Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-273/2021 12.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X1, Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkə aid hasara bitişik inşa edilmiş tövlənin sökülməsi və mülkiyyətdə olan tikiliyə vurulmuş zərərin, qırılmış kameranın dəyərinin və mənəvi ziyanın ödənilməsi, kəsilmiş ümumi işlək yolun açılması” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkə aid hasara bitişik inşa edilmiş tövlənin sökülməsi və mülkiyyətdə olan tikiliyə vurulmuş zərərin, qırılmış kameranın dəyərinin və mənəvi ziyanın ödənilməsi, kəsilmiş ümumi işlək yolun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən mülkə aid hasara bitişik inşa edilmiş mal-qara saxlanılması üçün olan tövlənin sökülməsi, Təbriz küçəsi 262 saylı ünvanda tikilmiş evin arxa divarına vurulmuş ziyan kimi 500 manatın, həmçinin 250 manat dəyərində qırılmış qoruyucu kameranın dəyərinin və mənəvi ziyan kimi 2000 manatın müştərək qaydada cavabdehlərdən tutulub iddiaçılara ödənilməsi, ümumi işlək yolun açılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 qonşuluqda, Təbriz küçəsi 260 saylı ünvanda yaşayan Cavabdeh1 və onun ailə üzvləri tərəfindən mütəmadi olaraq təhqir və təhdid olunur. Buna səbəb isə cavabdehlərin İddiaçı1 məxsus olan hasara bitişik mal-qara üçün tövlə tikdirməsi və heyvanların şəhər yeri üçün xarakterik olmayan antisanitar şəraitdə saxlanılmasına görə pis qoxu verməsini, saxladıqları mal-qaranın nəfəsindən iddiaçıya məxsus hasar divarının yararsız hala salınmasını bildirməsi olmuşdur. Lakin buna baxmayaraq cavabdehlər tədbir görmək əvəzinə iddiaçını hədələyərək tələblərinə məhəl qoymamışlar. Həmin küçədə 262 nömrəli ev də iddiaçılara məxsusdur. Evin arxa divarını bir neçə yerdən deşərək qəza vəziyyətinə salıblar. Heyvanların tullantılarını xüsusi ayrılmış yerə yox, ətrafa atır və antisanitar vəziyyət yaradırlar. Cavabdehin əri həyətində qeyri-qanuni heyvan kəsimi ilə məşğul olur. Həmçinin heyvanların süd məhsullarının satışı ilə də məşğuldur. İddiaçının hasarı boyunca müxtəlif tikililər ediblər və bunun nəticəsində iddiaçılara məxsus hasar divarı yararsız hala salınmışdır. Artıq dözülməz bir vəziyyət yaranmışdır. Cavabdeh və onun ailə üzvləri tərəfindən həm iddiaçının mülkiyyətində olan əmlaka əhəmiyyətli dərəcədə zərər vurulmuş, həm də iddiaçıya qarşı edilən zorakılıq və təhqirlərin nəticəsində keçirdiyi stres səbəbindən səhhətində problemlər yaranmışdır. Cavabdehlər həm də iddiaçıya məxsus çəkiliş kameralarının kabelini kəsmiş, kameraları vurub qırmışdır. Bununla ona 250 manat ziyan vurulmuşdur. Həmçinin cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının əsəbləri pozulmuş, ağır mənəvi iztirab keçirmişdir. Ona görə də cavabdehlərdən iddiaçıya vurulmuş mənəvi ziyan kimi 2000 manat pul tutulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin olunması xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri müdafiə edərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, o, iddia tələbinə qəti olaraq etiraz edir. Belə ki, onlar hal-hazırda həyətdə iri buynuzlu mal-qara saxlamırlar, əvvəllər mal-qara saxlasalar da, sonradan mal-qaranı həyətdən təmizləmişlər. Onların evin arxa divarına ziyan vurmaları ilə bağlı iddia da tamamilə yalan və böhtandır. Qeyd edilən tikili yüz ildən qalma tikilmiş köhnə tikilidir, iddiaçıların özləri tərəfindən sökülmüşdür. Malın nəfəsindən heç vaxt hasar sökülməz, hətta sanepidemiologiyadan da gəlib baxmışlar və heç bir zərər müəyyən etməmişlər. Kameranın qırılması barədə də polisdə araşdırma aparılmış və kameranın onun tərəfindən və ya digər Cavabdeh1 tərəfindən sındırılması araşdırma zamanı sübut olunmamışdır. Həmçinin iddiaçılara hər hansı mənəvi ziyan vurulması da mümkün deyil. Qeyd etdiklərinə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları məcmu halında dəyərləndirərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 03 oktyabr 2020-ci il tarixli və 30 iyun 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlardan görünür ki, İddiaçı1 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.10.2021-ci il tarixli, 10/4562 saylı rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən ara binasının (tövlə yerləşən hissədə hasara) iddiaçıya məxsus divarın üzərində qüsurların olmadığı və hər hansı bir ziyanın dəymədiyi, baxış keçirilən zamanı ümumi istifadədə olan torpaq sahəsindən ümumi istifadə edilməsi üçün cavabdeh tərəfindən hər hansi maneə yaradılmadığı müəyyən edilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deməli, iddiaçı iddia tələbi daxilində vurulmuş zərəri tələb etdiyi təqdirdə, iddiada istinad etdiyi real zərərin mövcudluğunu müəyyən etməklə yanaşı, mülki hüquq pozuntusunu törətdiyi subyekti və zərərin həmin subyekt tərəfindən törədilməsini, həmçinin onun təqsirliliyini məhkəmə iclasında sübut etməlidir. Göründüyü kimi, qanunverici mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməsini müəyyən edərkən digər tərəfdən prosessual qaydaya uyğun iddia tələbinin əsası kimi istinad etdiyi halı sübut etmək vəzifəsini iddia edən şəxsin üzərinə bir vəzifə kimi qoymuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Plenum Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Zərər yetirmə ilə subyektiv hüququn pozulması, zərər vuran şəxsin aşkar olması və hüquqa zidd hərəkətlərdən zərərçəkmiş özünə məxsus qeyri-maddi nemətlərə aid hüquqların pozulması nəticəsində mənəvi sarsıntı, iztirabların yaranması mümkün olar. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərində iştirak edən subyektlər arasında mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlər olmalıdır. Bunlar: 1) borclunun (zərərvuranın) hüquqazidd davranışı, 2) həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və 3) borclunun (zərərvuranın) təqsirliliyinin təsdiq edilməsidir. İşin faktiki hallarından və məhkəmə araşdırması zamanı tədqiq edilmiş materiallarından aydın olur ki, iddiaçılar cavabdehlərin hərəkətləri nəticəsinə onlara maddi zərər vurulduğunu iddia edir, lakin iddiaçılara qarşı baş vermiş zərər faktında cavabdehlərin təqsirliliyi təsdiq olunmamış, habelə məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, iddiaçılara dəymiş zərərin hazırki iş üzrə cavabdehlərin hüquqazidd davranışı və həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə, həmçinin cavabdehin təqsirliliyi iddiaçılar tərəfindən sübuta yetirilə bilinməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar cavabdehlər tərəfindən onlara maddi zərər yetirilməsinin Gəncə şəhər Nizami rayon Polis idarəsinin 03 oktyabr 2020-ci il tarixli və 30 iyun 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlarla təsdiq edildiyini göstərsələr də, həmin qərarlarda İddiaçı2 və İddiaçı1 dəymiş zərərin məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yetirilməsinə dair hər hansı sübut əhəmiyyətli məlumatlar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməklə müzakirə etdiyi dəlillərlə, verilən izahatlarla, sənədlərlə əsaslandırır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılır. Məhkəmə qeyd edir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Bununla bərabər, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və bu institutun xüsusi əhəmiyyət kəsb etməsi çox vacibdir. İddia tələbinin təsdiqlənməsi üçün iddia edən şəxsin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd etmək səlahiyyətinə malikdir. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal yaranır və belə olduğu təqdirdə məhkəmədə qaldırılan iddia üzrə zərərin məhz hazırki iş üzrə cavabdehlər tərəfindən yetirilməsi faktının mövcud olmadığı qənaətinə gəlməklə iddianın əsassız olması nəticəsinə gəlmək üçün zəmin yaradır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya” qarşı iş üzrə 26.07.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə də, yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə iddia tələbini işin faktiki halları baxımından təhlil edərək və təqdim edilmiş sübutların məcmusu ilə müqayisəli şəkildə qiymətləndirərək, həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin 01.10.2021-ci il tarixli, 10/4562 saylı rəyini də sübut növü hesab edərək və həmin rəydə də cavabdehlər tərəfindən ünvan 1 ünvanda yerləşən ara binasının (tövlə yerləşən hissədə hasara) iddiaçıya məxsus divarın üzərində qüsurların olmadığının və hər hansı bir ziyanın dəymədiyini, baxış keçirilən zamanı ümumi istifadədə olan torpaq sahəsindən ümumi istifadə edilməsi üçün cavabdeh tərəfindən hər hansı maneənin yaradılmadığının müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır. Həmçinin iddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə araşdırması zamanı cavabdehlərin qanuna zidd hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalması, bunun hansı şəraitdə və hansı hərəkət nəticəsində baş verməsi, hansı mənəvi sarsıntı və iztirablar keçirməsi aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyi üçün məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (yüz) manat ekspertiza xərci müəyyən edilmişdir ki, həmin məbləğ iddiaçılar İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Məhkəmə ekspertiza xərci olan 100 (yüz) manat iddiaçılar İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-273/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-273/2021
12.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver