Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2922/2025 13.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə, həmin evə və digər yardımçı sahələrdən istifadə hüququnun tanınması və cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respubliksı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış Çıxarış və Texniki Pasport əsasında paylı mülkiyyətinə verilmiş, Lənkəran rayonu, Bürcəli kəndində yerləşən evə köçürülmə, digər yardımçı sahələrədən istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,18 ha. torpaq sahəsinin 5/12 - hissəsi və həmin torpaq sahəsinin üzərindəki, iki mərtəbəli, üç otaqlı, ümumi yaşayış sahəsi 186,70 kv.m., yaşayış sahəsi 60,50 kv.m., köməkçi sahəsi 126,20 kv.m. olan olan fərdi yaşayış evinin 1/3 - hissəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publilc hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi (Bundan sonra DƏDKR publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi) tərəfindən müvafiq Çıxarış və Texniki pasport əsasında xüsusi mülkiyyətinə verilmişdir. Lakin, mülkiyyətində olan torpaq sahəsinin 5/12 - hissəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin 1/3 - hissəsi Cavabdeh tərəfindən zəbt edilməklə orada köçüb yaşamağına heç bir imkan, şərait yaratmır. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı başqa bir mülki işdə Daşınmaz Əmlakın Dövlət Reyetsr Xidməti tərəfindən verilmiş yeni Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın olduğunu bildirib iddia ərizəsində göstərilənlərə uyğun izahat verib onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib onun təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş və qanuni qüvvəsini almış Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-39/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan ev və torpaq sahəsinin naturada bölünməsi və s. tələbinə dair iddiası, tərəflərin paylı mülkiyyətlərində olan, Lənkəran rayonu Bürcəli kəndində yerləşən sahəsi 186,7 kv.m olan mübahisəli yaşayış evinin və həmin evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsinin İddiaçı münasibətdə, müvafiq olaraq 1/3 və 5/12, Cavabdeh münasibətdə müvafiq olaraq 1/3 və 5/12 və X2 münasibətdə, müvafiq olaraq 1/3 və 2/12 hissədə olmaqla təcrid şəklində bölünməsinin texniki cəhətdən mümkün olmadığından, təmin edilməmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı işdə iştirak edən cavabdehin izahatı, həmçinin iş materiallarına əlavə edilmiş qeydiyyat tarixləri xx.xx.2024 və xx.xx.2024-cü il olan ƏMDX DƏDK və RPHŞ-n “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış, xx.xx.2024-cü il tarixli, reyestr nömrəsi **********19-10301 olan “Texniki Pasportu” ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, Lənkəran rayonu Bürcəli kəndində yerləşən sahəsi 186,7 kv.m olan mübahisəli yaşayış evinin və həmin evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsinin, müvafiq olaraq 1/3 və 5/12 hissəsi İddiaçı, müvafiq olaraq 1/3 və 5/12 hissəsi Cavabdeh və müvafiq olaraq 1/3 və 2/12 hissəsi isə X1 olmaqla, həmin şəxslərin paylı mülkiyyətindədir. Qeyd olunan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair müvafiq orqan tərəfindən mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. Hazırda iddiaçı həmin evin və torpaq sahəsinin onun payına düşən hissəsinin natura qaydasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi paylı mülkiyyətdə olan evin 1/3, torpaq sahəsinin isə 5/12 hissəsinin hazırki vəziyyətdə onun özünün xüsusi mülkiyyətində olduğunu bildirir, bununla bağlı onun, cavabdehin və 3-cü şəxsin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədə istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir və evlə torpaq sahəsinin natura qaydasında bölünməsi ilə razı olmadıqlarını bildirir. 3-cü şəxs X3 isə 0,18 ha torpaq sahəsindəki və həmin torpaq sahəsində yerləşən evdəki paylarından cavabdehin xeyrinə imtina etdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı ilk əvvəl mübahisəli torpaq və evdə olan payının natura şəklində ayrılması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, bu mümkün olmadığına görə, hazırki iddia ilə məhkəməyə müraciət edərək paylı mülkiyyəti olan evinə köçürülməsini xahiş edir. Həmin tələblə bağlı məhkəmə qeüyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bununla bağlı məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, cavabdeh paylı mülkiyyətçi kimi Lənkəran rayonu Bürcəli kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evindən istifadə etdikləri kimi, digər payçı olan iddiaçının da onunla bərabər həmin torpaq sahəsi və evdən istifadə etmək hüququ vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Lənkəran rayonu Bürcəli kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi müəyyən hissələrdə tərəflərin paylı mülkiyyətindədir. Cavabdeh iddiaçını paylı mülkiyyətində olan evinə buraxmır. Ona görə də, məcbur olub yaşayış sahəsinə köçürülmə iddiası ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, mübahisəli ev mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməklə cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır və cavabdehin buna etiraz etməsi iddiaçının fərdi yaşayış evinə köçürülməməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cəbiyeva X4 rayonu Bürcəli kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə köçürülməli, cavabdeh tərəfindən buna edilən maneələrin aradan qaldırılmalı, iddia ev və digər yardımçı sahələrdən istifadə hüququnun tanınması hissəsində isə təmin edilməməlidir. Belə ki, yuxarıda qeyd olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yəni, iddiaçının tanınmaq istədiyi bu hüquq artıq qanunla tanınaraq dövlət tərəfindən qotunur. Buna görə də həmin hüququn məhkəmə tərəfindən təkrar tanınmasına lüzum yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cəbiyeva X4 rayonu Bürcəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün və ona cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №2(049)-2922/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2922/2025
13.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Mənzil mübahisələri - Maneənin aradan qaldırılması - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver