Məhkəmə qərarları › İş №2(042)-217/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-217/2021

09.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-217/2021 09.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı cavabdeh tərəfindən onun həyətyanı torpaq sahəsinə çirkab suları axıdılan kanalizasiyanın ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı cavabdeh tərəfindən onun həyətyanı torpaq sahəsinə çirkab suları axıdılan kanalizasiyanın ləğv edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonunun Şəkərbəy kəndindəki ona məxsus torpaq sahəsi var. Həmin torpaq sahəsinə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Çıxarış verilmişdir. Lakin cavabdeh X4 tərəfindən onun həyətyanı torpaq sahəsinə çirkab suları axıdılır. O, həmin kanalizasiya xəttinin ləğv edilməsini cavabdehdən xahiş etsə də mümkün olmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh X4 məhkəmə iclasında, izahat verərək bildirmişdir ki, çirkab suları iddiaçıya məxsus torpaq sahəsinə axıdılmır. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. İşdə olan Texniki Pasportun surətindən görünür ki, Gədəbəy rayonunun Qasımağalı kəndində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan ƏMDK-nin yanında Dədrx-nin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, X3 məxsus çirkab suları İddiaçı məxsus torpaq sahəsinə axıdılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 38-ci maddəsinin İ-ci hissəsinə əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Beləliklə, iş üzrə mütəxəssis baxışı təyin edilmiş, mütəxəssis tərəfindən verilmiş Rəylə müəyyən edilmişdir ki, X4 çirkab sularını İddiaçı məxsus torpaq sahəsinə axıdır. Ona görə də iddia tələbi təmin edilməli, X3 məxsus İddiaçı həyətyanı torpaq sahəsinə çirkab suları axıdılan kanalizasiya xətti ləğv edilməlidir. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 10 manat dövlət rüsumu X1 alınaraq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Qət etdi: İddia tələbi təmin edilsin. X3 məxsus İddiaçı həyətyanı torpaq sahəsinə çirkab suları axıdılan kanalizasiya xətti ləğv edilsin. Ödənilmiş 10 manat X1 alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar