Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3533/2021 29.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı "xxxx" KB ASC-in Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" KB ASC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-in xeyrinə 273,47 manat əsas, 4,59 manat faiz olmaqla, cəmi 278,06 (iki yüz yetmiş səkkiz manat 06 qəpik) manat kredit borcunun və 20 manat rüsumun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə mərhum X1 qızı arasında bağlanmış 04.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 25,9 % ödəmək şərtilə 500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Gəncə regional "Asan xidmət" mərkəzində Notariat Ofisinin 20.06.2019-cu il tarixli məktubu ilə X1 qızının vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həl edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda vermədiyi üçün məhkəməyə müraciət etmişlər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Mülki işə əlavə edilmiş:-04.09.2015-ci il tarixli, 6802nkGNDJ/15 nömrəli müqavilədən görünür ki, iddiaçı tərəfindən mərhum X1 qızına 18 ay müddətinə, illik 25,9 % ödəmək şərtilə 500 manat məbləğində kredit vermişdir. 04.09.2015-ci il tarixli, 6802nkGNDJ/15 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, mərhum X1 qızı krediti hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. 10.08.2021-ci il tarixli BANK/PİKMD/975214 nömrəli maliyyə arayışından görünür ki, X1 qızının "xxxx" KB ASC-yə 10.08.2021-ci il tarixə 273,47 manat əsas, 4,59 manat faiz olmaqla, cəmi 278,06 (iki yüz yetmiş səkkiz manat 06 qəpik) manat borcu vardır. AZ-İ 824559 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 qızı 30.06.2016-cı il tarixdə vəfat etmişdir. Gəncə regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 20.06.2019-cu il tarixli, 1587 saylı məktubunun surətindən görünür ki, 20.11.1949-cu ildə Şəmkir rayonunda doğulmuş, 30.06.2016-cı il tarixdə vəfat etmiş X1 qızının adına Gəncə regional “Asan Xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Miras əmlaka dair vərəslərdən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh vərəsəliyi qəbul etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. 21.11.2019-cu il tarixli və 24.05.2021-ci il tarixli bildirişlərin surətindən görünür ki, borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MM-in 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, mərhum X1 qızının Unibank KB ASC-yə 04.09.2015-cü il tarixli 6802nkGNDJ/15 nömrəli müqavilə üzrə olan 278,06 manat kredit borcu onun mirasını qəbul etmiş vərəsəsindən tutulmalıdır. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. Buna görə də iddia tələbi təmin edilməli, X1 qızının vərəsəsi Cavabdeh 04.09.2015-ci il tarixli, 6802nkGNDJ/15 nömrəli kredit müqaviləsi üzrə 273,47 manat əsas, 4,59 manat faiz olmaqla, cəmi 278,06 (iki yüz yetmiş səkkiz manat 06 qəpik) manat kredit borcu tutularaq "xxxx" KB ASC-yə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 216-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 04.09.2015-ci il tarixli, 6802nkGNDJ/15 nömrəli kredit müqaviləsi üzrə 273,47 manat əsas, 4,59 manat faiz olmaqla, cəmi 278,06 (iki yüz yetmiş səkkiz manat 06 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-in hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3533/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3533/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver