Məhkəmə qərarları › İş №2(044)-3370/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3370/2021

12.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3370/2021 12.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, Gəncə şəhər Nizami Rayon məhkəməsinin məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, S.Xasayev küçəsi, ev 10 ünvanında yerləşən mənzil üzərində istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, S.Xasayev küçəsi, ev 10 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin mənzilin ümumi sahəsi 23kv.m-dən ibarətdir. Cavabdehlər onun yaxın qohumlarıdır. Cavabdehlər Cavabdeh1 onun bacısı, Cavabdeh2 və Cavabdeh3 isə bacısının övladlarıdır. Onlar ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, S.Xasayev küçəsi, ev 10 ünvanında qeydiyyatda olsalar da, orada yaşamırlar. Həmin şəxslər ölkə hüdudlarından kənarda yaşayırlar. Hazırda iddiaçıya məxsus evdə formal olaraq qeydiyyatda olmaları onun bir mülkiyyətçi kimi hüquqlarını pozur. Göstərilənləri əsas gətirib cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, S.Xasayev küçəsi, ev 10 ünvanında yerləşən mənzil üzərində istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda 0.04 ha torpaq sahəsində yerləşən ev xüsusi mülkiyyət kimi İddiaçı adına dövlət reyestrində 52 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Evlər üçlüyü tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Gəncə şəhəri, Nizami rayonu, S.Xasayev küçəsi, ev 10 ünvanında yaşamırlar və heç bir vaxt yaşamayıblar. Həmin şəxslər Rusiya Federasiyasında yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında 26.07.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 3 ünvanda qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə, sərəncam hüququ dedikdə-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanı kimi başa düşülür. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir- “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Beləliklə, məhkəmə qeyd edir ki, Gəncə şəhəri, Nizami rayonu, S.Xasayev küçəsi, ev 10 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı xüsusi mülkiyyətində olmaqla, mülkiyyətində olan əmlakdan istifadə etmək hüququ dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı ailə üzvü hesab edilmir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdehlərin mübahisəli mənzil üzərində qanundan və ya müqavilədən irəli gələn hər hansı bir hüququnun olması müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdehlərin mülkiyyətçinin iradəsinə zidd olaraq mübahisəli mənzildə qeydiyyatda qalması sonuncunun öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırmaqla, onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion hüquqlarını kobud şəkildə pozur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı məxsus olan Gəncə şəhəri, Nizami rayonu, S.Xasayev küçəsi, ev 10 ünvanına dair istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı məxsus olan Gəncə şəhəri, Nizami rayonu, S.Xasayev küçəsi, ev 10 ünvanına olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar