Məhkəmə qərarları › İş №2(044)-1740/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1740/2021

24.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1740/2021 24.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Əlizadə Kamran Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh18.05.2011-ci il tarixdə anadan olmuş X1 üçün hər ay sabit pul məbləğində 250 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Cavabdeh ilə birgə nikahlarından 18.05.2011-ci il tarixdə anadan olmuş X3 adlı bir uşaqları var. Onların nikahları pozulmuş, uşaq onun himayəsində qalmışdır. Cavabdeh həmin məbləğdən əlavə könüllü olaraq uşağına maddi və mənəvi yardım göstərməmiş, o, uşağın saxlanmasında maddi çətinlik çəkir. Cavabdeh pəncərə-qapı ustası olmaqla, fərdi əməklə məşğuldur və maddi vəziyyəti yaxşıdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 27.08.2018-ci il tarixli 2(044)-3895/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, 18.05.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, hər ay 130 manat miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. 10.06.2011-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 18 may 2011-ci il tarixdə X3 anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə məhkəmə hesab edir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 27.08.2018-ci il tarixli 2(044)-3895/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 18.05.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 1920 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 27.08.2018-ci il tarixli 2(044)-3895/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 18.05.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə 24.05.2021-ci il tarixli 2(044)-1740/2021 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar