cavabdeh bu günə kimi ona pulu ödəməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iş üzrə Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasi MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxx 2012-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1959-cu il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində doğulmuş, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzindən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Cavabdeh xx xxxxxxx 1971-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Yevlax şəhəri, Füzuli küçəsi 25-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən izahatın surətindən məlum olur ki, Əmrahov X1 Rasif İlyas oğluna borclu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə iş materiallarından məlum olur ki, cavabdeh qəssablıqla məşğul olur. İddiaçı özünə məxsus ətlik 1400 manat dəyərində heyvanı cavabdehə vermişdir. Cavabdeh isə əti satdıqdan sonra 1400 manat pulu iddiaçıya qaytaracağını vəd etmişdir. Lakin pulu qaytarmamışdır. İddiaçı pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh Yevlax RPŞ-də izahat verərkən borcu iddiaçıya olduğunu bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1400 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 240- 245-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1400 manat pul alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar