Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-646/2021 22.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı Ərizəçi cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon bölməsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə məhkəmə iclasında kənar baxaraq, müəyyən etdim: Ərizəçi cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon bölməsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1992-ci ildə Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində xidmət keçərək döyüşlərdə iştirak etməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəni və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. İddia ərizəsinin məzmunundan görünür ki, Ərizəçi bu tələbi irəli sürməkdə hüquqi marağı veteran adını almaqdır. İddiaçının tələbi məhz inzibati orqana qarşı, inzibati orqanın xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə əlaqədardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli,136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri inzibati orqan sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, verilmiş iddia ərizəsi inzibati orqana qarşı olduğundan mülki icraat qaydasında icraata götürülməsindən imtina edilməli, iddiaçıya izah edilməlidir ki, qeyd edilən tələblə inzibati orqana müraciət etməli, əgər həmin orqan xahişini təmin etməkdən imtina edərsə, inzibati icraat qaydasında baxılması üçün iddia tələbi ilə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3.-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Ərizəçi cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon bölməsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin icraata götürülməsindən imtina edilsin. İddiaçıya izah olunur ki, qeyd edilən tələblə inzibati orqana müraciət etməli, əgər həmin orqan xahişini təmin etməkdən imtina edərsə, inzibati icraat qaydasında baxılması üçün iddia tələbi ilə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-646/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-646/2021
22.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver