Məhkəmə qərarları › İş №2(049)-3861/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3861/2025

22.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3861/2025 22.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və müstəqil tələbi irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi və qanunsuz tikilinin sökülməsi barədə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X11 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş Lənkəran rayonu, Separadi kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN 0018 nömrəli 80220018 kod nömrəli şəhadətnamə üzrə ona məxsus olan payın müəyyən edilməsi və Cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz olaraq inşa edilmiş tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı tələblərini onunla əsaslandırmışlar ki, onlara Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 16 may tarixli 09 nömrəli qərarı ilə ümumi birgə torpaq sahəsi olmaqla 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi verildikdən sonra isə bacısı Cavabdeh Xudaverdı qızı həmin torpaq sahəsini bütövlükdə zəbt edərək öz istədiyi kimi həmin torpaq sahəsindən istifadə etmişdir. Bundan əlavə olaraq Cavabdeh həmin torpaq sahəsində özünə fərdi yaşayış evi inşa etmişdir. Halbuki qanunla kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikili inşa etmək qadağandır. Maraqlıdır ki, dövlət orqanlarıda bu qanunsuzluğa göz yummuşdurlar. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onun hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Qeyd edir ki, əvvəllər həmin torpaq sahəsindən o, öz payını ayırmışdır. Lakin Cavabdeh onun çəpərini sökərək yandırmış və bunun nəticəsində onun əmlakına 500 manat məbləğində ziyan dəymişdir. Onlar bununla bağlı Lənkəran ŞRPŞ-nə müraciət etsə də şikayətləri üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra Cavabdeh qətiyyən onların həmin torpaq sahəsinə yaxınlaşmağına imkan verməmişdir. Hər hansı bir münaqişənin baş verməməsi üçün məcbur qalıb məhkəməyə müraciət edir. Məhkəmə tərəfindən X7, X8 və Əzimova (Quliyeva) Sevda Xudaverdi qızı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişlər. İddiaçı X11 məhkəmə iclasında iştirak edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib izahatında əlavə olaraq bildirmişdir ki, qeyd edilən torpaq sahəsində ona düşən pay müəyyən edilməli və cavabdeh tərəfindən tikilmiş qanunsuz tikili sökülməlidir. Hazırda həmin mübahisələndirilən torpaq sahəsi ilə əlaqəadar daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da almışdır və məhkəməyə təqdim etmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirak edərək bildirmişdir ki, iddia tələbi ilə razıdır və iddiaçının qeyd edilən torpaq sahəsində ona düşən payının müəyyən edilməsinə etirazı yoxdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X8 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş JN-0018 seriyalı, Kod: 80220018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 saylı qərarı ilə Lənkəran rayonunda yerləşən 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4, X5, X8, X9 və X1 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli və **********47 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışdan görünür ki, Lənkəran rayonu, Separadi kəndində yerləşən ümumi sahəsi 0,3575 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, İddiaçı, X8, X10 və X1 ümumi birgə mülkiyyətindədir. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 16 may tarixli 09 nömrəli qərarı ilə Lənkəran şəhəri, Separadi kəndində yerləşən ümumi sahəsi 0,39 ha torpaq sahəsi X6, İddiaçı, X8, X10 və X1 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət qeydiyyatına alınmışdır və 5 (beş) nəfərin ümumi birgə mülkiyyətindədir. İddiaçı iddia tələbində sözügedən torpaq sahəsindən ona düşən payın müəyyən edilməsini, həmçinin həmin torpaq sahəsində digər birgə mülkiyyətçi Abdunova (Quliyeva) Fatma Xudaverdi qızı tərəfindən inşa edilmiş tikilinin sökülməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin birinci hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən ,hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4. maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə, birgə mülkiyyət paylarının müəyyən edilməsi zamanı tərəflər arasında razılaşma yoxdursa, məhkəmə qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Bu halda MMyə əsasən mülkiyyətçilərin payı müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə qeyd olunan hüquq normalarını hazırki iş üzrə tətbiq etməklə belə nəticəyə gəlir ki, Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli və **********47 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən, X6, İddiaçı, X8, X10 və X1 ümumi birgə mülkiyyətində olan Lənkəran rayonu, Separadi kəndində yerləşən ümumi sahəsi 0,3575 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı 1/5 (beşdə bir) hissədə payı müəyyən edilməlidir. Məhkəmə iddianın cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində üzərində tikilmiş qanunsuz tikilinin sökülməsi hissəsinə münasibət bildirərək, qeyd edir ki, sözügedən mübahisəli torpaq sahəsi natura qaydasında bölünmədiyindən və İddiaçı düşən torpaq payının sərhədləri müəyyən edilmədiyindən iddia tələbində mübahisələndirilən tikilinin hansı hissədə inşa edilməsi müəyyən edilmir. Eyni zamanda iddiaçı tərəfindən mübahisəli tikilinin mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda iddiaçının iddia tələbi tikilinin sökülməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Belə ki, MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998ci il tarixli 09 nömrəli qərarı ilə ayrılmış və xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli və **********47 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən, X6, İddiaçı, X8, X10 və X1 ümumi birgə mülkiyyətində olan Lənkəran rayonu, Separadi kəndində yerləşən ümumi sahəsi 0,3575 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı 1/5 (beşdə bir) hissədə payı müəyyən edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 nömrəli qərarı ilə ayrılmış və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli və **********47 reyestr nömrəli çıxarışa əsasən, ümumi birgə mülkiyyətdə olan Lənkəran rayonu, Separadi kəndində yerləşən ümumi sahəsi 0,3575 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı 1/5 (beşdə bir) hissədə payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver