Məhkəmə qərarları › İş №2(040)-101/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-101/2025

14.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-101/2025 14.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı4, Cavabdeh- "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar X2, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Şəmkir rayonunun Varlı Həyat kəndində məskunlaşdıqları fərdi yaşayış evinə elektrik sayğacının quraşdırılması” tələbinə dair birgə iddiaları üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar X2, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, məcburi köçkün olaraq müvəqqəti Şəmkir rayonunun Varlı Həyat kəndində məskunlaşdıqları evə elektrik sayğacı quraşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Kəlbəcər rayonunun düşmən silahlı birləşmələr tərəfindən işğalı nəticəsində, yəni 1993-cü ildə ailə üzvləri Kəlbəcər rayonunun Zəylik kəndindən məcburi köçkün düşərək Şəmkir rayonunun indiki Yeni Göyçə inzibati ərazi vahidinin Varlı Həyat kəndində məskunlaşmışlar. Hal-hazırda yaşadıqları evi otuz iki il bundan əvvəl Ermənistanın Göyçə mahalından qaçqın düşmüş Səfər Yusifov adlı vətəndaşdan almışlar. 2017-ci ilədək yaşadıqları evdə istifadə etdikləri elektrik enerjisinin haqqını dövlət nağd yolu ilə onlara verməmiş, yəni dövlət Şəmkir rayonu ərazisində məskunlaşmış məcburi köçkün ailələrinin istifadə etdiyi elektrik enerjisi sərfiyyatına görə enerji haqqını cavabdeh X8 hesabına köçürmüşdür. Yaşadıqları evə cavabdehin əraziyə baxan elektrik montyorları tərəfindən plastik kart təchizatı olmayan mexaniki sayğac quraşdırılmışdır, yəni 2017-ci ilədək evlərinə kart vasitəsilə idarə olunan sayğacdan istifadə etməmişlər. Cavabdeh X1ra qarşı qərəzli və saxta mövqeyi ondan ibarətdir ki, guya onlar 1993-cü ildən 2017-ci ilədək müddətdə dövlətin elektrik enerjisinin də haqqı ödənilməyən enerji haqqını ödəmədən istifadə etmişlər, 2023-cü ildə evlərinə başqa vətəndaşın adına quraşdırılmış sayğacı da söküb aparmışlar; onlar məcburiyyət qarşısında bugünədək neft lampası ilə evlərini işıqlandırmışlar. Böyük saxtakarİıqlar cavabdehin özündə və onun inzibati ərazi vahidinin kəndlərinə, o cümlədən yaşadıqları kəndə nəzarət edən əməkdaşlarında və elektrik montyorlarındadır. İddiaçılar olaraq məhkəməyə bəyan edirlər ki, yalnız 2017-ci ildən başlayaraq onlar məcburi köçkün ailələrinə verilən aylıq çörəkpuluna əlavə olaraq yanacaq pulu da verilməyə başlamış və bundan sonra istifadə etdikləri (heç vaxt onların adına sayğac sənədləşdirilməyib) X4 adına olan, onların ailəsi ilə heç bir əlaqəsi olmayan sayğacın hesabına hər ay pul köçürməyə başlamışlar. Ədalət mühakiməsinə o faktı da bildirirlər ki, cavabdehin əraziyə təhkim olunmuş elektrik montyorları tərəfindən 2017-ci ilədək müddətdə sayğacdəyişdirmə əməliyyatları dəfələrlə aparılmış, X4 adına olan sayğacdan əvvəl Şəmkir rayonunun Dağ Cəyir kənd sakini Zakir Haqverdiyev adlı vətəndaşın adına olan sayğacı onların evinə quraşdıranda buna qəti etiraz etmişlər ki, “tez-tez nə sayğacdəyişmə əməliyyatıdır aparırsınız?”. Montyor Əhliman onlara bildirmişdir ki, “sizə bunun nə aidiyyəti var, onsuz da əvəzinizə X8 hesabına dövlət tərəfindən pul köçürülür”. Məhkəməyə onu da bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci ildə imzaladığı fərmanda göstərmişdir ki, elektrik enerjisi sərfiyyatına ayrılan vəsait məcburi köçkün ailələrinə verilən çörəkpuluna əlavə edilsin. Bundan sonra da 2023-cü ilədək istifadələrində olan başqasının- X4 adına rəsmiləşdirilmiş elektrik sayğacına istifadə etdikləri enerjiyə görə poçt vasitəsilə pul köçürmüşlər. Smartkart vasitəsilə idarə olunan elektrik sayğacı isə onların evə montyor Təbriz Abdullayev tərəfindən 2023-cü ilin may ayında quraşdırılmış, həmin sayğacın kartını isə onlara vermədən çıxıb getmişlər. Mamed və Məhəmməd adlı montyorlar, yeni- 2023-cü ilin avqust ayının 23-də həmin kartla idarə olunan sayğacı gəlib söküb aparıblar ki, rəhbərliyin göstərişidir. 2023-cü ilin avqust ayının 23-dən evləri işıqsız qalıb. Heyvandarlıq təsərrüfatı ilə məşğul olduqlarına görə, altı nəfərdən ibarət ailə üzvləri yataqda yaşamağa məcbur olmuşlar. Sayğacsız və bu səbəbdən işıqsız qalmaları səbəbindən, XXİ əsr Azərbaycanda bir ilə yaxındır işıqsız yaşayırlar. Əlaqədar, aidiyyəti quruma dəfələrlə müraciət etmişlər, dəfələrlə X11 qəbullara getmişlər, real bir nəticə əldə olunmamışdır. Əksinə onlara qarşı soyuqqanlı, üzdəniraq, laqeyd mövqelərini bugün də davam etdirirlər. Elektrik xəttinin yaşadıqları evdən açılması səbəbindən məktəbli övladları dərslərini hazırlaya bilmirlər. Yay mövsümündə soyuducu işlədə bilməmələri üzündən ərzaq məhsulları dəfələrlə xarab olub. Ailə başçısı Mirzəliyeva Tamam xroniki xəstəliyin daşıyıcısı olduğundan tez-tez işığa ehtiyac olur. Cavabdeh tərəf isə öz işindədir, onlara məhəl qoymur. Qəza və Abonent sorğularının idarə olunması mərkəzinin rəisi Zabil Quliyevin xx.xx.2024-cü il tarixdə onlara ünvanladığı məktubda göstərilir ki, “xx.xx.2024-cü il tarixdə şəbəkə tərəfindən ünvana smart tipli sayğac quraşdırmaqla mövcud borcun hissə-hissə ödənilməsi təklif olunsa da, tərəfinizdən borcun ödənilməsindən imtina olunaraq sayğacın vo abunǝ kodunun qeydiyyata alınmasına dair tələbinizlə bağlı "ASAN xidmət” mərkəzinə müraciət edilməli olduğu Sizə izah olunmuşdur”. Dəfələrlə cavabdeh tərəfə bildirmişlər ki, elektrik enerjisi sərfiyyatına görə ödəniş haqqını dövlət qarşılayır. Bu səbəbdən onların heç kimə borcu yoxdur. Bu borclara onlar cavabdeh ola bilməz. Bu bəhanələr kimə lazımdır. Cavabdeh X1ra qarşı bu cür özbaşına, üzdəniraq hərəkətləri onların konstitusion hüquqlarının birbaşa pozulması deməkdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki: iddiaçıların iddia tələbləri əsassızdır və bu səbəbdən rədd olunmalıdır. "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında” 30 may 2023-cü il tarixli 892-VİQD saylı Azərbaycan Respublikasının Qanununun Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması bölməsində tələb olunan sənədlər qrafasında imperativ şəkildə göstərilmişdir ki, “Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və istifadə hüququnu təsdiq edən sənəd, Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarış (plan və ölçü ilə birlikdə), mövcud tikintinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarış (texniki pasport ilə birlikdə) qeydiyyat vəsiqəsi (texniki pasport ilə birlikdə) İcra Hakimiyyətinin sǝrǝncamı (ayrıca aktı ilə birlikdə) torpaqların icarə və istifadə hüququna dair Dövlət Aktı, şəhadətnamə, çıxarış və müqavilə. Tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd (yük hesabatı). Mülkiyyət sənədində payçılar mövcud olduğu halda (mülkiyyət sənədində qeyd olunan ünvan üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli, 327 nömrəli qərarı ilə müəyyən olunur. Müddət qrafasının qarşısında isə ödəniş məbləğindən asılı olaraq 12 gün və ya 24 gün müddətində iş icra edilir. Bununla bağlı qeyd edirlər ki, əgər yaşadıqları evi həqiqətən alqı-satqı əsasında və s. almışlarsa yuxarıda qeyd etdikləri, qanunvericiliklə nəzərdə tutulmuş bütün zəruri sənədləri toplayıb yaşadıqları evin elektrik təchizatına dair texniki şərt almaq sayğac quraşdırtmaq, sayğacı adlarına rəsmiləşdirmək və öz adlarına abonent kodu almaq üçün "ASAN xidmət" mərkəzinə müraciət edə bilərlər. Bundan əlavə, iddiaçılar özləri də iddia ərizələrində etiraf edib göstərmişlər ki, qəza və abonent sorğularının idarə olunması mərkəzinin rəisi Zabil Quliyevin onlara ünvanladığı 09 sentyabr 2024-cü il tarixdə onlara ünvanladığı məktubda sayğacın və abunə kodunun qeydiyyata alınmasına dair tələbləri ilə bağlı "ASAN xidmət" mərkəzinə müraciət edilməli olduğu onlara izah olunmuşdur. Onu da qeyd etməyi vacib hesab edirlər ki, yuxarıda göstərdikləri kimi yaşayış evi üçün elektrik təchizatına dair texniki şərt almaq, elektrik sayğacı quraşdırmaq, eləcə də abonent kodu açılması yalnız "ASAN xidmət” mərkəzləri tərəfindən həyata keçirilir. Çünki qanunvericiliyin tələbinə əsasən göstərilən xidmətlər həyata keçirmək "ASAN xidmət” mərkəzlərinə həvalə edilmişdir. Ona görə də yuxarıda qeyd olunanlara əsasən iddiaçılara tövsiyə olunur ki, qanunvericiliyin tələbinə görə göstərilən sənədləri toplayıb "ASAN xidmət" mərkəzlərinə müraciət etməlidirlər. Ona görə də cavabdeh olaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar X2 və İddiaçı3 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə gəlməyən iddiaçıların iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı2 məhkəmə iclasında izahatında iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçıların hamısı bir ailənin üzvləri olmaqla Şəmkir rayonunun Varlı həyat kəndində eyni ünvanda yaşayırlar. X2- onun anası, İddiaçı3-onun bacısı və İddiaçı4-onun həyat yoldaşıdır. Onların yaşadığı ev başqa şəxsin adınadır. 2017-ci ilədək onların yaşadığı evdə istifadə etdikləri elektrik enerjisinin haqqını dövlət ödəmişdir. Onların istifadə etdiyi elektrik enerjisinə görə yaranmış borcları isə əgər var idisə Prezidentin Fərmanı ilə silinmişdir. Onların heç bir borcu yaranmadığı halda, "xxxx" ASC onlardan enerji haqqı olaraq 3400 (üç min dörd yüz) manat borcun ödənilməsini tələb edir. Həmin borc iddiaçıların deyil, başqa şəxsin adına yaranmış borcdur, bununla bağlı X11 müraciət etsələr də, nəticəsi olmamışdır. Onların yaşadığı evə quraşdırılmış sayğacı gəlib söküb aparmışlar. 2018-ci ildə “ASAN xidmət”ə müraciət etmiş, orada ona bildirmişlər ki, onların yaşadığı evdə başqa şəxsin adına elektrik xətti çəkilmişdir, bununla bağlı onlar X11 sorğu vermişlər, X13 bildirmişdir ki, həmin xətt üzrə vətəndaşın borcu vardır. Həmin borc ödənilməsə və ya "xxxx" ASC həmin evdə elektrik xəttinin və sayğacın olmaması barədə sənəd verməsə “ASAN xidmət” onların adına yaşadıqları evə sayğac quraşdıra bilməz. Hazırda onların yaşadığı evdə nə elektrik xətti nə də ki sayğac yoxdur. "xxxx" ASC onlara bildirir ki, onların yaşadığı evdə başqa şəxsin adına yaranmış borc ya hissə-hissə ya da ki, tamamilə ödənilsə sayğac quraşdırılacaqdır, ya da ki həmin evin sənədləri təqdim edilməlidir ki, oraya elektrik xətti çəkilərək sayğac quraşdırılsın. Həmin evin isə sənədləri yoxdur. Lakin həmin evdə məskunlaşmalarına dair icra nümayəndəliyindən və “Qaçqınkom”dan arayış almışdır. Bundan başqa sənəd təqdim edə bilmir. Hazırda onlar işıqsız qalmışlar. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı4 məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, onun və digər iddiaçıların yaşadığı evə sayğac quraşdırılaraq elektrik işığı ilə təmin edilmələrini istəyir. Hazırki dövrdə işıqsız yaşamaq çox çətindir. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi tamamilə əsassızdır, belə ki, iddiaçılara dəfələrlə izah edilmiş və bununla bağlı onlara rəsmi olaraq cavab verilmişdir ki, sayğacların quraşdırılması “ASAN xidmət” mərkəzlərinə həvalə olunmuşdur. Vətəndaş yaşadığı evin zəruri sənədlərini (müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və istifadə hüququnu təsdiq edən sənəd, Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarış (plan və ölçü ilə birlikdə), mövcud tikintinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarış (texniki pasport ilə birlikdə) qeydiyyat vəsiqəsi (texniki pasport ilə birlikdə) İcra Hakimiyyətinin sǝrǝncamı (ayrıca aktı ilə birlikdə) torpaqların icarə və istifadə hüququna dair Dövlət Aktı, şəhadətnamə, çıxarış və müqavilə) təqdim etdikdən sonra texniki şərtlərə uyğun olaraq onun yaşadığı evə sayğac quraşdırılacaqdır. İddiaçıların özləri də iddia tələbində bu fakta istinad etmişlər. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan: Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Yeni Göyçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 14 iyun 2024-cü il tarixdə verilmiş 64 nömrəli arayışın surətindən görünür ki, İddiaçı2 həqiqətən Şəmkir rayonunun Yeni Göyçə kənd İƏD-də müvəqqəti məskunlaşmışdır və hazırda Varlı Həyat kəndində yaşayır. Ailə tərkibi aşağıdakılardır: 1. X3. 2. İddiaçı3. 3.İddiaçı4. 4. X9. 5. X6. İş materiallarında olan: "xxxx" ASC-nin Qəza və Abonent sorğularının idarə olunması mərkəzinin rəisi Zabil Quliyev tərəfindən İddiaçı2 ünvanlanmış məktubda göstərilir ki, "xxxx" ASC-nin məlumat informasiya bazasında **********00134 saylı abunə kodu ilə X5 adına qeyd olunmuşdur. Yaşayış evinin **********3 zavod nömrəli elektrik sayğacının uçot dəstinə baxış keçirilən zaman elektrik enerjisinin istehlakına görə 3431,34 AZN (26502 kVts) borcun olduğu müəyyən olunmuş, həmçinin, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma faktı üzrə 14 dekabr 2020-ci il tarixli Rİ 202093 nömrəli akt tərtib edilərək 4234 kVts (419.46 AZN) sərfiyyat hesablanmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq borc ödənilmədiyindən evə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Sonradan həmin evə **********00001 saylı abunə kodu ilə X4 adına **********9 zavod nömrəli yeni elektrik sayğacının quraşdırıldığı aşkar olunmuşdur. Araşdırma zamanı köhnə sayğacın oğurlandığı məlum olmuş, yerli şəbəkənin xəbəri olmadan quraşdırılan yeni sayğac sökülmüş və evə elektrik enerjisinin verilməsi təkrarən dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə şəbəkə tərəfindən ünvana smart tipli sayğac quraşdırmaqla mövcud borcun hissə-hissə ödənilməsi təklif olunsa da, tərəfinizdən borcun ödənilməsindən imtina olunaraq sayğacın vo abunǝ kodunun qeydiyyata alınmasına dair tələbinizlə bağlı "ASAN Kommunal” mərkəzlərinə, "ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda isə “ASAN xidmət” mərkəzlərinə müraciət edilməli olduğu Sizə izah olunmuşdur”. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra: Konstitusiya) 60-cı maddəsinin birinci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin yeddinci hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun: -18.1-ci maddəsinə əsasən, elektrik enerjisinin təchizatçısı elektrik enerjisinin topdan və ya pərakəndə satışını həyata keçirir. -18.5-ci maddəsinə əsasən, elektrik enerjisi təchizatçısının vəzifələri aşağıdakılardır: 18.5.1. elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, habelə bu Qanunun 6.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə (elektroenergetika sektorunda tənzimləyicinin göstərişləri nəzərdə tutulur-hakimin qeydi) əməl etmək; 18.5.2. istehlakçı qrupları üzrə elektrik enerjisi təchizatının şərtlərini rəsmi internet saytında dərc etmək; 18.5.3. istehlakçılara onların hüquqlarını, vəzifələrini, habelə sərbəst istehlakçılara elektrik enerjisinin təchizatçısını seçmək hüququnu izah etmək; 18.5.4. öz təşəbbüsü ilə istehlakçı (sərbəst olmayan istehlakçılar istisna olmaqla) ilə bağlanılmış müqavilə şərtlərinin dəyişdirilməsi nəzərdə tutulan tarixdən 1 (bir) ay əvvəl istehlakçıya bu barədə bildiriş təqdim etmək (göndərmək); 18.5.5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), tənzimləyiciyə, bazar operatoruna, bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq müqavilə bağladığı ötürücü və (və ya) paylayıcı sistem operatoruna və elektrik enerjisinin istehsalçısına elektrik enerjisi bazarında fəaliyyətinə dair topdansatış bazarı qaydaları ilə müəyyən edilən hesabatlar və məlumatlar təqdim etmək; 18.5.6. bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq ötürücü və ya paylayıcı sistem operatoru ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş elektrik enerjisinin dəyəri barədə hesab təqdim etmək; 18.5.7. istehlakçı ilə bağlanılmış elektrik enerjisinin təchizatı müqaviləsinin şərtlərinə uyğun olaraq elektrik enerjisinin tələb olunan həcmdə və keyfiyyətdə verilməməsi nəticəsində istehlakçıya vurulmuş ziyanı ödəmək. -18.6.-cı maddəsinə əsasən, elektrik enerjisi təchizatçısının hüquqları aşağıdakılardır: 18.6.1. ötürücü və (və ya) paylayıcı sistem operatorlarından müvafiq olaraq ötürmə, yaxud paylama xidmətlərinin göstərilməsini tələb etmək; 18.6.2. istehlakçıya təqdim edilmiş hesaba uyğun olaraq ondan istehlak etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsini tələb etmək. Həmin Qanunun 20-ci maddəsində qeyd edilir ki: 20.1. Elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərinin elektrik şəbəkələrinə qoşulması şəffaf və ayrı-seçkiliyə yol verilmədən həyata keçirilir. 20.2. Elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə onların elektrik şəbəkəsinə qoşulması elektrik şəbəkəsinə dair qaydalar ilə tənzimlənir. 20.3. Elektrik enerjisi bazarı subyektləri tərəfindən onların tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün bu Qanunun 20.2-ci maddəsində nəzərdə tutulmuş qaydaların və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən elektrik qurğularının quraşdırılması qaydalarının tələbləri yerinə yetirildikdən və ötürücü sistem operatoruna və ya paylayıcı sistem operatoruna qoşulma xidmətinə görə ödəniş edildikdən sonra ötürücü sistem operatoru və ya paylayıcı sistem operatoru elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərini elektrik şəbəkəsinə qoşmalıdır. 20.4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın: -2.1-ci bəndinə əsasən, məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər (200 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektinin ETŞ-yə qoşulması və ya əlavə enerji (güc) alması məqsədilə texniki şərtlərin və enerji təchizatı layihəsinin hazırlanması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydanın 2.2-ci bəndində qeyd olunan məlumatları Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində ETM-in nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. -2.2-ci bəndinə əsasən, sistemə aşağıdakı məlumatlar daxil edilir: 2.2.1. sifarişçinin (məişət abonenti istisna olmaqla) VÖEN-i; 2.2.2. sifarişçinin şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi (VÖEN olmadıqda); 2.2.3. sifarişçinin ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi) və ya həmin sənədin skan olunmuş surəti (həmin məlumatların X7 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda); 2.2.4. tələb olunan elektrik enerjisinin gücü, qoşulma gərginliyi, etibarlılıq üzrə kateqoriyası; 2.2.5. sifarişçinin mobil telefon nömrəsi, poçt və elektron poçt ünvanı (elektron poçt ünvanı olduqda). -2.3-cü bəndinə əsasən, tikinti obyektinin ETŞ-yə qoşulması sifarişçinin müraciət etdiyi tarixdən etibarən 20 (iyirmi) gündən gec olmayaraq təmin edilir. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın tələblərinə uyğun şərtləri yerinə yetirmədiyindən onların yaşadığı evə elektrik sayğacının quraşdırılması mümkün olmamışdır. İddiaçılar iddianın təmin edilməsinə əsas verən sübutları məhkəməyə təqdim etməmişlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə ( “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar