Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-21/2022 18.02.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Mikayılzadə Əsmər Mehman qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X2, onun vəkili X3 iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8700 manat, həmçinin, dövlət rüsumu kimi ödənilmiş 107 manat - cəmi 8807 (səkkiz min səkkiz yüz yeddi) manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2017-ci ilin oktyabrnoyabr aylarında 30 hektar torpaq sahəsini əkib-becərmək üçün icarə haqqı kimi ondan 3700 manat istəmişdir. O da 2018-ci ilin oktyabr ayında 2500 manat nağd pulu Oğuz şəhəri H.Əliyev prospektində yerləşən Oğuz MMBM-nin inzibati binasının qarşısında cavabdehə vermişdir. Təxminən, 20 gün sonra isə Cavabdeh onun yaşadığı evə gəlib qalan 1200 manat məbləğin əvəzində onun həyətindən 3 ton arpa aparmışdır. Eyni zamanda, o, 2017-ci ilin iyul ayının 24-də güllə yarası aldığına görə bədəninin müxtəlif nahiyələrində xəsarət yaranmış və ağrıları olmuşdur. Bədənində olan ağrılar barədə cavabdehlə söhbət etdikdə cavabdeh bildirmişdir ki, ona bu xəsarətlərə görə pensiya təyin edilməsinə kömək edə bilər. Cavabdeh pensiyaya çıxmaq üçün 5000 manat pul lazım olduğunu ona bildirmiş, o da razılaşmışdır. O, cavabdehə əvvəlcə 4500 manat pulu 19.08.2019-cu il tarixdə saat 15 radələrində Oğuz-Şəki avtomobil yolunun üzərində, “Azərbaycan-60” adlanan ərazidə yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında, qalan 500 manat pulu isə 29.08.2019-cu il tarixdə saat 19 radələrində Oğuz şəhəri H.Əliyev prospektində yerləşən Oğuz MMBM-nin inzibati binasının qarşısında vermişdir. Ancaq cavabdeh onun pensiyaya çıxması işinə kömək edə bilməmiş, ona əkib-becərmək üçün icarəyə torpaq sahəsi də verməmiş, həmçinin, aldığı pulları da qaytarmamışdır. O, cavabdehə verdiyi pulları geri istədikdə isə cavabdeh müxtəlif bəhanələr gətirmiş, pul alacağı şəxslər olduğunu, həmin pulları alıb onun borcunu qaytaracağını demiş, lakin hər dəfə onu aldatmışdır. O, cavabdehdən pulunu ala bilmədiyinə görə Oğuz rayon Polis Şöbəsinə şikayət ərizəsi yazmış və cavabdehin barəsində cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə Oğuz Rayon Məhkəməsinin 21.09.2021-ci il tarixli 1 (054) - 15 / 2021 nömrəli hökmü ilə hazırki iş üzrə cavabdeh 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin cinayət işinə baxılarkən o, mülki iddia verməmişdir, lakin hazırki iddia tələbində qeyd etdiyi xüsusatlar məhkəmənin hökmündə öz əksini tapmış, cavabdehin ona cəmi 8700 manat borcu olduğu qanuni qüvvəyə minmiş hökm ilə sübuta yetirilmişdir. Cavabdeh onun pulunu qaytarmadığına görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 107 manat dövlət rüsumu ödəmişdir. Hazırda o, həmin məbləğləri cavabdehdən tələb edir. İddiaçı, həmçinin, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdiklərini bildirdilər və məhkəmə baxış iclasında həmin tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh X5 iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, o, barəsində olan cinayət işinə baxılarkən verdiyi ifadəsində də qeyd etmişdir ki, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərinin hazırki iş üzrə iddiaçıya münasibətdə olan hissəsi ilə bağlı hər hansı cinayət əməli törətməmişdir. Ona elan edilmiş ittihamın iddiaçı ilə əlaqədar hissəsini qətiyyən qəbul etmir və ondan hər hansı məbləğdə pul almamışdır. Cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmiş olsa da, onun hazırki iş üzrə iddiaçıya hər hansı miqdarda borcu yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin vəkili X6 da cavabdehin izahatında qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin 21.09.2021-ci il tarixli 1 (054) - 15 / 2021 nömrəli hökmü və 02.11.2021-ci il tarixli ödəniş qəbzi ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, hazırki iş üzrə cavabdeh hazırki iş üzrə iddiaçını xəstəliyi ilə əlaqədar 5000 manat müqabilində təqaüdə çıxaracığına yalandan vədlər verməklə tamah niyyəti ilə aldadaraq onun cəmi 5000 manat pulunu etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Bundan sonra o, təkrarən tamah niyyəti ilə iddiaçıya 3700 manat müqabilində icarəyə 30 hektar torpaq sahəsi təşkil edəcəyinə yalandan vədlər verməklə onu aldadaraq 2500 manat pul almış, qalan 1200 (bir min iki yüz) manatın əvəzinə iddiaçının yaşadığı evin həyətindən 3 ton arpa aparmış, lakin sonradan vədinə əməl etməyərək əkin üçün icarəyə torpaq sahəsi təşkil etməmiş və aldığı pulu geri qaytarmamışdır. Qeyd olunan əmməllərə görə hazırki iş üzrə cavabdeh cinayət məsuliyyətinə cəlb edilərək Oğuz Rayon Məhkəməsinin 21.09.2021-ci il tarixli 1 (054) - 15 / 2021 nömrəli hökmü ilə məhkum edilmiş, həmin hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 107 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı 8700 manat, həmçinin, dövlət rüsumu kimi ödənilmiş 107 manat - cəmi 8807 (səkkiz min səkkiz yüz yeddi) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsasları kimi cavabdehin ondan aldığı pulları qaytarmadığına görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmünə istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir, iddia tələbinə etirazlarının əsası olaraq cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmiş olsa da, iddiaçıya hər hansı miqdarda borcu olmadığını bildirir. Oğuz Rayon Məhkəməsinin 21.09.2021-ci il tarixli 1 (054) - 15 / 2021 nömrəli qanuni qüvvəyə minmiş hökmünün məzmunundan görünür ki, həmin işdə hazırki iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, lakin o, hazırki iş üzrə cavabdehə qarşı mülki iddia tələbi verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırki iş üzrə cavabdehin cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə onun iddiaçıdan ayrı-ayrı vaxtlarda cəmi 8700 manat miqdarında vəsait (nağd pul və ya əmlak şəklində) aldığı və həmin məbləği qaytarmadığı sübuta yetirilmişdir. Eyni zamanda, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində onun iddiaçı qarşısında olan mülki məsuliyyətinin həddləri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə dəqiqləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Cavabdehin hazırki izahatında qeyd etdiyi, iddia tələbinə etirazlarının əsası olaraq istinad etdiyi faktlara onun barəsində olan cinayət işinə baxılarkən məhkəmə tərəfindən hüquqi qiymət verildiyindən məhkəmə cavabdehin dəlillərinə tənqidi yanaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Məhkəmə tərəflərin dəlillərinə işin faktiki halları ilə, həmçinin, məhkəmə iclasında tədqiq edilmiş mövcud sübutlarla əlaqəli və müqayisəli şəkildə qiymət verərək qeyd edir ki, cavabdehin cinayət məsuliyyətinə cəlb edilməsinə dair iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı ilə onun təqsirli olması, bununla da iddiaçının hesabına əsassız varlanmış şəxs olması faktı sübuta yetirildiyi və cavabdehin iddiaçıdan aldığı vəsaitin miqdarı 8700 manat həddində dəqiq müəyyən edildiyi üçün məhkəmə hesab edir ki, həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 107 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh X1 8700 manat, həmçinin, dövlət rüsumu kimi ödənilmiş 107 manat cəmi 8807 (səkkiz min səkkiz yüz yeddi) manat tutularaq İddiaçı qızına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-21/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-21/2022
18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver