Məhkəmə qərarları › İş №2(043)-1830/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1830/2021

03.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1830/2021 03.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 yanvar 2007-ci il tarixdə anadan olmuş X4 və 21 yanvar 2009-cu il tarixdə anadan olmuş X1 üçün uşaqlar yetkinlik yaşına çatanadək Cavabdeh hər ay bir uşağa 250 (iki yüz əlli) manat cəmi 500 manat sabit pul məbləğində aliment tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahlarından 27 yanvar 2007-ci il təvəllüdlü X6 və 21 yanvar 2009-cu il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdehlə aralarında bağlanmış nikah pozulmamasına və bir evdə yaşamalarına baxmayaraq ailəsi ilə maraqlanmır. Belə ki, cavabdeh fərdi əməklə məşğuldur və qazancı barədə ona heç bir məlumat vermir. O, uşaqlara baxmaqda çətinlik çəkir. Ona görə də o hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun ifadə verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək tələb olunan məbləğdə aliment ödəməyə imkanının olmadığını, heç bir yerdə işləmədiyini və hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment ödəməyə imkanının olduğunu bildirdi. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 922360 nömrəli və AZ-İİ seriyalı, 288780 nömrəli doğum haqqına şəhadətnamələrin əsli ilə üzləşdirilmiş surətlərindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 27 yanvar 2007-ci il tarixdə X6 və 21 yanvar 2009-cu il tarixdə X3 anadan olmuşdur. Doğum haqqında Şəhadətnamədələrdə uşaqların atası Cavabdeh, anaları isə İddiaçı Famil qızı qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları bundan ibarətdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, onların birgə ailə münasibətlərindən 27 yanvar 2007-ci il tarixdə X6 və 21 yanvar 2009-cu il tarixdə X3 adlı iki övladları doğulmuşdur. Hazırda iş üzrə tərəflər arasında nikah pozulmamışdır, uşaqlar hər iki valideynlərinin yanında qalır. Cavabdeh uşaqlarının saxlanılması üçün maddi cəhətdən köməklik göstərmədiyindən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh heç bir yerdə işləməməsini əsas gətirərək hər uşaq üçün 100 manat olmaqla, alimentin təyin edilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşaqların mənafeyini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşaqların sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, rəsmi nikahdan doğulmuş uşaqların uşaqların saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, tərəflərin gəlirləri barədə sübutun məhkəməyə təqdim edilməməsini, tələb edilən aliment məbləğini və cavabdehin aliment məbləği ilə qismən razı olmasını nəzərə alınaraq iddia tələbi qismən təmin olunmalı, 27 yanvar 2007ci il tarixdə anadan olmuş X4 və 21 yanvar 2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı Famil qızına ödənilməli, aliment qismində tutulan illik məbləğ 500 manatdan yuxarı olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni 03.05.2021-ci il tarixdən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə ailə münasibətlərin doğulmuş 27 yanvar 2007-ci il tarixdə anadan olmuş X4 və 21 yanvar 2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ataları Cavabdeh hər ay bir uşaq üçün 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulması 03 may 2021-ci il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar