Məhkəmə qərarları › İş №2(039)-98/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-98/2023

07.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-98/2023 07.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı1, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X2, Cavabdeh2 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin sökülməsi tələbi haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X2, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, onların paylı mülkiyyətində olan, Yevlax şəhəri Heydər Əliyev prospekti 59 ünvanında yerləşən 0,1298 torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsinin onların sahibliyinə qaytarılması, həmin torpaq sahəsinin 12 kv.m hissəsində Cavabdeh1 və 20 kv.m hissəsində Cavabdeh2 tərəfindən onların xəbəri və icazəsi olmadan tikilmiş qeyri-yaşayış sahələrinin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 Cavabdeh2 münasibətdə mübahisəli torpaq sahəsinin sonuncunun anası X3 adına dövlət aktı mövcud olduğundan cavadehin əsl cavabdehlə əvəz olunmasını xahiş etmişdir. İddiaçılar tələblərini belə əsaslandırmışdır ki, iddiaçılar bir ailənin üzvü olmaqla Yevlax şəhəri, Əfəndiyev küçəsi ev 2-də yaşayırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Yevlax şəhəri H.Əliyev prospekti 59 ünvanında yerləşən 0,1298 ha torpaq sahəsi onların, yəni İddiaçı1, İddiaçı2 və İddiaçı3 (paylı) xüsusi mülkiyyətindədir. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli A seriyalı 716671 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Yevlax şəhəri H.Əliyev prospekti 59 ünvanında yerləşən və onları xüsusi mülkiyyətində olan 0,1298 ha torpaq sahəsinin cizgiləri çəkilmişdir. Yevlax şəhəri H.Əliyev prospekti 59 ünvanında yerləşən, 0,1298 ha torpaq sahəsi onlara məxsus olmaqla mülkiyyətlərindədir. Lakin cavabdehlər tamamilə qanunsuz və əsassız olaraq onlara məxsus olan torpaq sahəsini zəbt etmiş, orada onların razılığı olmadan obyekt tikmişlər. Cavabdeh1 onlara məxsus olan 12 kv.m ərazini zəbt edərək orada qeyri-yaşayış sahəsi tikərək “avtomobil ehtiyat hissələrinin satışı” ilə məşğuldur. Digər Cavabdeh2 (X7) isə onlara məxsus olan torpaq sahəsinin 20 kv.m hissəsini zəbt edərək orada qeyri-yaşayış sahəsi tikərək bərbərlik fəaliyyəti ilə məşğuldur. Göründüyü kimi, cavabdehlər faktiki olaraq onların mülkiyyətinə müdaxilə etmiş və onlar öz mülkiyyətindən məhrum etmişlər. Cavabdehlərin onlara məxsus olan torpaq sahəsindən çıxarılması, eyni zamanda onların xəbəri və icazəsi olmadan onların mülkiyyətində tikdikləri qeyri-yaşayış sahəsinin onların öz vəsaiti hesabına sökülməlidi Qanunvericiliklə Məhkəmə iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdeh ilə əvəz edə bildiyindən İddiaçı1 müraciətinə əsasən Cavabdeh2 əsl cavabdeh X7 ilə əvəz olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etmədiklərini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, sözügedən əmlak məhkəmədə hazırki iddia qaldırılmamışdan öncə X9 adlı vətəndaşa alqı-satqı müqaviləsinə əsasən satılmışdır, hazırda təmsil etdiyi şəxs cavabdeh ola bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh X7 məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax şəhəri, H.Əliyev prospekti 59-da yerləşən 0,1298 ha yaşayış məntəqələrinin torpaqları sahəsi İddiaçı1 yaşayış məntəqələrinin torpaq sahəsinin 1/6 hissəsinə, İddiaçı2 yaşayış məntəqələrinin torpaq sahəsinin 1/6 hissəsinə və İddiaçı3 yaşayış məntəqələrinin torpaq sahəsinin 1/6 hissəsinə adlarına tam mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli A seriyalı 716671 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Yevlax şəhəri H.Əliyev prospekti 59 ünvanında yerləşən və onları xüsusi mülkiyyətində olan 0,1298 ha torpaq sahəsinin cizgiləri çəkilmişdir. Yevlax şəhəri H.Əliyev prospekti 59 ünvanında yerləşən, 0,1298 ha torpaq sahəsi İddiaçı1 məxsusdur onun mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Yevlax şəhəri, H.Əliyev pr, 59 ünvanında yerləşən 0.1298 ha torpaq sahəsi üzərində İddiaçı2 (4/6 hissə), İddiaçı3 (1/6 hissə), İddiaçı1 (1/6 hissə) mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 ilə (satıcı) X9 (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* №li, 12 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı Yevlax şəhəri H.Əliyev prospekti 61/5 ünvanında yerləşən, ümumi sahəsi 0.003 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcıya satmışdır. JN-0024 KOD 90101002 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X5 Yevlax rayonu Yevlax şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 80 saylı qərarı ilə Yevlax şəhərində yerləşən torpaq sahəsi sahibkarlı məqsədi ilə 0,0042 ha torpaq sahəsi verilmişdir. Yevlax Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 80 nörməli qərarı ilə mərhum əri X4 mülkiyyətində olan Yevlax şəhərində H.Əliyev pr. 65 ünvanında sahibkarlıq məqsədi ilə verilmiş 0,0042 ha torpaq sahəsi X3 adına sənədləşdirilmişdir. Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4182 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 həqiqətən də ünvan 6 ünvanında yaşayır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Yevlax şəhəri, H,Əliyev prospekti 59-da yerləşən İddiaçı1 naturada göstərdiyi 118 kv.m münahisəli torpaq sahəsinin koordinatları müyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinin 26.5 kv.m hissəsi naturada digər şəxslər tərəfindən naturada istifadə edilir. Cavabdehlərin tədqiqat obyektinə baxışda iştirakları təmin edilmədiyindən, həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunun-olunmamasını müəyyən etmək olmadı. Digər şəxslər tərəfindən istifadə edən torpaq sahəsinin koordinatları və sahəsi tərtib olunmuş yerquruluşu plana əlavə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-ci maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 76-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçılar mülkiyyətlərində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini bildirsələr də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, ekspert rəyi və iş materialları ilə də bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh qismində qeyd olunmuş X2 münasibətdə AN-İ seriyalı ******* №li, 12 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ilə (satıcı) X9 (alıcı) arasında bağlanmış müvafiq müqaviləyə əsasən satıcı Yevlax şəhəri H.Əliyev prospekti 61/5 ünvanında yerləşən, ümumi sahəsi 0.003 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcıya satmış, nəticədə Ofelya Aslanova iddia tələbinin yönəldiyi fiziki şəxs yəni cavabdeh hesab oluna bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, X5 münasibətdə JN-0024 KOD 90101002 №li “torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən X8 rayonu Yevlax şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 80 saylı qərarı ilə Yevlax şəhərində H.Əliyev pr. 65 ünvanında sahibkarlıq məqsədi ilə 0,0042 ha torpaq sahəsi verilmiş, habelə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyində mübahisəli torpaq sahəsinin cavabdeh Qənirə Əliyeva tərəfindən istifadə olunub-olunmamasını müəyyən etmək olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X2, X5 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin sökülməsi tələbi haqqında iddiası əsassız olduğundan təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X2, Cavabdeh2 və X5 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin sökülməsi tələbi haqqında iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver