Məhkəmə qərarları › İş №2(052)-69/2023

Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №2(052)-69/2023

28.02.2023 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 2(052)-69/2023 28.02.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ Naftalan Şəhər Məhkəməsinin hakimi X1. İddiaçı Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsinin ləğv edilməsi, həmin müqavilə ilə bağlı ödənilmiş pul tələbi və mənzildən suyun axıdılması ilə bağlı qonşulara dəymiş ziyan tələbinə” dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsinin ləğv edilməsi, həmin müqavilə ilə bağlı ödənilmiş pul tələbi və mənzildən suyun axıdılması ilə bağlı qonşulara dəymiş ziyan tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh MMC-yə müqavilənin ləğv edilməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı pretenziya məktubu ünvanlamış, lakin sözügedən cəmiyyətin hazırda fəaliyyət göstərdiyi ünvan dəqiq müəyyən edilmədiyindən məktub çatdırılmadan geri qaytarılmışdır. Odur ki, cəmiyyətin hazırda fəaliyyət göstərdiyi ünvan dəqiq müəyyən edilməli, ilk olaraq müqavilənin ləğv edilməsi təklifi barədə cavabdeh cəmiyyətə müraciət edilməli, cəmiyyətin bu məsələ ilə bağlı imtinası almalı və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində cəmiyyətdən cavab almadığı təqdirdə məhkəməyə müraciət edilə bilər. Odur ki, qeyd edilən hal iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa iddia ərizəsindən görünür ki, iddiaçı podrat müqaviləsinin ləğv edilməsi və ödənilmiş pul vəsaitinin geri tələb edilməsi tələbi ilə eyni vaxtda mənzildən suyun axıdılması ilə bağlı aşağı qonşulara dəymiş ziyanın ödənilməsini də tələb edir. Bununla bağlı qeyd edilməlidir ki, sonuncu tələb ilə ilk iki tələb bir-biri ilə bağlı olmayan tələblərdir və onların birləşdirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.7-cı maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinə əsasən, QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsinin ləğv edilməsi, həmin müqavilə ilə bağlı ödənilmiş pul tələbi və mənzildən suyun axıdılması ilə bağlı qonşulara dəymiş ziyan tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver