Məhkəmə qərarları › İş №2(043)-587/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-587/2021

17.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-587/2021 17.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdehlə nikahlarını rəsmi olaraq Kəpəz rayon qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə 598 nömrə ilə qeyd etdirmişdilər. Onların nikahından iki uşaqları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 doğulmuşdur. Cavabdeh xeyli vaxtdır ki, onlarla birlikdə yaşamır. Cavabdeh heç vaxt uşaqlarına maddi cəhətdən köməklik etməmişdir. Hazırda özü heç bir yerdə işləmir. Uşaqların saxlanılmasında maddi cəhətdən çox çətinlik çəkir. Ona görə də uşaqların saxlanılması üçün aliment tələb edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsli məhkəmə iclasında tədqiq edilmiş və surəti iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. Əsli məhkəmə iclasında tədqiq edilmiş və surəti iş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 26.08.201-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Məmmədova soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçı məhkəməyə cavabdehin gəlirləri barədə sübutlar təqdim etmədiyindən, məhkəmə alimentin tutulması üçün mümkün meyar kimi ölkə üzrə yaşayış minimumunu əsas götürür. Məhkəmə, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat miqdarında aliment tutulub, İddiaçı ödənilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə xərci ödənilməli olan dövlət rüsumundan ibarətdir. İddianın qiyməti ödəmələrin bir illik məcmusu ilə müəyyən edildiyindən və bu məbləğ 500 manatdan artıq olduğundan iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 20 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləği ilə 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının başlanğıcı xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar