Məhkəmə qərarları › İş №2(044)-3670/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3670/2021

05.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3670/2021 05.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan göründüyü kimi iddiaçı alimentin artırılmasının təmin edilməsini xahiş etmişdir. Ailə Məcəlləsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən ərizədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Qeyd edilən Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən belə qərara gəlirəm ki, ərizə geri qaytarılmalı, ərizəçiyə məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatına müraciət etmək, ilkin mediasiya sessiyasından sonrakı prosesləri davam etdirmək mümkün olmadıqda isə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Bundan başqa da ərizədən göründüyü kimi tərəflərin yaşayış yeri Gəncə şəhər Kəpəz rayonunda yerləşir. MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Göründüyü kimi tərəflər Kəpəz rayonu ərazisində yaşamaqlarına baxmayaraq iddiaçı Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə deyil, Gəncə şəhər Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152,263-264-cü, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar