Məhkəmə qərarları › İş №2(044)-883/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-883/2021

24.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-883/2021 24.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Ərizəçi-Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının” müəyyən olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək oğlu xx.xx.1994-cü il təvəllüdlü X2 ünvan 1 ünvanında ildırım vurması nəticəsində ölməsi faktının müəyyən edilməsi və onun adına “Ölüm haqqında şəhadətnamənin” verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu xx.xx.1994-cü il təvəllüdlü X1 şəhəri Nizami rayonu, Təbriz küçəsi ev 236 ünvanında yaşayış evinin qarşısında küçədə olarkən ildırım vurması nəticəsində vəfat etmişdir. Gəncə şəhər prokurorluğu hadisə ilə bağlı araşdırma aparmış, xx.xx.2020-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Oğlunun ölüm səbəbini müayinə etmək üçün onu ekspertiza şöbəsinə aparmışlar, lakin o oğlunun meyidini yarmadan morqdan çıxarmşdır. İki gündən sonra Ekspertiza şöbəsinin müdirinin yanına gedib oğlunun ölüm haqqında sənədlərinin verilməsini xahiş etsə də, bu mümkün olmamışdır. O, ölüm kağızının alınması üçün Gəncə şəhər Nizami rayon Qeydiyyat idarəsinə müraciət etsə də, ona rədd cavabı verilmişdir. Ona görə də, bu tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan Gəncə şəhər Prokurorluğunun xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X2 ölməsi faktı üzrə cinayət işinin başlanması AR CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət hadisəsi olmadığına görə rədd edilmişdir; AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxin verdiyi xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, meyitin yalnız xarici müayinəsi əsasında ölümün səbəbinin təyininə və ölüm haqqqında tibbi şəhadətnamənin verilməsinə icazə verilmədiyi bildirilmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, oğlu xx.xx.1994-cü il təvəllüdlü X1 şəhəri Nizami rayonu, Təbriz küçəsi ev 236 ünvanında yaşayış evinin qarşısında küçədə olarkən ildırım vurması nəticəsində vəfat etmişdir lakin ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə xx.xx.2021-ci il tarixdə məktub ünvanlayaraq məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci madədsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməyinin səbəbini üzürlü hesab etmədiyindən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, ərizəçinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla, o cümlədən şahid ifadələri ilə yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsində qeyd edilir ki, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd edilən Məcəllənin 307.2.11-ci maddəsində göstərilir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Məhkəmə bununla bağlı onu qeyd edir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, həqiqətən də mərhum xx.xx.1994-cü il təvəllüdlü X1 şəhəri Nizami rayonu, Təbriz küçəsi ev 236 ünvanında ildırım vurması nəticəsində vəfat etmiş, bu hal Gəncə şəhər prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində də öz təsdiqini tapmışdır. Ərizəçi bununla bağlı ölüm haqqında şəhadətnamə alınması tələbi ilə müvafiq Qeydiyyat şöbəsinə müraciət etsə də onun müraciəti təmin edilməmiş və ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə məhkəmə bu qənmaətə gəlir ki, ərizənin məzmunundan, habelə iş materiallarından da aydın olur ki, məhkəmə tərəfindən təsdiq olunmasını istədiyi fakt ərizəçiyə X4 ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır və bununla bağlı da o müvafiq Qeydiyyat şöbəsinə müraciət etmiş, onun etdiyi müraciətə cavab olaraq məhkəməyə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ərizəçinin tələbini əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olmasını məhkəmə müəyyən etməklə bu Məcəllədə müəyyən olunmuş qaydada əldə edilmiş məlumatları yazılı sübutlarla, şahidlərin ifadələri ilə və işdə iştirak edən şəxslərin izahatları ilə yoxlayaraq ərizənin təmin edilməsi qənaətinə gəldi. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləlilkə məhkəmə iş üzrə sübutlara məcmu halda hüquqi qiymət verərək, tətbiq edilməli olan hüquq normalarını rəhbər tutaraq hesab edir ki, xx.xx.1994-cü il təvəllüdlü X1 şəhəri Nizami rayonu, Təbriz küçəsi ev 236 ünvanında yaşayış evinin qarşısında ildırım vurması nəticəsində vəfat etməsi faktı mübahisə doğurmadığndan və məhkəmə iclasında sübut edildiyindən onun həmin ildə ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü X1 şəhəri Nizami rayonu, Təbriz küçəsi ev 236 ünvanında yaşayış evinin qarşısında ildırım vurması nəticəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar