Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-684/2021 22.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, İddiaçı cavabdeh X2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatının ləğvi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan, ünvan 1 mənzil 51 ünvanda yerləşən mənzildən X1 istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatının ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaya mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehi tanımır, ailəsi ilə heç bir əlaqəsi və bağlılığı yoxdur. Cavabdehin ona məxsus evdən pasport qeydiyyatından çıxarılması üçün Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etsə də bundan imtina edilmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslandığı hallardan da göründüyü kimi iddiaçı cavabdehin ona məxsus evdən istifadə hüququnun olmamasına istinad edərək onun istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatının ləğvini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi iddiaçının iddiası cavabdehin ona məxsus mənzildən istifadə hüququnun olmaması ilə əsaslandırıldığından iddiaçı onun ərizəsi əsasında mülkiyyətində olan evə pasport qeydiyyatına alınmış şəxsin pasport qeydiyyatından çıxarılması barədə ərizəsinin təmin edilməsindən inzibati orqan tərəfindən imtina edildiyi halda inzibati məhkəməyə müraciət etməli idi. Hazırkı əsaslarla bu iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya cavabdehin ona məxsus evdən pasport qeydiyyatından çıxarılması tələbi ilə Gəncə şəhər Baş Polis İdarəsinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehlərə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh X2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatının ləğvi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-684/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-684/2021
22.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver