Məhkəmə qərarları › İş №2(042)-945/2021

Gədəbəy Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(042)-945/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-945/2021 05.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı 4750 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq, ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, hər il mövsümi olaraq xırdabuynuzlu heyvanlar alıb bir müddət saxlayıb kökəltdikdən sonra satır və qazanc əldə edir. 10 noyabr 2020-ci il tarixdə o, yaşadığı evin həyətində 25 baş xırdabuynuzlu heyvanını Cavabdeh satmışdır. Heyvanların diri çəkisini 5 manatdan hesablamaqla ümumi 25 baş heyvanın çəkisi 950 kq etmişdir. Bu hesabla heyvanların ümumi satış qiymətini cavabdehlə 4750 manata razılaşmışlar. Cavabdeh onunla razılaşdıqdan sonra heyvanları nisyə almaq istədiyini, pulunu isə 1 aydan sonra, 01.01.2021-ci ilədək verəcəyini bildirmişdir. Həmin şəxsi tanışı və qonşusu olan X1 gətirdiyi üçün o, inanmış və heyvanları cavabdehə nisyə satmışdır. Lakin cavabdeh hazırki tarixədək onun pulunu qaytarmamışdır. O, bu barədə polisə şikayət etmiş, lakin ona mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddiaçı məhkəmə baxış iclasında ərizə verərək, cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılaraq, qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, İddiaçı 10 noyabr 2020-ci il tarixdə yaşadığı evin həyətində 25 baş xırdabuynuzlu heyvanını onun yanında Cavabdeh satmışdır. Heyvanların diri çəkisini 5 manatdan hesablamaqla ümumi 25 baş heyvanın çəkisi 950 kq etmişdir. Tərəflər heyvanların ümumi satış qiymətini 4750 manata razılaşmışlar. Cavabdeh heyvanların dəyərini bir ay ərzində ödəməyə söz vermiş, lakin vədini yerinə yetirməmiş, pulu ödəməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X2 eyniməzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 598.1 və 598.2-ci maddələrinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırmaları zamanı iddiaçının izahatı və şahid ifadələri ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 10 noyabr 2020-ci il tarixdə yaşadığı evin həyətində 25 baş xırdabuynuzlu heyvanı Cavabdeh 4750 manata satmışdır. İddiaçı heyvanları cavabdehə nisyə satmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri pozaraq, pulu vəd verdiyi vaxtda iddiaçıya qaytarmamışdır. Ona görə də iddia ərizəsi təmin edilməli, Cavabdeh 4750 manat alınaraq, İddiaçı verilməlidir. İddia ərizəsi təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq, iddiaçıya verilməlidir Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4750 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə qiyabi qətnamənin ləğvi üçün şikayət verilə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar