Məhkəmə qərarları › İş №2(052)-58/2023

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-58/2023

21.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-58/2023 21.09.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X4 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı nümayəndələri Nümayəndə və (vəkil) Vəkil, Cavabdeh1 iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Naftalan şəhəri, V.Quliyev küçəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair hüquqların həyata keçirilməsinə cavabdehlər tərəfindən edilən maneələrin və müdaxilələrin onlara qadağan edilməsi, həmin torpaq sahəsinə cavabdehlər tərəfindən açılmış qapının bağlanması, mülkiyyətində olan torpaq sahəsində istifadəyə tam yararsız olan, qəza vəziyyətli köhnə və qanunsuz tikilini sökməyinə, torpaq sahəsini hasarlamağına cavabdehlərin maneəsinin qadağan ediməsi, vurulmuş maddi ziyan hesabına hər birinin uzunluğu 2 metr olan 4 ədəd 32-lik boruların, mənəvi ziyan hesabına hər birindən 5.000 manat və ödənilmiş dövlət rüsumu hesabına 120 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1 31 iyul 2009-cu il tarixli 13 nömrəli qərarı ilə X3 alğı-satqı predmeti olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən 600 kv.m sahə anası Nümayəndə satılmışdır. Anası isə həmin 0.06 ha torpaq sahəsini ona bağışlamışdır. Qeyd olunan torpaq sahəsinin onun xüsusi mülkiyyəti olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra xüsusi mülkiyyəti olan göstərilən torpaq sahəsinin sərhədlərinin və koordinatlarının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mütəxəssisləri tərəfindən müəyyən olunmasına baxmayaraq qonşuluqda yaşayan mərhum dayısının keçmiş arvadı iş üzrə Cavabdeh1 və oğlu Cavabdeh2 tərəfindən xüsusi mülkiyyəti olan torpa sahəsindən istifadə etməsinə daimi olaraq maneə törədilmişdir. Belə ki, mülkiyyətində olan torpaq sahəsinin sərhədləri dəqiqləşdirilmiş və koordinatları müəyyən edilərək həmin nöqtələrə dirəklər basdırılmışdır. Lakin, cavabdehlər tərəfindən həmin dirəklər yerindən sökülərək dağıdılmışdır. Cavabdehlərin yaşadığı həyətin əsas giriş qapısı olsa da, onlar onun həyətinə qanunsuz qapı açaraq müdaxilələr etmişlər. Belə olduğu halda o, öz xüsusi mülkiyyətində olan torpaq sahəsindən sərbəst surətdə, heç bir məqsəd üçün istifadə edə bilmir. O, hətta mülkiyyətində olan torpaq sahəsində istifadəyə tam yararsız, qəzalı vəziyyətdə olan köhnə və qanunsuz tikilini belə sökə bilmir. Cavabdehlər ona torpaq sahəsini hasarlamağa imkan vermirlər. Bu da onun konstitusion hüququ olan mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Cavabdehlər xüsusi mülkiyyəti olan torpaq sahəsindən istifadə etməsinə məhdudiyyətlər yaratdığından və onların qanunsuz hərəkətlərindən cana yığılaraq torpaq sahəsini satmaq qərarına gəlsə də, cavabdehlər torpağın mülkiyyətçisi kimi onu satmaq hüququna mane olmuşlar. Cavabdehlər tərəfindən hər dəfə dağıdılaraq sökülmüş dirəklərin yenidən bərkidilməsi, bunun üçün alınan materiallar və ustalara ödənilən pul məbləği səbəbilə ona maddi ziyan vurulmuş, hər birinin uzunluğu 2 metr olan 4 ədəd 32-lik boruları aparılmışdır. Bundan əlavə cavabdehlərin hərəkətləri nəticəsində ona tək maddi ziyan dəyməmiş, eyni zamanda qanunsuz hərəkətlər nəticəsində mənəvi sarsıntı, əzab-əziyyət və dərin sarsıntı keçirmiş, nəticədə ona mənəvi ziyan vurulmuşdur. Cavabdehlərin qanunsuz hərəkətlərinə görə o və anası Nümayəndə tərəfindən dəfələrlə Naftalan Şəhər Polis Şöbəsinə yazılı və şifahi şikayətlər ünvanlanmış, bunun nəticəsində cavabdehlər polis şöbəsinə çağırılaraq izahatları alınmışdır. Lakin bunun hər hansı müsbət bir nəticəsi olmamış, cavabdehlər hərəkətlərini davam etdirmişlər. Odur ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkil) Vəkil daha sonra məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, iddiaçının mülkiyyətində olan Naftalan şəhəri, V.Quliyev küçəsində yerləşən 0.06 ha torpaq sahəsində olan qanunsuz tikilini sökməsinə, həmçinin torpaq sahəsini hasarlamasına cavabdehlərin etdiyi maneələrin və müdaxilələrin onlara qadağan edilməsi, vurulmuş mənəvi ziyan hesabına 5.000 manat və ödənilmiş dövlət rüsumu hesabına 120 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı onun qızıdır. Torpaq sahəsi isə uzun illərdir qızının xüsusi mülkiyyətindədir. Lakin, torpaq sahəsi alınan gündən cavabdehlər bununla razılaşmamış, orada hasar inşa edilməsinə və digər tikinti işlərinin görülməsinə maneələr yaratmışlar. Həmçinin iddiaçıya məxsus torpaq sahəsində uzun illər əvvəl onların atası tərəfindən inşa edilmiş, sahibsiz və hazırda yararsız vəziyyətdə olan yarımçıq tikili vardır ki, iddiaçı hazırda həmin tikilini sökmək istəyir. Belə ki, həmin tikili sökülməyəcəyi təqdirdə iddiaçı mülkiyyətində olan torpaq sahəsində heç bir tikinti işi apara bilməyəcəkdir. Lakin cavabdehlər uzun illərdir tikilinin sökülməsinə icazə vermirlər. Halbuki həmin yararsız tikilinin yerləşdiyi torpaq sahəsinin cavabdehlərə heç bir aidiyyəti yoxdur. Həmçinin iddiaçı dəfələrlə torpaq sahəsinin kənarlarını hasarlamağa çalışsa da, cavabdehlər buna da maneələr yaratmışlar. Nəticədə iddiaçı faktiki olaraq mülkiyyət hüququndan məhrum olmuşdur. İddiaçı ekspertiza idarəsinin verdiyi rəylər ilə tam şəkildə razı deyildir. Çünki həmin rəylərdə mübahisəli tikilinin tam şəkildə deyil, yalnız 10 kv.m hissəsinin iddiaçıya məxsus torpaq sahəsində yerləşdiyi qeyd edilmişdir. Halbuki qeyd edilən rəy əsl həqiqəti əks etdirmir. Bütün baş verənlər səbəbindən iddiaçı mənəvi iztirablar keçirmişdir ki, bu səbəbədən cavabdehlərdən 5000 manat məbləğində mənəvi zərər tələb edir. İddiaçı mütəxəssis rəyinin alınması üçün ödəmiş olduğu 190 manatı cavabdehlərdən tələb etməsə də, ödəmiş olduğu dövlət rüsumunun geri qaytarılmasını tələb edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisəli tikili iddiaçının babası tərəfindən uzun illər əvvəl inşa edilmiş olsa da, hazırda istifadəyə tam yararsız və qəzalı vəziyyətdədir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən bunu aydın şəkildə görmək olar. Həmin tikili özbaşına olmaqla hər hansı şəxsin, eləcədə cavabdehlərin xüsusi mülkiyyətində deyildir. Cavabdeh1 həmin tikilinin onlara məxsus olduğunu, hətta tikiliyə dair hüquqmüəyyənedici sənədlərinin mövcudluğunu qeyd etsə də, buna dair heç bir sübut təqdim edə bilmir. Ekspert rəyində də, qeyd edilmişdir ki, həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Lakin tikili hazırda iddiaçıya məxsus torpaq sahəsinin üzərində yerləşir. Bu səbəbdən iddiaçı həmin tikili sökülmədən özünə məxsus torpaq sahəsində heç bir tikinti işləri apara bilmir. Cavabdehlər artıq uzun illərdir iddiaçıya mübahisəli tikilini sökməyə, həmçinin torpaq sahəsinin kənarlarına hasar çəkməyə imkan vermirlər. Bu səbəbdən iddiaçı məhkəmə qərarı əsasında tikilinin sökülməsinə və hasarlama işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılan manelərin aradan qaldırılmasını istəyir. Həmçinin iddiaçı ekspert rəyləri ilə tam razı deyildir. Çünki həmin rəylərdə mübahisəli tikilinin yalnız 10kv.m hissəsinin ona məxsus sahədə yerləşdiyi qeyd edilmişdir. Lakin iddiaçı hesab edir ki, tikili tam şəkildə onun torpağının hüdudları daxilində yerləşir. Bundan başqa iddiaçı cavabdehlərdən mənəvi zərər məbləğini və ödəmiş olduğu dövlət rüsumunu da tələb edir. Qeyd edilənlərə əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tam əsassızdır. Belə ki, mübahisəli tikili 1989-cu ildə əri tərəfindən onun ilə birgə nikahları dövründə inşa edilmiş və tikili iddiaçıya məxsus torpaq sahəsinin üzərində yerləşmir. Tikilinin iddiaçının sahəsinə düşən hissəsi varsa, həmin hissənin sökülməsinə etiraz etmir. Əslində həmin tikilinin onlara məxsus olduğunu sübut edən sənədlər də mövcud idi. Lakin, iddiaçının anası Gülbəniz həmin sənədləri onlardan xəbərsiz götürmüş və özü ilə aparmışdır. Sənədlərin surətinin alınması ilə bağlı Naftalan Bələdiyyəsinə müraciət etmiş olsa da, sənədlərin onlarda olmadığı ona bildirilmişdir. Əslində torpaq sahəsinin kənarının hasarlanmasına heç bir maneə törədilməmişdir. Lakin, iddiaçı tərəf torpaq şöbəsi tərəfindən ölçülərək onlara verilmiş sahəni deyil, onlara məxsus sahəni hasarlamaq və onlara məxsus tikilini sökmək istədiyi üçün aralarında mübahisələr yaranmışdır. Ümumiyyətlə vaxtı ilə iddiaçıya sənəd ilə ayrılmış torpaq sahəsi hazırki yer olmamışdır. Sonradan iddiaçının anası müəyyən yollar ilə torpaq sahəsinin sürüşdürülməsinə nail olmuşdur. Ümumiyyətlə İddiaçı uzun illərdir görməmişdir. Bu səbəbdən onun tərəfindən iddiaçıya mənəvi zərərin vurulmuş olması mümkün deyildir. Belə ki, iddiaçı Bakı şəhərində yaşayır və mübahisəli əraziyə ümumiyyətlə gəlmir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, İddiaçı Naftalan şəhəri, V.Quliyev küçəsində xüsusi mülkiyyət hüququ ilə 0.06 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi vardır və bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 22 noyabr 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçı və cavabdehin iştirakı ilə mübahisəli mövcud tikilinin koordinatları təyin edilərək RX ******* çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin koordinatları müqayisə edildi. Mübahisələndirilən mövcud tikilinin 10 kv.m hissəsi sənəd üzrə iddiaçının mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsində yerləşir. Cavabdeh1 və Cavabdeh2 sahibliyində olan torpaq sahəsindən İddiaçı məxsus torpaq sahəsi istiqamətində açılmış qapı ilə iddiaçının torpaq sahəsinin sərhədi arasında 2.68 metr məsafə vardır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 26 yanvar 2023-cü il tarixli, 10/6697 saylı ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin məlumatlarına əsasən mübahisəli mövcud tikilinin koordinatları təyin edilərək RX ******* çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin koordinatları müqayisə edildi və mübahisələndirilən mövcud tikilinin 10.0 kv.m hissəsi sənəd üzrə iddiaçının mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh1 və Cavabdeh2 sahibliyində olan torpaq sahəsindən İddiaçı məxsus torpaq sahəsi istiqamətində açılmış qapı ilə iddiaçının torpaq sahəsinin sərhədi arasında 2.68 metr məsafənin olduğu müəyyən edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 06 iyun 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, RX ******* hüquqların dövlət qeydiyyatı haqqında çıxarış əsasında iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə yerində baxış keçirməklə qeydiyyat sənədləri ilə faktiki məkan göstəriciləri arasında uyğunluq olduğu müəyyən edildi. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələri torpaqlarıdır, həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş torpaq sahəsi olmaqla, xüsusi mülkiyyətə verilmiş torpaq sahəsidir. Mübahisəli tikili TEKUİS məlumat bazasında hər hansı bir hüquqla qeydiyyata alınmamışdır. Mübahisəli tikilinin 10 kv.m hissəsi RX ******* hüquqların dövlət qeydiyyatı haqqında çıxarış əsasında iddiaçının mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 23 avqust 2023-cü il tarixli, 10/4658 saylı ekspert rəyində qeyd edilmişdir ki, RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında çıxarış əsasında iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə yerində baxış keçirilməklə qeydiyyat sənədləri ilə faktiki məkan göstəriciləri arasında uyğunluq olduğu müəyyən edildi. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələri torpaqlarıdır həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş torpaq sahəsi olmaqla, xüsusi mülkiyyətə verilmiş torpaq sahəsidir. Mübahisəli tikili TEKUİS məlumat bazasında hər hansı bir hüquqla qeydiyyata alınmamışdır. Mübahisəli tikilinin 10 kv.m hissəsi RX ******* hüquqların dövlət qeydiyyatı haqqında çıxarış əsasında iddiaçının mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir. Məhkəmə iddianın cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması (qadağan edilməsi) hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsində qeyd edilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eyni Məcəllənin 5.1-ci maddəsində qeyd edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Eyni Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iddianı qeyd edilən hissədə qismən əsaslı hesab edir. Belə ki, mülki işə əlavə edilmiş mütəxəssis və ekspert rəylərindən görünür ki, mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində hər hansı səxsin adına qeydiyyata alınmamaqla qanunsuz tikilidir. Bu isə onu deməyə əsas verir ki, mübahisəli tikilinin sahibi hazırda qeyri müəyyəndir. Həmçinin həmin tikili tam şəkildə deyil, yalnız 10 kv.m hissədə iddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir. Belə olan halda iddiaçı həmin tikilini tam şəkildə deyil, yalnız ona məxsus torpaq sahəsinə düşən 10 kv.m hissədə sökməkdə haqlı ola bilərdi. Bununla yanaşı cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsini hasarlamasına yaratdığı maneələrin də hər hansı hüquqi əsası olmadığı üçün qanunsuz hesab edilməlidir. Odur ki, iddia qeyd edilən hissədə qismən təmin edilməklə, cavabdehlər tərəfindən iddiaçıya münasibətdə mübahisəli tikilinin iddiaçıya məxsus torpaq sahəsinə düşən 10 kv.m hissəsini sökməkdə, həmçinin torpaq sahəsində hasarlama işlərinin aparılmasında yaratmış olduğu maneələr aradan qaldırılmalıdır. Bundan əlavə iddiaçı hazırkı iddia ərizəsində cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin ödənilməsi tələbini də irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli 7 saylı plenum qərarında əks edilmiş hüquqi mövqeyə əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Odur ki, məhkəmə cavabdehlərin uzun müddət iddiaçıya münasibətdə maneələr yaratmış olmasını nəzərə alınaraq iddianın mənəvi zərərin ödənilməsi hissəsinin qismən, yəni 200 manat məbləğində təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qismən təmin edilməsi nəzərə alınarsa, hazırki iş üzrə məhkəmə xərcləri cavabdehlərə aid edilməli və onlardan müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 100 (yüz) manat və 50 (əlli) manat olmaqla, cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaiti X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı nümayəndəsi ərizə təqdim edərək mütəxəssis rəyinin alınması məqsədi ilə ümumilikdə iddiaçı tərəfindən ödənilmiş 190 (yüz doxsan) manat pul vəsaitini cavabdehlərdən tələb etmədiyindən, həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat məbləğində rüsum ödəmişdir. Lakin o, iddia və tələbin həcminin azaldılması barədə ərizəsində dövlət rüsumu olaraq 120 (bir yüz iyirmi) manatın cavabdehlərdən tutulmasını xahiş etmişdir. Belə olan halda ödənilmiş məbləğin 100 (bir yüz) manat olması nəzərə alınmalı və həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Naftalan şəhəri, V.Quliyev küçəsində yerləşən mübahisəli qanunsuz tikilinin İddiaçı məxsus 0.06 hektar torpaq sahəsində inşa edilmiş 10 kv.m hissəsinin sökülməsində, həmçinin həmin torpaq sahəsində hasarlama işlərinin aparılmasında iddiaçıya yaratmış olduqları maneələr aradan qaldırılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 200 (iki yüz) manat mənəvi ziyan və 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə ümumilikdə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver