Məhkəmə qərarları › İş №2(043)-4032/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-4032/2021

07.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-4032/2021 07.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi,Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı medisasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək onunla maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış birgə nikahlarından 18.01.2016-cı il tarixdə doğulmuş X1 üçün hər ay uşaq yetkinlik yaşına çatana qədər 150 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə 27.08.2021ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxs ilə 18.11.2014-cü il tarixdə Gəncə “Asan Xidmət Mərkəzi” qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və birgə nikahlarından 18.01.2016-cı il tarixdə Furkan adlı uşaqları doğulmuşdur. Cavabdehlə ailə münasibətləri pozulmuş və bu əsasa görə mübahisənin məhkəməyə qədər həlli üçün mediatora müraciət etmişdir. Aralarında 27.08.2021-ci il tarixdə barışıq sazişi bağlanılmış və X1 üçün hər ay uşaq yetkinlik yaşına çatana qədər 150 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, aralarında olan nikah qeydi pozulmuşdur. Hazırda barışıq sazişinin icra edilməsi ilə əlaqədar problemlərlə qarşılaşır. Belə ki, cavabdeh aliment verməkdən imtina edir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs izahatında göstərdi ki, alimenti maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış 27.08.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflərin birgə nikahlarından 18.01.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çata kimi saxlanılması üçün Maraqlı şəxs hər ay 150 manat məbləğdə aliment ödəməyi öhdəsinə götürmüşdür. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli, 2(043)-3400 saylı qətnaməsindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 18.11.2014-cü il tarixdə Gəncə “Asan Xidmət Mərkəzi” qeydiyyat şöbəsində 2945 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və tərəflərin birgə nikahlarından 18.01.2016-cı il tarixdə doğulmuş X2 iddiaçı Ərizəçi yanında saxlanılması qət edilmişdir. Məhkəmə ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.(“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə 27.08.2021-ci il tarixli barışıq sazişi bağlanılmışdır. Çarışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsaslar yoxdur. Belə ki, barışıq sazişi qanuna zidd deyildir, habelə barışıq sazişi üçüncü şəxslərin hüquqlarına toxunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. MPM-in 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırki barışıq sazişinin təsdiq olunması barədə qətnamə alimentin tutulması ilə bağlı olduğundan qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış, Maraqlı şəxs onların birgə nikahlarından 18.01.2016-cı il tarixdə doğulmuş X1 üçün hər ay uşağın yetkinlik yaşına çatana kimi 150 manat sabit pul məbləğində aliment ödəməsi barədə 27.08.2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar