Məhkəmə qərarları › İş №2(051)-751/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-751/2021

27.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-751/2021 27.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı və cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı alimentin miqdarının artırılması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı cavabdeh X3 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, X5 ilə 27 noyabr 2007-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 08 noyabr 2008-ci il təvəllüdlü Mələk adlı bir nəfər uşağı doğulmuşdur. Aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir şəhər məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh X1 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Göstərilən məbləğ uşağın saxlanması üçün yetərli deyil. Uşağın saxlanmasında çətnlik çəkir. Uşağa tək baxmağa imkanı yoxdur. Cavabdehin də uşağına baxmaq borcudur. Cavabdehin uşağın saxlanması üçün kifayət qədər aliment ödəməyə maddi imkanı var. Ona görə də müəyyən edilmiş alimentin miqdarının artırılmasını, 08 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 (iki yüz) manat məbləğdə alimentin cavabdeh X1 alınıb ona verilməsini xahiş edir. Cavabdeh X5 iddianı qəbul etməyrək məhkəmə iclasında izahatında bildirdi ki, uşağına baxmaqdan imtina etmir, lakin tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. Heç yerdə işləmir. Müəyyən edilmiş alimenti də çətinliklə ödəyir. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 08 noyabr 2008-ci il təvəllüdlü X4 valideynləri X5 və İddiaçıdır. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı 20 sentyabr 2012-ci ildə ləğv edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1628/2019 saylı 23 iyul 2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh X1 08 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci madəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər ayrılmışlar, onların birgə nikahlarından doğulmuş Mələk adlı uşaq iddiaçının yanında qalır. Məhkəmənin 23 iyul 2019-cu il tarixli qərarı ilə cavabdeh X1 08 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. Müəyyən edilmiş aliment hazırda uşağın təminatının səviyyəsinin maksimal saxlanması üçün kifayət deyildir. Ancaq tələb olunan miqdarda alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması məhkəmə iclasında sübut olunmadı. Ona görə də məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, alimentin miqdarı nisbətən artırılmalı, cavabdehdən uşağın saxlanması üçün hər ay 140 (bir yüz qırx) manat miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 20 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 08 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat sabit pul miqdarında aliment hər ay cavabdeh X1 tutulub, İddiaçı verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulsun. Cavabdeh X1 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar