Məhkəmə qərarları › İş №2(043)-1816/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1816/2021

01.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1816/2021 01.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evə onun istifadə hüququnun tanınmasına və uşaqlarıyla birlikdə həmin evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin oğlu X2 ilə 2009-cu ilin sentyabr ayında qeyri-rəsmi nikaha daxil olmaqla evlənmişdirlər. Birgə nikahdan 01.11.2010-cu il təvəllüdlü X5, 01.10.2012-ci il təvəllüdlü X7 və 20.04.2019-cu il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Cavabdehin oğlu Rusiya Federasiyasında yaşayır və ailəsi ilə maraqlanmır. O, məcbur olaraq uşaqlarını da götürüb atasının evinə qayıdıb və halhazırda valideynləri ilə yaşayır. Uşaqlarıyla birlikdə atasının evində yaşamaqda çətinlik çəkir. Gəlin köçərkən apardığı cehiz əşyaları hazırda cavabdehin evindədir. Odur ki, o, uşaqlarıyla birlikdə həmin evə köçürülməli və yaşamaq hüquqları təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh bildirdi ki, ünvan 2 ünvanda yerləşən yaşayış evi ona məxsusdur. İddiaçı onun oğlu X2 ilə 2009-cu ilin sentyabr ayında rəsmi nikaha daxil olmadan ailə qurmuş və iki uşaqları olmuşdur. İddiaçı oğlu ilə ailəli olarkən onun evində yaşamışdır. Sonradan onlar ayrılmış və iddiaçı öz valideynlərinin evinə qayıtmışdır. İddiaçının həmin evə köçürülməsinə etiraz etmir, lakin notarial qaydada yazılı razılıq vermək istəmir. Buna görə də iddiaçının uşaqları ilə birlikdə həmin evə məhkəmə qətnaməsi əsasında istifadə hüququnun tanınması və köçürülməsinə razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: İş materiallarına əlavə olunmuş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 594/2021 saylı 17.02.2021-ci il tarixli qətnamədən görünür ki, 20.04.2019-cu ildə anadan olmuş X6 yekinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 17.02.2021-ci il tarixdən başlayaraq hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 506/2019 saylı 18.01.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdehdən 01.11.2010-cu il təvəllüdlü X3 və 01.10.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 50 (əlli) manat olmaqla, cəmi 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehin oğlu X2 ilə rəsmi nikaha daxil olmadan ailə qurmuş, bu nikahdan iki uşağı doğulmuşdur. Hazırda onlar ayrılmışdır və iddiaçı öz valideynləri ilə birlikdə yaşayır. Qanunvericilikdə yaşayış sahəsindən istifadə hüququnun yaşayış sahəsinin mülkiyyətçisi ilə notarial qaydada yazılı razılaşma bağlamış şəxsin və yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvü kimi onunla bərabər mənzildə yaşayan şəxsin istifadə hüququ əldə etməsi nəzərdə tutulmuşdur. Hazırkı mübahisənin həlli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin və ya Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.5-ci maddəsinin tətbiqi ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İlk növbədə qeyd edilməlidir ki, nə iddiaçı, nə də cavabdeh məhkəməyə ünvan 3 ünvanda yerləşən evin cavabdehə məxsus olmasını təsdiq edən sənəd təqdim etməmişlər. İddiaçı ilə cavabdeh arasında evdən istifadə ilə bağlı hər hansı yazılı razılaşma mövcud deyildir və iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə hər hansı məlumat yoxdur. Buna görə də iddiaçının həmin evdən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə uyğun olaraq istifadə hüququ yaranmamışdır. Həmçinin, iddiaçı cavabdehin ailə üzvü sırasında deyil, onun cavabdehə münasibətdə heç bir hüquqi bağlılığı yoxdur. İddiaçı istifadə hüququnun tanınmasını tələb etdiyi evə 1 oktyabr 2009-cu il tarixədək köçdüyündən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən mübahisəli hüquq münasibətlərinə Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) həmin yaşayış sahəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçı ilə cavabdeh arasında isə belə bir hüquqi bağ mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver