Məhkəmə qərarları › İş №2(043)-221/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-221/2021

26.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-221/2021 26.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 18.07.1995-ci ildə anadan olmuş qızı X3 və 21.06.2002-ci ildə anadan olmuş qızı X5 fəaliyyət qabiliyyətləri olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa Ərizəçi məhkəməyə ərizə təqdim edərək 18.07.1995-ci ildə anadan olmuş qızı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 53-cü maddəsinə əsasən ərizəyə dəqiqləşmə verildiyi kimi baxmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 1992-ci ildə X9 ilə rəsmi nikah daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 18.07.1995-ci ildə X6 və 21.06.2002-ci ildə X7 anadan olmuşdur. Qızları Nuranə anadangəlmə əlildir. Yetkinlik yaşına çatandan sonra Nuranəyə 1-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Uzun müddətdir ki, qızı Nuranə Gəncə şəhəri Səhiyyə İdarəsi Ruhi Əsəb Dispanserində qeydiyyatdadır. O, dəfələrlə X2 stasionar müalicə almışdır. Halhazırda qızı Nuranə onunla birgə yaşayır. Belə ki, Nuranə özünü sərbəst idarə edə bilmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X8 ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iş üzrə ərizəçinin və qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, əldə olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. AZE 08914021 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 şəhəri Kəpəz rayonu, DOS-102, ev 148, mənzil 24 ünvanında qeydiyyatdadır. XVİİİ-JQ 400254 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 18.07.1995-ci il təvəllüdlü X3 atası X9, anası isə Ərizəçi kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 26.08.2020-ci il tarixli, 173 nömrəli arayışdan görünür ki, X1 Ruhi Əsəb Dispanserində subesillər dərəcəsində ağıl zəifliyi diaqnozu ilə qeydiyyatda durur. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli İƏDÜ nümayəndəliyi tərəfindən 04.09.2020-ci il tarixdə verilmiş 929 nömrəli arayışdan görünür ki, X6 Ərizəçi ilə ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 09.08.2021-ci il tarixli 446 nömrəli rəyindən görünür ki, X6 öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərinin, uşaqların, qardaşbacılarının), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. MPM-in 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edildi ki, X6 psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və hərəkətlərini idarə edə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, X3 psixi qüsuru nəticəsində onun öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən ərizə təmin edilməli X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 18.07.1995-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş 18.07.1995-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsi Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar