Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1803/2021 15.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh1, cavabdeh Bank Respublika ASC-nin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Respublika Bank ASC-yə qarşı birgə nikah dövründə əldə edildiyindən əmlak üzərində paylı mülkiyyət hüququnun tanınması, ipoteka müqaviləsinin cavabdehə münasibətdə dövlət qeydiyyatının və ipoteka müqavilələrinin cavabdehə münasibət hissədə etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən mənzil üzərində onun birgə paylı mülkiyyət hüququnun tanınmasına və cavabdehlər Cavabdeh1 və Bank Respublika ASCnin Gəncə filialı arasında bağlanmış 02 may 2007-ci il tarixli ipoteka müqaviləsinin Cavabdeh1 münasibətdə etibarsız hesab edilməsinə və ona münasibət hissədə dövlət qeydiyyatının etibarsız hesab edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh1 ilə 25 dekabr 2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikah dövründə ünvan 2 mənzil alqı-satqı müqaviləsi əsasında X6 və Cavabdeh1 adına rəsmləşdirmişlər. Sonradan bu mənzil onun məlumatı olmadan qarışıq müqavilə əsasında ipotekaya qoyulmuşdur. Bu mənzil ipoteka müqaviləsi əsasında Bank Respublika ASC-yə ipoteka qoyulmasına onun razılığı olmamışdır. Qeyd etdiyi və mübahisə edilən mənzil ünvan 2 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. Belə ki, mənzil Cavabdeh1 ilə birgə nikah dövründə alındığından həmin mənzil üzərində onun birgə paylı mülkiyyət hüququ pozulmuşdur. O, cavabdehlə boşansa da, onun hazırda bu mənzildə yaşamaqla birgə paylı mülkiyyət hüququ üzrə hüquqları təmin edilməlidir. Hazırda bnk onu və uşaqlarını həmin mənzildən çıxartmışdır. Odur ki, onun icazəsi olmadan ipotekaya qoyulmuş mənzilə dair ipoteka müqaviləsi və onun dövlət qeydiyyatı etibarsız hesab edilməlidir. Sonda iddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı mübahisəli əmlakın ipoteka ilə yüklü edilməsinə özü notarial ərizə ilə razılıq ermişdir. Həmin əmlak onun və qardaşı Yaşarın adına ümumi mülkiyyət olaraq alınmışdır. Onlar ipoteka ödənişlərini ödəyə bilmədikləri üçün Bank məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsinə əsasən bankın iddiası təmin olunmuş, daha sonra həmin əmlak hərracda satılmadığı üçün Bank tərəfindən qəbul edilmişdir. Sonda cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Bank Respublika ASC-nin nümayəndəsi AbbasovŞahin Novruz oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, Gəncə şəhəri,Nizami rayonu, Gülüstan qəsəbəsi, bina 14, mənzil 12 mənzil ipoteka krediti ilə X13 və X14 adına alınmışdır. Həmin əmlak ipoteka ilə yüklü edilərkən iddiaçı buna notarial qaydada razılıq vermiş, bütün sənədləşmələr qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmışdır. Sonradan borclular ödənişlər etmədiyi üçün bank məhkəməyə müraciət edərək borcun tutulmasını və tələbin həmin əmlaka yönəldilməsini tələb etmiş və bankın iddiası təmin edilmiş, həmin iş üzrə məhkəmə qətnaməsi Ali Məhkəməyə qədər qüvvədə saxlanılmışdır. Bundan sonra həmin əmlak hərraca çıxarılmış, satılmadığı üçün bank tərəfindən qəbul edilmişdir. Hal-hazırda həmin əmlak bank tərəfindən başqa şəxsə satılmış, borclular və iddiaçı ailə üzvləri ilə birlikdə həmin əmlakı boşaldaraq təhvil vermişlər. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - Cavabdeh2 ASC ilə X15 və Cavabdeh1 arasında bağlanmış 02.05.2007-ci il tarixli 07050256 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən borcalanlara ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinini alınmasına 300 ay müddətinə 33200 manat məbləğində kredit verilmişdir. - 02.05.2007-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, X3 ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 1 mərtəbəsində 12 saylı mənzili Alıcıipoteka qoyanlar X6 və Cavabdeh1 mülkiyyətinə vermişdir. Mənzilin satış qiyməti 39200 manat müəyyən edilmiş, mənzilin dəyərinin 6000 manatı Alıcı-İpoteka qoyanların özü tərəfindən, 33200 manatı isə Kreditor-İpoteka saxlayan Bank Respublika ASC tərəfindən 02.05.2007-ci il tarixli 07050256 saylı kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Alıcı-İpoteka qoyanlar satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onlarla Kreditor-İpoteka saxlayan arasında bağlanmış 02.05.2007-ci il tarixli 07050256 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir. - İddiaçı Gəncə şəhəri 7 nömrəli Notariat Kontoruna ünvanladığı və notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin surətindən görünür ki, o, əri Cavabdeh1 və qaynı X10 məxsus ünvan 5 ünvanında yerləşən mənzili kreditin təminatı kimi Bank Respublika ASC-yə və kredit ehtiyalarının alınması üçün Milli Banka ipotekaya qoyulmasına etiraz etməmiş, Gələcəkdə Bank qarşısında olan öhdəliklərlə bağlı heç bir iddiası olmayacaqdır və Bankın birinci tələbi ilə bu mənzili boşaltmağa razıdır. - nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında olan nikah 08 iyun 2018-ci il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Ələkbərova, qadına Ələkbərov soyadı verilmişdir. - MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 nömrəli mənzil ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1 və X6 adlarına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 119 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2(044)- 586/2018 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh1 ilə X5 arasında Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 25 dekabr 2002-ci ildə 512 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 05 oktyabr 2002-ci ildə anadan olmuş X16, 2 sentyabr 2003-cü ildə anadan olmuş X17, 4 may 2009-cu ildə anadan olmuş X18 anaları X1 yanında saxlanması, 18 dekabr 2017-ci il tarixdən başlayaraq 05 oktyabr 2002-ci təvəllüdlü X16, 02 sentyabr 2003-cü il təvəllüdlü X17 və 04 may 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 150 manat tutularaq cavabdeh X2 verilməsi qət edilmişdir. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli 2(044)- 3384/2017 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh1 ailə üzvləri ilə birlikdə ünvan 6 mənzilinə köçürülməsi qət edilmişdir. - Gəncə şəhəri Apellyasiya Məhkəməsinin 19 fevral 2020-ci il tarixli 2(104)- 1267/2020 nömrəli qətnaməsinə əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(044)-248/2019 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 aprel 2021-ci il tarixli 2(102)-2002/2021 nömrəli qərarına əsasən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə şəhəri Apellyasiya Məhkəməsinin 19 fevral 2020-ci il tarixli 2(044)-1267/2020 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. - 02.08.2021-ci il tarixli aktdan görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-248/2019 saylı, 14.11.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 6 ünvanına borclu Cavabdeh1 iştirakı ilə daxil olmuşlar və orada olan əşyaları çıxarmışlar. Aktın doğruluğunu öz imzaları ilə X24, X20, X21, X28, X15, X22, sahə rəisi X23, X25, X11 imzalamışlar. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanı 26.01.2021-ci il tarixdən Bank Respublika ASC-nin mülkiyyətindədir. Məhkəmə tərəfləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Çünki iddiaçı iddia tələbinin əsası kimi ipoteka qoyulmuş əmlakın birgə nikah dövründə əldə edildiyinə istinad edərək ipoteka ilə yüklü edilmiş ünvan 7 ünvanındakı əmlakın əri Cavabdeh1 aid hissədə onun razılığı olmadan ipoeka ilə yüklü edildiyi üçün ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir. Halbuki cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddiaçının 07.05.2007-ci il tarixli razılıq ərizəsindən məlum olur ki, o, mübahisəli əmlakın ipotekaya qoyulmasına etiraz etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 224-cü maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. - 225.5-ci maddəsinə əsasən ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. - 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, X12, X15, Cavabdeh1 və Bank Respublika ASC arasında bağlanmış 02.05.2007-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi qanunvericiliklə nəzərdə tutulmuş şərtləri pozmadan bağlanmışdır. Çünki İddiaçı əri Cavabdeh1 qaynı X15 ilə ümumi birgə mülkiyyətində olan ünvan 7 ünvanındakı əmlakın ipotekaya qoyulmasına notarial qaydada razılıq ərizəsi vermişdir. Buna görə də məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məkhəmə hesab edir ki, iddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Respublika Bank ASC-yə qarşı birgə nikah dövründə əldə edildiyindən əmlak üzərində paylı mülkiyyət hüququnun tanınması, ipoteka müqaviləsinin cavabdehə münasibət hissədə dövlət qeydiyyatının və ipoteka müqavilələrinin cavabdehə münasibət hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1803/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1803/2021
15.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver