Məhkəmə qərarları › İş №2(042)-958/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-958/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-958/2020 11.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəmədə iddia qaldıraraq Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 3281.07 manat əsas, 488.45 manat faiz, cəmi 3769.52 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 181GTKR173030501 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 29.84 faiz dərəcəsi ilə 9400 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən, cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır.Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında xx.xx.2017-ci il tarixli, Z-181GTKR173030501 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə Cavabdeh1 xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə 3281.07 manat əsas, 488.45 manat faiz, cəmi 3769.52 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin Problemli kreditlərin hüquqi təbiqi departamentinin Məhkəmələrlə iş şöbəsinin rəisi Elsevər Əkbərov məhkəməyə ərizə verərək işə iddiaçının iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən etitaf etdi və izahat verərək bildirdi ki, o, Gədəbəy şəhəri, N.Nərimanov küçəsində yaşayır. O, FHN-nin Gədəbəy filalında 1994-cü il tarixdən 2019-cu ilə kimi işləmişdir. O, İddiaçı” ASC ilə kredit müqaviləsi bağlamışdır. O, kredit müqaviləsinə əsasən ayda banka 400 manat ödəməlidir. 2019-cu il tarixə kimi kredit ödənişində heç bir gecikmə olmamışdır. Kredit ona üç illik verilmişdir. Bir il altı aylıq kredit borcunu tam ödəmişdir. Hazırda işləmədiyinə görə borcun qalan hissəsini ödəyə bilmir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, işdəki sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Maps arayışlarından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Maps arayışlarından görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan xx.xx.2017-ci il tarixli, 181GTKR173030501 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 29.84 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 9400 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli, Z-181GTKR173030501 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixli, 181GTKR173030501 saylı kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2017-ci il tarixli, 181GTKR173030501 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə 3281.07 manat məbləğində əsas borc, 488.45 manat məbləğində faiz borcu olmaqla, cəmi 3769.52 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsi maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından məlum olur ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı kredit borcunun və faizin qaytarılmasını tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh2 xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zamin olduğundan və sonuncu kredit müqaviləsi üzrə öhdəliyi icra etmədiyindən o, iddiaçı qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 3281.07 manat məbləğində əsas borc, 488.45 manat məbləğində faiz borcu olmaqla, cəmi 3769.52 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 3281.07 manat məbləğində əsas borc, 488.45 manat məbləğində faiz borcu olmaqla, cəmi 3769 (üç min yeddi yüz altmış doqquz) manat 52 (əlli iki) qəpik məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar