Məhkəmə qərarları › İş №2(044)-3965/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3965/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3965/2021 15.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən hakim Hünmətov Zaur Adil oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-nin Gəncə filialına qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı məhkəmə müraciət edərək onun "xxxx" ASC-də depozitə qoyulmuş 540 dollar pul əsaitinin ona ödənilməsi üçün müddətin uzadılmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsinin Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayyət edilmədiyindən, ərizə və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci maddəsində qeyd olumuşdur ki, hüququ şəxs qanunla müəyyənləşdirilmış qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmiş elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və qeyri əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və cavabdeh qismində olmaq hüququna malikdir. Hüququ şəxsin müstəqil balansı olmalıdır. Mülki Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 50.1-ci maddəsində göstərilmişdir ki, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, iddia tələbin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 35.2-maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İddiaçının tələbini yönəltdiyi "xxxx" ASC-nin ləğv edicisi hüquqi şəxs olduğundan həmin iddia hüquqi şəxsin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin rekvizitlərindən də görünür ki, həmin hüquqi şəxs ləğv prosesində olmaqla Əmanətlərin Sığortalanması Fondu həmin hüquqi şəxsin ləğv edicisi təyin edilmişdir. Qeyd edilən fond isə Bakı şəh, Babək prospekti 16 ünvanında yerləşir və hüquqi şəxsin olduğu yer Bakı şəhəri Xətai rayonunun ərazisidir. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, aidiyyət qaydalarına riayət etməklə hazırki tələblə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etməlidir. İddiaçının tələbi üzrə cavabdeh qismində hüquqi şəxs olan Əmanətlərin Sığortalanması Fondu çıxış etməli və iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 35.2-maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanının olduğu yerin məhkəməsinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildisə, hakim ərizəni və ona əlavə edilmiş sənətləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cu maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh "xxxx" ASC-nin Gəncə filialına qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icrata qəbul edilmədən geri qaytarılsın. İddiaçıya aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar