Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-992/2021 30.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxxx” ASC-nin “Gəncə” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00006-06/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixə ödənilməmiş 6408,2 manat əsas borc, 38,6 manat faiz borcu, 109,87 manat dəbbə borcu olmaqla, ümumilikdə 6556,67 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank “xxxx” ASC-nin “Gəncə” filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli RPF-00006-06/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank “xxxx” ASC 6502,93 manat məbləğində krediti illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermiş, Cavabdeh1 isə həmin kreditdən iddiaçı ilə bağlanmış DK-00059-06/17A saylı xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti xx xxx 2024-cü il tarixədək faizi ilə birlikdə Bank “xxxx” ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank “xxxx” ASC-nin “Gəncə” filialı ilə Cavabdeh1 arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00006-06/19A saylı xx xxx 2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh2 xx.xx.2019-cu il tarixdə iddiaçı ilə RPFZ- 00006-06/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək izahatında bildirdi ki, banka olan borcu üzrə ödəmələri maddi vəziyyəti pisləşdiyi üçün yerinə yetirə bilməmişdir. O, borcunu ödəməkdən qərəzli şəkildə boyun qaçırmamışdır. Odur ki, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə, cavabdehlərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, «xxxx» ASC (borverən) ilə Cavabdeh1 (borcalan) arasında xx.xx.2019-cu il tarixli RPF-00006-06/19A saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borcverən 6502,93 manat məbləğində krediti illik bir faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə borcalanın mülkiyyətinə verir. Borcalan isə həmin kreditdən borcalanla bank arasında bağlanmış DK-0005906/17A saylı, xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və onu xx xxx 2024-cü il tarixədək faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 2.8.1-ci bəndində nəzərdə tutulmuşdur ki, borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı iki dəfə beş təqvim günündən çox pozduqda borcverən bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğinin qaytarılmasını borcalandan tələb edə bilər. Həmçinin müqavilənin 4.4-cü bəndində nəzərdə tutulmuşdur ki, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin illik 0,2 % məbləğində gündəlik cərimə hesablanır. Cərimə məbləğinin yuxarı həddi 5 il müddətinə 0,1 faizdən çox olmamalıdır. İş materiallarından həmçinin görünür ki, «xxxx» ASC (Bank) ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2019-cu il tarixli RPF-00006-06/19A nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin «xxxx» ASC (Bank) ilə Cavabdeh1 (borcalan) arasında xx.xx.2019-cu il tarixli RPF-00006-06/19A saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixə “xxxx” ASC-yə xx.xx.2019-cu il tarixli RPF-00006-06/19A saylı kredit müqaviləsinə əsasən 6408,2 manat əsas; 38,6 manat faiz; 109,87 manat cərimə olmaqla, cəmi 6556,67 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdehlərdən Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə iddiaçı cavabdehə restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 5 il müddətinə illik bir faiz dərəcəsi ilə 6502,93 manat kredit vermişdir. Lakin, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə yaranmış əsas borcun, faiz borcunun və cərimə məbləğinin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin, həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, o, Cavabdeh1 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, xx.xx.2019-cu il tarixli RPF-00006-06/19A saylı kredit müqaviləsi üzrə yaranmış 6408,2 manat əsas borc, 38,6 manat faiz, 109,87 manat cərimə borcu olmaqla, cəmi 6556,67 manat məbləğində borc cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi barədə cavabdehlərə pretenziya məktubu (xəbərdarlıq) göndərdiyindən, buna baxmayaraq cavabdehlər borcun ödənilməsini təmin etmədiyindən, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun və bank xidmət haqqının cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu və bank xidmət haqqı ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı, cavabdehlərdən iddiaçının dövlət rüsumunu və bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00006- 06/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli RPF-00006-06/19A saylı kredit müqaviləsi üzrə yaranmış 6408,2 manat əsas borc, 38,6 manat faiz, 109,87 manat cərimə borcu olmaqla, cəmi 6556,67 manat (altı min beş yüz əlli altı manat altmış yeddi qəpik) pul və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi kimi 30,40 manat (otuz manat qırx qəpik) pul müştərək qaydada alınaraq «xxxx» ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-992/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-992/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver