Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1817/2021 11.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi İdarəsinə qarşı “torpaq sahəsinin qaytarılması və giriş yolunun bərpa edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Samux rayonu Lək kəndi ərazisində ona məxsus olan torpaq sahəsinin 1 hektarının ona qaytarılması və giriş yolunun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qeyd edir ki, həmin torpaq sahəsi ümumilikdə 1,6063 ha olmaqla alğı-satqı müqaviləsinə əsasən almışdır və 17 ildir ki, torpaq sahəsini əkib becərir. Torpaq sahəsinə dair ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsinin 1 ha hissəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən başqa bir şəxsə verilmiş və həmin hissənin başqasına məxsus olduğu ona bildirilmişdir. Həmin torpaq sahəsi şumlanmış və onun torpaq sahəsinə girişi də şumlayıb bağlamışlar. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaya mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 31 və 31.1.4.-cü bəndlərində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanların sırasına aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1, 2.2.3 və 2.2.4-cü maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) və inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmələr tərəfindən baxılır. Göründüyü kimi iddiaçı bilavasitə inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən məhrum olunduğunu bildirmiş və cavabdeh inzibati orqanın onun mülkiyyətinə qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia qaldırmışdır. Hazırkı mübahisə subyekt tərkibi və predmeti baxımından inzibati iddia olduğundan bu iddiaya mülki icraat qaydasında baxılması mümkün deyildir. Qeyd olunanlara əsasən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya hazırkı tələblə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehlərə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi İdarəsinə qarşı “torpaq sahəsinin qaytarılması və giriş yolunun bərpa edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. İddiaçıya hazırkı tələblə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1817/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1817/2021
11.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver