Məhkəmə qərarları › İş №2(043)-2850/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-2850/2021

28.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2850/2021 28.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “əşyaların mənzildən çıxarılması, mənzilin mülkiyyətçiyə təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1, 11 nömrəli mənzildən cavabdehlərə məxsus əşyaların çıxarılaraq ona təhvil verilməsi, mənzilin qanunsuz sahiblikdən azad edilməsi və hazırda ödəmədiyi 5870 manat kirayə pulunun Cavabdeh1 tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1, 11 saylı mənzil onun mülkiyyətindədir. O, sözügedən mənzili kirayə müqaviləsi əsasında müvəqqəti olaraq (23.12.2020-ci il tarixədək) Cavabdeh1 istifadəsinə vermişdir. Kirayə müqaviləsi tərəflər arasında 23.12.2019-cü il tarixdə 1 il müddətinə bağlanmışdır. Müqaviləyə əsasən kirayə müqaviləsinin müddətinin başa çatmasına 1 ay qalmış tərəflər onun uzadılması barədə razılığa gəlmədikdə müqaviləyə müddət başa çatdıqda xitam verilir. O, 22.12.2020-ci il tarixli xəbərdarlıq məktubu ilə Cavabdeh1 müqavilənin müddətinin uzadılmaması və xitam verilməsi arzusunda olduğunu bildirmiş və müddət başa çatdıqda mənzilin tam boşaldılmasını (ailə üzvləri ilə birlikdə) və onlara məxsus olan bütün əşyaların çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə (göndərdiyi sms vasitəsilə) evi təhvil verməyəcəyini qəti şəkildə bildirmişdir. 2019-cü il tarixdən Cavabdeh1 kirayə pulunu qeyrimüntəzəm ödəmiş və hazırda mənə kirayə pulu üzrə borcu 5870 (beş min səkkiz yüz yetmiş) manat təşkil edir. Cavabdeh həmin mənzili qanunsuz olaraq zəbt etməklə (mənzilin açarı dəyişilmişdir) yaşayır və ona məxsus əşyalar da həmin mənzildə qaldığından mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, cavabdeh ona 2019-cu ildən 2021-ci ilə qədər ayrı-ayrı vaxtlarda 780 manat məbləğində kirayə haqqı ödəmiş, hazırda 5870 manat məbləğində kirayə borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddianın tam təmin edilməsini xahiş etmişdir. İddiaçı əlavə olaraq mülki iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq cavabdehlərin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinin tələblərinə əsasən iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh1 arasında 23 dekabr 2019-cu il tarixdə bağlanmış kirayə müqaviləsindən görünür ki, ünvan 1, 11 saylı mənzili İddiaçı qızı Cavabdeh1 kirayə vermiş, kirayə haqqı hər ay üçün 350 manat müəyyən olunmuşdur. Kirayə müqaviləsi bir il müddətinə, yəni 23 dekabr 2020-ci il tarixədək bağlanmışdır. Kirayə müddətinin bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzsə kirayə müddəti bir il müddətinə uzadılmış hesab edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.03.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1, 11 saylı mənzil mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış 22.12.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, o, aralarında olan müqaviləsi ləğv etmək və müddətin uzadılmaması barədə Cavabdeh1 xəbərdar etmiş, 31.01.2021-ci il tarixə kimi mənzilin boşaldılmasını və açarlarının təhvil verilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında təqdiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1, 11 saylı mənzil 30.03.2016-cı ildə xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. Tərəflər arasında 23.12.2019-cu il tarixdə bağlanılmış kirayə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini 23.12.2020-ci il tarixədək aylıq 350 (üç yüz əlli) manat kirayə haqqı ödəməklə cavabdehə kirayə vermişdir. Cavabdeh ayrı-ayrı vaxtlarda cəmi 780 manat məbləğində kirayə haqqı ödəmiş, mübahisəli yaşayış evi iddiaçının mülkiyyətində olsa da, cavabdeh kirayəçi kimi evi boşaldıb iddiaçıya təhvil verməkdən imtina etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh xeyli müddət ərzində kirayə haqqı ödəmir və heç bir əsas olmadan onun mülkiyyətində olan yaşayış evini ona təhvil verməkdən imtina edir. Bu səbəbdən iddiaçı kirayə müqaviləsi üzrə yaranmış kirayə haqqının verilməsi və mülkiyyətində olan yaşayış evinin boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayə müqaviləsinə görə kirayə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Həmin Məcəllənin 689.1-ci maddəsinə əsasən, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Həmin Məcəllənin 692.2.1-ci maddəsinə əsasən kirayəçi müqavilə öhdəliklərinin pozulmasına təqsirli olduqda kirayə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu əsaslı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında bağlanmış kirayə müqaviləsinin 3-cü bəndində kirayə müqaviləsinin bitmə müddəti 23.12.2020-ci il tarixə kimi müəyyən edilmiş və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasında dair heç bir təklif irəli sürülməzsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. İş materiallarına əlavə olunmuş 22.12.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı kirayə hüquq münasibətlərinə xitam verilməsi arzusunda olduğunu 22.12.2020-ci il tarixdə bildirmiş və 31.01.2021-ci il tarixə kimi mənzilin boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir. Bildiriş kirayə müddətinin bitdiyi gün verildiyindən tərəflər arasındakı kirayə hüquq münasibətləri daha bir il müddətinə uzanmışdır. Hazırda isə iddiaçı Cavabdeh1 kirayə müqaviləsi üzrə öz öhdəliklərini pozmasına istinad edərək kirayə hüquq münasibətlərini davam etdirmək istəmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 bağlanılmış kirayə müqaviləsi üzrə iddiaçıya hər ay 350 manat kirayə pulu ödəmək öhdəliyi daşıyır. Öhdəliyin icra edilməsini sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşsə də Cavabdeh1 kirayə haqqını tam və vaxtında ödəməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh kirayə müqaviləsi üzrə vəzifəsini yerinə yetirməmiş, aylıq 350 manat kirayə haqqını ödəyəcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq indiyədək iddiaçıya cəmi 780 manat məbləğində kirayə haqqı ödəmişdir. Tərəflər arasında öhdəlik hüquq münasibətləri müqavilənin bitməsi tarixindən (23.12.2021-ci il) sonra da davam etdiyindən məhkəmə iddia tələbinin 17.07.2021-ci il (yəni iddia ərizəsinin verildiyi tarixədək) tarixədək olan müddət üçün kirayə haqqının ona ödənilməsini tələbini əsaslı hesab edir. Beləliklə, məhkəmə kirayə haqqının ödənilmə məbləği ilə bağlı yekun olaraq qeyd edir ki, 23.12.2019-cu il tarixli kirayə müqaviləsi üzrə Cavabdeh1 hər ay üçün 350 manat olmaqla iddia ərizəsinin verildiyi 17.07.2021-ci il tarixədək 6650 manat məbləğində kirayə haqqı ödəməli olduğu halda cəmi 780 manat məbləğində pul ödədiyindən indiyədək, yəni 19 ay üçün ümumilikdə 5870 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 kirayə müqaviləsi üzrə öhdəliklərini pozduğundan iddiaçının kirayə hüquq münasibətlərinə həm kirayə müqaviləsinin şərtlərinə görə, həm də qanuna görə birtərəfli qaydada xitam vermək hüququ vardır. Cavabdehlərin kirayə haqqı ödəmədən iddiaçıya məxsus mənzildə öz əşyalarını saxlaması və mənzili təhvil verməkdən imtina etməsi iddiaçının mülkiyyətçi kimi mübahisəli yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını pozduğundan, iddiaçı cavabdehlərə məxsus əşyaların mənzildən çıxarılmasını, cavabdehlərin mənzilə qanunsuz sahibliyinə son qoyulmasını və mənzilin ona təhvil verilməsini tələb etməkdə də haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cumlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci madədsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından məhkəmə hesab edir ki, kirayə müqaviləsi üzrə yaranmış 5870 manat məbləğində pul cavabeh Cavabdeh1 alınaraq iddiaçıya ödənilməli, cavabdehlərə məxsus əşyalar mübahisəli mənzildən çıxarılmalı, mənzil cavabdehlərin qanunsuz sahibliyindən azad edilərək İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 23 dekabr 2019-cu il tarixli kirayə müqaviləsi üzrə kirayə haqqına görə 5870 (beş min səkkiz yüz yetmiş) manat pul alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və X2 məxsus əşyalar ünvan 1 ünvanda yerləşən 11 saylı mənzildən çıxarılsın və həmin mənzil cavabdehlərin qanunsuz sahibliyindən azad edilərək İddiaçı təhvil verilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizənin verilməsi və ona baxılması müddəti bitdikdən sonra qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar