Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4171/2024 15.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı cehiz əmlakların qaytarılması və uşaqla ünsiyyət tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vəfat etmiş qızı X1 verdiyi cehiz əmlakların qaytarılması və qızı ilə Cavabdeh birgə nikahından xx.xx.2019cu il tarixdə doğulmuş X3 adlı nəvəsi ilə onun və ailəsinin həftədə 4 dəfə ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçı cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan iki iddia tələbini (cehiz əmlakların qaytarılması və uşaqla ünsiyyət) bir iddiada birləşdirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddiaçı vəfat etmiş qızına verdiyi cehiz əmlakların qaytarılmasını tələb etməklə mülkiyyət hüququndan, vərəsəlik hüququndan və ya bağışlama müqaviləsindən irəli gələn hüquqlardan çıxış etməklə məhkəməyə müraciət etmiş olduğunu ərizədə əsaslandırmamış, tələbin həmin hissəsi ilə bağlı sübutların və tələbin əsasını təşkil edən halların nədən ibarət olmasını da ərizəsində göstərməmişdir. Eyni zamanda, iddiaçının cavabdehdən tələb etdiyi əmlakların növü, çeşidi, miqdarı və dəyəri də iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə öz əksini tapmamışdır. Bu baxımdan iddiaçının tələb etdiyi əmlakların ümumi məbləğini, bununla da qiymətləndirilən iddia tələbi olaraq məhkəməyə müraciət etmək üçün ödənilməli olan dövlət rüsumunun miqdarını da müəyyən etmək mümkün deyildir. Həmçinin, iddiaçı hazırki tələblərlə məhkəməyə müraciət etmək üçün cəmi 30 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat miqdarında dövlət rüsumu ödənilir. Hazırki iddia tələbinin bir hissəsi (cehiz əmlakların qaytarılması) qiymətləndirilən, digər hissəsi isə (uşaqla ünsiyyət) qiymətləndirilməyən tələb hesab olunduğu halda, iddiaçının ödədiyi 30 manat dövlət rüsumu yalnız iddia qiyməti 1000 manatadək olan qiymətləndirilən tələb üzrə iddia ərizəsinin verilməsinə uyğundur. Halbuki, hazırki ərizədən iddiaçının tələbinin qiymətləndirilən hissəsinin də (cehiz əmlakların qaytarılması) məbləğini müəyyən etmək mümkün deyildir. Bu da onu deməyə əsas verir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu ödənilməli olan dövlət rüsumunu əhatə etmir və hazırki tələblər üçün yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddiaçı nəvəsi ilə ünsiyyətdə olmanın qaydasının müəyyən edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına deyil, bilavasitə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Həmin Məcəllənin 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən də göründüyü kimi, valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə onlar uşaqla ünsiyyətdə olmanın qaydasının müəyyən edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. İddiaçının uşaqla ünsiyyətdə olmanın qaydasının müəyyən edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etdiyini təsdiq edən sənəd iş materiallarına əlavə edilmədiyindən onun həmin tələblə məhkəməyə müraciət etməzdən əvvəl müvafiq orqana müraciət edib-etmədiyi müəyyən edilmir. Qanunvericiliyin tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət olmasının qaydasının müəyyən edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı, tərəflər arasında olan münasibətlərin xarakterindən asılı olmayaraq, hər bir halda rəy verməli, yəni qəyyumluq və himayəçilik orqanı qərar qəbul etməli olduğu halda, iddiaçı belə bir qərar əldə etmədən bilavasitə məhkəməyə müraciət etmişdir. İddiaçı nəvəsi ilə ünsiyyətdə olma hüququnun təmin edilməsi ilə bağlı qəyyumluq və himayəçilik orqanının müvafiq qərarını əldə etdikdən sonra həmin hüququn həyata keçirilməsinə digər şəxslər tərəfindən maneə törədildiyi halda, bu maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etməyə haqlıdır. Bununla da, iddiaçı qeyri-müəyyən və məhkəmə mübahisəsinin predmeti ola bilməyəcək tələblərlə məhkəməyə müraciət etmiş, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları, onları təsdiq edən sübutların siyahısını ərizədə göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd olunan əsaslara görə İddiaçı nəvəsi ilə ünsiyyətdə olmanın qaydasının müəyyən edilməsi məqsədi ilə müvafiq qərar əldə etmək üçün Lənkəran şəhər İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına yenidən müraciət etmək hüququ izah edilir. Bundan əlavə, iddia ərizəsində X2 adlı şəxs etibarnamə üzrə səlahiyyətli şəxs kimi qeyd edilsə də və iddia ərizəsi iddiaçı ilə yanaşı, adı çəkilən şəxs tərəfindən imzalanmış olsa da, iddiaçının həmin şəxsə verdiyi etibarnamə iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 173.1-ci maddəsinə görə nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.2 və 114.1.3-cü maddələrinin məzmununa görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə və ya ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 152, 153, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı cehiz əmlakların qaytarılması və uşaqla ünsiyyət tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı məhkəməyə müraciət etmək üçün xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödədiyi 30 manat dövlət rüsumu iddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-4171/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4171/2024
15.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver