Məhkəmə qərarları › İş №2(039)-67/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-67/2023

07.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Maneənin aradan qaldırılması - Maddi ziyanın ödənilməsi - Torpaq münasibə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-67/2023 07.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakişi oğluna qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, torpağa giriş-çıxış yollarının bərpası, çay və arx kimi nəzərdə tutulan direnaj xəttinin bərpası, bir illik dəymiş ziyanın, məhkəmə xərclərinin və dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakişi oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olmaqla Yevlax rayonu, Salahlı kəndində yerləşən 3,1316 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdehlərin dərhal çıxarılması, torpağa giriş-çıxış yollarının bərpası, çay və arx kimi nəzərdə tutulan direnaj xəttinin bərpası, 2200 (iki min iki yüz) manat məbləğində bir illik dəymiş ziyanın, məhkəmə xərclərinin və dövlət rüsumunun cavabdehlərdən tərəfindən ödənilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu, Salahlı kəndində yerləşən 3,1316 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ********** qeydiyyat nömrəli xx.xx.2021ci il tarixli AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı ilə onun mülkiyyətinə verilmişdir. Qanunla müəyyən olunmuş qaydada mülkiyyətə verilmiş torpaq sahəsinin planı və cizgisinə müvafiq olaraq mülkiyyətinə verilmiş torpaq sahəsinin 2,50 ha hissəsini normal çərçivədə idarə edir. Ancaq hazırkı cavabdehlər onun həmin 3,1316 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini bir hissəsini qanunsuz olaraq zəbt etmişdir. Bu yolverilməz hal onun mülkiyyəti üzərində hüquqlarını məhdudlaşdırır, habelə cavabdehlər ona mənsub torpaqdan bilərəkdən çıxmırlar. Eyni zamanda mülkiyyətində olan torpağın səkkiz metr enində giriş-çıxış yollarının bərpası, çay və arx kimi nəzərdə tutulan direnaj xəttinin bərpası, 2200 (iki min iki yüz) manat məbləğində bir illik dəymiş ziyanın (dəymiş ziyanla bağlı müvafiq icra hakimiyyətinə müraciət etsə də, ona rəsmi məktubla qiymətləndirmənin yalnız məhkəmənin sorğusu əsasında icra ediləcəyi bildirilmişdir), məhkəmə xərclərinin və dövlət rüsumunun cavabdehlər tərəfindən ödənilməsini tələb edir. Məhkəmə iclasında İddiaçı ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər ona məxsus zəbt etdikləri torpaq sahəsindən çıxmışlar. Bu səbəbdən də iddianın həmin hissədə torpaq sahəsini zəbt edilmiş hissədən dərhal çıxarılması, torpağa giriş çıxış yollarının bərpası, çay və arx kimi nəzərdə tutulan direnaj xəttinin bərpası dair və iş üzrə icraata xitam verilməsini, lakin cavabdehlərdən dəymiş ziyanın və dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 Balakişi oğlu iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçının torpaq sahəsi onun zəbtində olduğunu sonradan bilmiş, bunun səbəbi isə o vaxtkı islahat dövründə torpaq bölünərək onlara bu formada verilməsi ilə əlaqəli olmuşdur. Həmin sahədə ağaclar əkərək bağ salmış lakin indiyədək hər hansı gəlir əldə etmədiyindən 2200 maddi ziyan hissəsində iddianı qəbul etmir və əkdiyi ağacları çıxararaq torpağı iddiaçıya - sahibinə qaytaracaqdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçının torpaq sahəsi onun zəbtində olduğunu İddiaçı tərəfindən alındıqdan sonra bilmiş, bunun səbəbi isə o vaxtkı torpaq islahatı dövründə həmin sahənin onlara bu formada verilməsi ilə əlaqəli olmuşdur. 2200 maddi ziyan hissəsində iddianı qəbul etmir və torpağı boşaldaraq sahibinə qaytaracaqdır Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********59 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Salahlı kəndində yerləşən 3,1316 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına tam mülkiyyət kimi qeydə alınmışdır. JN-376 KOD 90100038 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X2 və X1 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 18 saylı qərarı ilə Yevlax rayonu Salahlı kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,29 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Yevlax rayonu, Salahlı kənd ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 3.1316 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinin 0.974 ha hissəsi Cavabdeh1 tərəfindən naturada istifadə edilir. İddaçının Cavabdeh2 Balakişi oğlu tərəfindən istifadə edildiyi bildirilən 0.1391 ha torpaq sahəsi iddiaçının istifadəsində olmaqla əkin altındadır. Tərəflərin naturada göstərdiyi mübahisəli torpaq sahəsinin koordinatları və sahəsi (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmiş) müəyyən edilmişdir. Yevlax rayonu, Salahlı kəndində yerləşən torpaq sahəsinə avtomobil və piyada üçün giriş-çıxış yolu nəzərdə tutulmuşdur. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakişi oğluna qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, torpağa giriş-çıxış yollarının bərpası, çay və arx kimi nəzərdə tutulan direnaj xəttinin bərpası, bir illik dəymiş ziyanın, məhkəmə xərclərinin və dövlət rüsumunun ödənilməsi tələbinə dair iddiasından imtinası qəbul olunsun və hazırki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. İddia tələbinin maddi ziyanla bağlı hissəsi ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlərə qarşı vurulmuş maddi ziyanla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən həmin hissədə iddia təmin edilməməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, İddia ərizəsinin verilməsinə görə ödənilmiş 42 manat dövlət rüsumu iddia təmin edilmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunmasın. İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakişi oğluna qarşı vurulmuş maddi ziyana dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 42 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver