Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-236/2021 10.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, Ərizəçi, barəsində fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizə verilmiş şəxs Rövşənov İlham Vəli oğlunun və maraqlı şəxs Gəncə şəhər Kəpəz Rayon İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, psixi qüsurlarına görə İİ qrup əlil olan xx.xx.1962-ci ildə doğulmuş qardaşı Rövşənov İlham Vəli oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1962-ci il təvəllüdlü qardaşı Rövşənov İlham Vəli oğlu psixi qüsurlarına görə uşaqlıqdan müddətsiz olaraq 2-ci qrup əlildir. O, xx.xx.1979-cu il tarixdən Gəncə şəhəri Ruhi-Əsəb Dispanserində “Debillik dərəcəsində oliqofreniya” diaqnozu ilə qeydiyyatdadır. Qardaşı subaydır və o, uşaqlıqdan psixi qüsurlarına görə İİ qrup əlildir. O, bu və ya digər orqanda öz hüquqlarını həyata keçirə bilmir. O da indiyədək qəyyum təyin edilmədiyindən onun adından bu və ya digər orqanda ana aid heç bir hərəkət edə bilmir. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizə verilmiş şəxs Rövşənov İlham Vəli oğlu izahatında göstərdi ki, o, doğum tarixini, xəstəliyinin nə olduğunu və maşın sürməyi bilmir. O, subaydır və qardaşı ilə yaşayır. Maraqlı şəxs Gəncə şəhər Kəpəz Rayon İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X2 bildirdi ki, Rövşənov İlham Vəli oğlunun səhhətində ciddi fiziki və psixi problemlərin olması həqiqətən də, onun fəaliyyət qabiliyyəti olmamasına dəlalət verir və qəyyumluq və himayəçilik orqanı ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə, ərizəni, ərizəyə əlavə edilmiş sənədləri və alınmış ekspert rəyini nəzərdən keçirib və tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, xx xxxxxx 2002-ci il tarixdə doğulmuş Rövşənov İlham Vəli oğlunun və Ərizəçi, ataları Rövşənov Vəli Mustafa oğlu, anaları Rövşənova Zərnişan Məhəmməd qızıdır. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Psixonevroloji Dispanserinin xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Rövşənov İlham Vəli oğlu xx.xx.1979-cu ildən hal-hazıradək “Debillik dərəcəsində oliqofreniya” diaqnozu ilə qeydiyyatdadır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Gəncə şəhər Psixo-Nevroloji Dispanserinin xx.xx.2020-ci il tarixli, 644 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Rövşənov İlham Vəli oğlu davranış pozuntuları ilə müşayiət olunan yüngül dərəcəli əqli gerilik XBT- 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı – 10-cu baxış) F70.1 xroniki xəstəliyi keçirdiyindən o, hal-hazırda öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq Rövşənov İlham Vəli oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi xx xxxxxx 1962-cü il təvəllüdlü Rövşənov İlham Vəli oğlunun qardaşı olmaqla ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəməpsixiatriya ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, Rövşənov İlham Vəli oğlu xroniki psixi xəstəlik keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək iqtidarında deyildir. Buna görə də Rövşənov İlham Vəli oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1962-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuş Rövşənov İlham Vəli oğlu (FİN 50SA6KB) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-236/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-236/2021
10.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver