Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-984/2022 03.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kirayə haqqının ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 Vəli oğlu və Cavabdeh2 qarşı “kirayə haqqının ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus ünvan 1, 21 nömrəli mənzildən çıxarılmaları və mənzildə yaşadıqları müddətdə ödəmədikləri 840 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1, 21 nömrəli mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 01.10.2009-cu il tarixli çıxarış əsasında 1 otaqlı mənzil onun xüsusi mülkiyyətindədir. O, ailə üzvləri ilə birlikdə Şəmkir rayonunda yaşadığından sözügedən evi 2021-ci ilin iyun ayından Cavabdeh1 hər ay 120 manat müqabilində kirayəyə vermiş, sonradan razılıq olmadan Cavabdeh1 “Sərçə” bazarında alver etdiyi Cavabdeh2 adlı qadını da mənzilinə köçürmüşdür. Cavadehlər mənzilin yalnız iki aylıq kirayə haqqını ödəmiş, qalan aylar üçün kirayə haqqını ödəməkdən imtina etmişlər. Onun cavabdehlərlə heç bir qohumluq əlaqələri yoxdur. Onun eşitməsinə görə cavabdeh Nağı mənzilində narkotik vasitələrin istifadəsi və satışı ilə məşğuldur. Cavabdehin qanunsuz hərəkətlərindən DİN-in 102 xidmətinə müraciət etmiş, bu barədə Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsində araşdırılma aparılmış, heç bir sübut olmadığından 15.12.2021-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. Həmin qərarla tanış olanda Cavabdeh2 şəhid ailəsi olduğunu və mənzildə tək yaşadığını bildirmişdir. O, hesab edir ki, Cavabdeh1 narkotik satışı ilə məşğul olduğundan şəhid anasından istifadə edir. Cavabdehlər onun mənzilə olan hüquqlarını kobud şəkildə pozur. Çünki, o, sözügedən mənzilini Cavabdeh1 kirayəyə vermiş, kirayəyə verən zaman sonuncu həmin mənzildə arvadı ilə yaşayacağını bildirmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə uyğun izahat verib iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, iddiaçını tanımır. 2021-ci ilin iyun ayında tanışı Cavabdeh2 mənzil lazım olduğu üçün yaxın adamlara müraciət edib kirayə mənzil soraqlaşmışdır. Tanışlar vasitəsilə makler Elzarla əlaqə saxlamış, onun vasitəsilə iddiaçının əri İlhamla danışıb iddiaçıya məxsus mənzili 120 manat kirayə haqqı müqabilində kirayəyə götürmək barədə razılığa gəlmişlər. O, İlhama bildirmişdir ki, mənzildə kirayədə yaşayacaq olan Cavabdeh2dır. O, həmin mənzildə yaşamır. Sadəcə olaraq Cavabdeh2 tanışı olduğu üçün ona kirayə mənzil tapmışdır. O, birinci ayın kirayə haqqını əvvəlcədən ödəmiş, ikinci ayın pulunu da sonra iddiaçının əri İlhama vermişdir. Üçüncü ayın kirayə haqqını ödəmək istəyərkən İlham ona zəng edərək evdən çıxmasını tələb etmiş, lakin ona qabaqcadan heç bir xəbərdarlıq edilməmişdir. Cavabdeh Xırda şəhid anasıdır, kirayə haqqını ödəməyə, eləcə də mənzildən çıxıb başqa yerdə yaşamağa imkanı yoxdur. Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, 2021-ci ilin iyun ayında kirayə mənzil axtararkən iddiaçının əri X8 Qurbanovun vasitəsilə tanış olmuş, üç illik kirayə müqaviləsi bağlamaq istədiyini bildirmişdir. İlham isə yazılı müqaviləyə ehtiyac olmadığını bildirmişdir. O, ilk iki ayın ödənişini etdikdən sonra iddiaçı və əri İlham onu mənzildən çıxarmağa cəhd etmiş, o isə etiraz edərək üç il müddətinə razılaşdıqlarını əsas gətirərək mənzildən çıxmaqdan imtina etmişdir. Bundan sonra iddiaçı bir neçə qadınla birlikdə onun yaşadığı yerə gələrək onu təhqir etmişdir. Bundan əsəbiləşdiyi üçün kirayə haqqını ödəməmişdir və bundan sonra da ödəməyəcəkdir. Dövlət tərəfindən ona şəhid ailəsi kimi nə vaxt mənzil verilərsə, o zaman mənzildən çıxacaqdır. Hazırda yaşamağa başqa yeri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, ünvan 1, 21 nömrəli mənzil mülkiyyət hüququ üzrə arvadı İddiaçı məxsusdur. Sözügedən mənzili aylıq 200 manata kirayəyə vermək üçün 2021-ci ilin may ayında makler kimi fəaliyyət göstərən Elzar Məmmədova müraciət etmişdir. Bundan 15-20 gün sonra Elzar ona zəng edərək Nağı adlı şəxsin mənzili kirayə götürmək istədiyini, şəhid ailəsi olduğunu bildirərək aşağı qiymətlə kirayə verməyin mümkün olub-olmadığını soruşmuşdur. O, Cavabdeh1la telefonla danışdıqdan sonra mənzili 12 manata kirayə verməyə razılaşmışdır. vasitəsilə kirayəyə vermişlər. Nağı ona ilk ayın kirayə pulunu ödəmiş, ikinci ayın kirayə haqqını da Nağı ödəmişdir. Bundan sonra cavabdehlərin mənzilə quraşdırılmış qaz sayğacını öz adlarına dəyişdirdiklərini və bir sıra başqa xoşagəlməz halları qonşulardan eşitmiş və cavabdehlərdən mənzildən çıxmalarını tələb etmişdir. Cavabdehlər mənzili boşaltmaqdan imtina etmişlər və bundan sonra ötən aylar ərzində heç vaxt kirayə haqqı ödəməmişlər. Nağı ona evdən çıxmayacaqlarını, bundan sonra hələ 3 il də həmin mənzildə yaşayacaqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, o, makler kimi fəaliyyət göstərir. 2021-ci ilin may-iyun aylarında X4 ona müraciət edərək öz mənzillərini kirayə vermək istədiklərini bildirmişdir. Bundan 15-20 gün sonra tanıdığı bir nəfər hərbçi ona zəng edərək öz tanışı olan bir şəhid ailəsi üzvünün münasib qiymətə kirayə ev axtardığını bildirmiş və onunla görüşmək istəmişdir. Daha sonra həmin tanışı ilə birlikdə Cavabdeh1 gəlmiş və mənzil axtardığını bildirmişdir. O da iddiaçıya məxsus mənzili Nağıya təklif etmiş, daha sonra İlhamla telefonda danışaraq mənzili kirayə götürmək istəyənlərin şəhid ailəsi olduğunu bildirib qiymətdə güzəşt etmələrini istəmişdir. İlham əvvəlcə 150 manata, sonra isə 120 manata razılaşmışdır. Bundan sonra Nağı ondan mənzilin açarlarını verməsini xahiş edib yoldaşı ilə birlikdə gedib mənzilə baxacaqlarını demişdir. Bundan sonra Nağı Cavabdeh2 ilə birlikdə mənzilə baxıb bəyənmiş və oraya yerləşmişlər. Sonradan isə İlham ona zəng edərək Nağı ilə aralarında mübahisə yarandığını demiş və onları mənzildən çıxarmalarını istəmişdir. O isə bu mübahisəyə qarışmamışdır. Mənzilin kirayəyə götürülməsi ilə bağlı onunla və ev sahibi ilə bütün danışıqları Cavabdeh1 aparmışdır. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01.10.2009-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1, 21 nömrəli mənzil mülkiyyət hüququ üzrə İddiaçı qızının mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 675-ci maddəsinə əsasən əmlak kirayə müqaviləsinə görə kirayə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 21 saylı mənzil 01.10.2009-cu ildə xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh1 arasında şifahi qaydada kirayə müqaviləsi bağlanmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, əmlak kirayəsi müqaviləsinin forması ilə bağlı Mülki Məcəllədə hər hansı məcburi şərt yoxdur. Ona görə də həmin müqavilənin şifahi qaydada bağlanması mümkündür (Mülki Məcəllə m 406.1). Müqavilə barədə razılaşmanın iddiaçının əri ilə Cavabdeh1 arasında baş tutması da həmin müqavilənin etibarlılığına təsir etmir (Mülki Məcəllə m 358.1). İşin hallarından göründüyü kimi iddiaçının əri İ.Əliyev iddiaçının razılığı ilə və onun iradəsinə uyğun hərəkət etmişdir. Tərəflər arasında bağlanmış kirayə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan mənzili 2021-ci ilin iyun ayından başlayaraq aylıq 120 manat kirayə haqqı ödəmək şərtilə Cavabdeh1 kirayəyə vermişdir. Cavabdeh1 həmin mənzilə Cavabdeh2 da köçürmüşdür. Cavabdeh1 ilk iki ay üçün cəmi 240 manat məbləğində kirayə haqqı ödəmiş, bundan sonra isə kirayə haqqını ödəməmişdir. Hazırda da mənzil cavabdehlərin sahibliyindədir. Cavabdehlər kirayə haqqını verməmələrinin və mənzili boşaltmamalarının səbəbini mənzilin onlara 3 il müddətinə kirayəyə verildiyi, iddiaçının isə əsassız olaraq onları mənzildən iki ay sonra çıxarmaq istəməsi ilə əlaqələndirmişlər. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehləri xəbərdarlıq müddətini gözləmədən çıxarmaq istəməsi cavabdehlərin mənzildən çıxmaqdan imtina etmələri üçün əsas olsa da cavabdehlərin kirayə haqqını ödəməkdən imtina etmələri üçün əsas ola bilməz. Belə ki, kirayəçi kirayə müqaviləsini ləğv etmək istəmirsə kirayə haqqını hər bir halda ödəməyə borcludur. Buna baxmayaraq cavabdehlər 2021-ci ilin avqust ayından etibarən kirayə haqqını ödəmədiklərindən Mülki Məcəllənin 685.2.1-ci maddəsinə əsasən iddiaçının kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv etməyə hüququ yaranmışdır. Buna görə də iddiaçının cavabdehlərin mənzildən çıxarılmaları barədə tələbi əsaslıdır. İddia tələbinin ödənilməmiş kirayə haqqının cavabdehlərdən müştərək qaydada tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, kirayə haqqının ödənilməsi öhdəliyi kirayə müqaviləsindən irəli gəlir. Hazırkı kirayə müqaviləsini bağlamış tərəf isə Cavabdeh1dur. Buna görə də ödənilməmiş kirayə haqqının Cavabdeh2 tələb edilməsi üçün əsas yoxdur. Kirayə müqaviləsinin tərəfləri arasında hər ay üçün 120 manat kirayə haqqının şərtləşdirilməsi və kirayə haqqının 2021-ci ilin avqust ayından etibarən (11 ay) ödənilməməsi nəzərə alındıqda iddiaçının 840 manat kirayə haqqı tələbi əsaslıdır və həmin məbləğ Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən 21 saylı mənzildən çıxarılsın. Cavabdeh1 ödənilməmiş kirayə haqqına görə 840 (səkkiz yüz qırx) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-984/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-984/2022
03.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver