Məhkəmə qərarları › İş №2(057)-1496/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1496/2025

18.11.2025 · Müqavilələrin ləğv edilməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1496/2025 18.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, İddiaçı, Cavabdeh X5, onun nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və sair” tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Sabirabad Rayon İcra hakimiyyəti yanında Moranlı Kənd İcra Nümayəndəliyinin möhürü ilə icra nümayəndəsi M.Qasımov tərəfindən təsdiqlənmiş X7 ilə Cavabdeh arasında tərtib olunmuş təhvil-təslim aktından görünür ki, 01 ədəd 89.2 Markalı traktoru saz vəziyyətdə Cavabdeh təhvil verdik. 01 ədəd KP-4 markalı kotan və 01 ədəd ağır mala ilə birlikdə. Akt İddiaçı və Cavabdeh tərəfindən imzalanmışdır.

2. Sabirabad Rayon İcra hakimiyyəti yanında Moranlı Kənd İcra Nümayəndəliyinin möhürü ilə icra nümayəndəsi M.Qasımov tərəfindən təsdiqlənmiş “Traktorun icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, hər ay 250 manat ödəmək şərti ilə 01 ədəd “MTZ 89.2” markalı traktorun və 01 ədəd “KP-4” markalı kotanın, 01 ədəd Ağır mala icarəyə verilmiş. İcarəyə alanın öhdəlikləri: 1. Traktoru həmişə saz vəziyyətdə saxlamalı. Vaxtı-vaxtında ona texniki qulluq göstərməlidir. 2. İcarə haqqını vaxtında ödəməyi öhdəsinə götürür. 1-ci tərəf qismində Sabirabad Rayon İcra hakimiyyəti yanında Moranlı Kəndinin sakini İddiaçı 2- tərəf Cavabdeh. Bu şərtləri imzasıyla təsdiq edir. Tarixxx.xx.2020-ci il.

3. xx.xx.2024-cü il tarixli Pretenziya məktubundan görünür ki, Hörmətli Cavabdeh, bu pretenziya ilə diqqətinizə çatdırıram ki, aramızda olan müqavilə əsasında mənə qarşı olan aylıq 250 manat ödənişlərinizi etmirsiniz. Hal belə olduğu üçün sizdən həmin avadanlıqların qaytarılmasını və ödəmədiyiniz aylıq öhdəliklərinizlə birgə müvafiq ayın icarə haqqını ödəməyinizi xahiş edirəm. Əks təqdirdə barənizdə məhkəməyə müraciət edəcəyəm. Diqqətinizə çatdırıram ki, həmin avadanlıqları qaytarmadığınız təqdirdə, həmin avadanlıqların saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından əldə edə biləcəyim icarə faydalarını da, sizdən verilməsini tələb edəcək, həmçinin vurmuş olduğunuz zərərin əvəzinin ödənilməsi barədə öz iddiamda qeyd edəcəyəm.

4. Salyan Rayon Məhkəməsinin 2(057)-1496/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizasının və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsindən ibarət məhkəmə-kompleks ekspertizası təyin edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli Ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 6-cı vərəqində olan xx.xx.2020-ci il tarixli "traktorun icarəyə verilməsi" haqqında müqavilənin aşağı sağ tərəfində "Cavabdeh" yazısının alt hissəsindəki imza və həmin müqaviləyə əlavə edilmiş mülki işin 5-ci vərəqində olan təhvil-təslim Aktında "Cavabdeh" yazısının alt hissəsindəki imza Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 6-cı vərəqində olan xx.xx.2020-ci il tarixli "traktorun icarəyə verilməsi" haqqında müqavilədəki yazılar və həmin müqaviləyə əlavə edilmiş mülki işin 5-ci vərəqində olan təhvil-təslim Aktındakı yazılar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

6. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən məhkəməyə ünvanlanmış iddia müddətinin tətbiqi barədə ərizədən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə, verilmiş 01 ədəd MTZ 89.2 traktoru, 01 ədəd KP-4 markalı kotan və 01 ədəd ağır malanın geri alınması və 12500 manat məbləğində icarə haqqı, 2500 manat məbləğində əldən çıxşmış fayda və dövlət rüsumu tələbi irəli sürülmüşdür. Hesab edirəm ki, hazırki iddia tələbi iddia müddəti ötürülməklə verilmişdir. Odur ki, iddia tələbinin iddia müddətinin tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Salyan Rayon Məhkəməsinin icraatında olmuş İddiaçı Cavabdeh qarşı “müqavilələrin ləğv edilməsi, texnikanın geri qaytarılması və icarə haqqı” tələbinə dair 2(057)-190/2025 saylı mülki iş xx.xx.2025-ci il tarixli qərardad ilə baxılmamış saxlanılmışdır.

8. Salyan Rayon Məhkəməsinin 2(057)190/2025 saylı mülki iş materiallarından əldə olunmuş "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2011-ci il tarixli müqavilədən görünür ki, lizinqverən X2 istifadəsində olmuş müqavilə dəyəri 20000 manat müəyyən edilmiş və qalıq dəyəri 17600 manat olan 01 ədəd MTZ 89.2 markalı traktor 06 il müddətinə, müqavilə dəyəri 1920 manat müəyyən edilmiş və qalıq dəyəri 1700 manat olan 01 ədəd KP-5 markalı kotanı 02 il müddətinə lizinq alan İddiaçı verilməsi barədə tərəflərin qarşılıqlı razılığı olmuşdur. Həmin tarixli müvafiq ödəniş cədvəli müqaviləyə əlavə olunmuşdur.

9. Salyan Rayon Məhkəməsinin 2(057)190/2025 saylı mülki iş materiallarından əldə olunmuş "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının təhvil-qəbulu barədə xx.xx.2011-ci il tarixli Aktdan görünür ki, X2 müdiri X6 tərəfindən müqavilə predmeti olan 01 ədəd MTZ 89.2 markalı traktor və 01 ədəd KP-5 markalı kotan lizinq alan İddiaçı təhvil verilmişdir və tərəflər həmin aktda imza etməklə bunu təsdiq etmişlər.

10. Salyan Rayon Məhkəməsinin 2(057)190/2025 saylı mülki iş materiallarından əldə olunmuş Sabirabad Rayon Məhkəməsinin 2(056)-2962/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC ilə İddiaçı Talıbxan oğlu aralarında bağlanmış xx.xx.2014-cü il tarixli 100-L/14 nömrəli və xx.xx.2014-cü il tarixli 140-L/14 nömrəli müqavilələrin ləğv edilməsi, lizinq obyekti olan texnikanın – 01 ədəd 01 ədəd Belarus 892 markalı traktor və 01 ədəd AG-14-4 markalı kotanın saz vəziyyətdə geri alınması və cavabdehdən 55125 manat əsas borc, 29432 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 84587 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC ilə İddiaçı Talıbxan oğlu aralarında bağlanmış xx.xx.2014-cü il tarixli 100-L/14 nömrəli müqavilə ləğv edilmiş, cavabdehdən 01 ədəd 01 ədəd MTZ 89.2 markalı traktor və 01 ədəd AG-14-4 markalı kotanın köhnəlmə nəzərə alınmaqla qalıq dəyəri ilə "xxxx" ASCyə qaytarılması və cavabdeh İddiaçı Talıbxan oğlundan 55125 manat əsas borca görə, 1471 manat cərimə borcuna görə və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 56626 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbinin dəlilləri

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, cavabdehə təhvil verilmiş 01 ədəd MTZ 89.2 markalı traktor və 01 ədəd KP-5 markalı kotan və 01 ədəd ağır malanın ondan alınaraq iddiaçıya qaytarılması, bu mümkün olmadıqda isə həmin avadanlıqların dəyəri olan 55125 manat pul vəsaitinin ona ödənilməsi və Cavabdeh ödənilməmiş 12500 manat icarə haqqı, 2500 manat məbləğində əldən çıxmış fayda və ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddianın əsaslarına görə, Cavabdeh ilə aralarında xx.xx.2020-ci il tarixində traktorun onun icarəsinə verilməsi barədə müqavilə bağlanmışdır. Müqavilədən də, göründüyü kimi Sabirabad RİHB yanında KİƏDN-nin də imzası və möhürü ilə bu müqaviləyə şahid olmasını və aralarındakı sövdələşmənin qarşılıqlı razılaşma əsasında olduğunu təsdiqlənmişdir. Müqavilədən də göründüyü kimi, onun üzərinə düşən müqavilə öhdəliyinə əsasən 1 ədəd (MTZ 89.2) traktoru, 1 ədəd (KP 4) kotanı, 1 ədəd ağır mala cavabdehə qeyri müəyyən müddətə icarəyə verilmiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyə münasibətdə hər ay 250 manat məbləğində icarə haqqı ödəməli, texnikanı saz vəziyyətdə saxlamalı, vaxtlı-vaxtında ona qulluq etməli, icarə haqqını vaxtında ödəməli idi. O, müqavilə ilə üzərinə düşən öhdəliyi müqavilə bağlanan anda icra edib, 1 ədəd (MTZ 89.2) traktoru, 1 ədəd (KP 4) kotanı, 1 ədəd ağır malanı cavabdehə müqaviləyə əlavə edilmiş aktdan da göründüyü kimi təhvil vermişdir. Lakin cavabdeh artıq uzun bir müddətdir ki, öhdəliyini icra etmir. Onun öhdəliyini icra etməməsi ilə bağlı DİN-ə müraciəti olmuşdur. Salyan Rayon Polis Şöbəsi tərəfindən ona bunun mülki icraat olduğunu, məsələ ilə bağlı məhkəməyə müraciət etməyini tövsiyyə etmişdirlər. Həmçinin cavabdehə məktub ünvanlayaraq artıq 1 ədəd (MTZ 89.2) traktoru, 1 ədəd (KP 4) kotanı, 1 ədəd ağır malanı qaytarmasını və ona ödəməli olduğu icarə haqqlarını verməsini xahiş etdiyini bildirmişdir. Lakin cavabdeh bu şeylərə məhəl qoymayaraq ona çox miqdarda ziyan vurmuşdur. Belə ki, xx.xx.2020 ci il tarixdən hesablasaq artıq 50 aydır ki, cavabdeh icarə haqqını ödəmir. Bu səbəbdən həmin icarə müqaviləsinin ləğv edilməsini, cavabdehə vermiş olduğu 1 ədəd (MTZ 89.2) qaytarılmasını və ya həmin avadanlıqların dəyərinin ona ödənilməsini, cavabdehdən 12500 manat icarə haqqını tələb edir. (hər ay 250 manat x 50 ay = 12500 manat) Həmçinin bildirir ki, həmin avadanlıqları özü istifadə edəcək və ya başqa şəxsə icarəyə verəcəyi təqdirdi daha çox fayda götürə biləcəyi üçün də 2500 manat əldə çıxmış fayda kimi və ödədiyim dövlət rüsumunu ondan tələb edir. Belə ki, 1 ədəd traktorun, 1 ədəd kotanın, 1 ədəd ağır malanın dəyəri hələ 2017-ci il üçün ümumilikdə 55125 manat olmuşdur.

b) iddiaya etirazın dəlilləri

13. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək, bildirmişdir ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli “icarə müqaviləsinin” tələblərinə əməl etməmiş və bunun nəticəsində o həm mülkiyyətində olan texnikalarından həm də icarə haqqları ilə bərabər əldə edə biləcəyi gəlirlərindən olmuşdur. Ümumilikdə ona 70000 manata yaxın miqdarda ziyan vurulmuşdur. Cavabdehlə bağlanan icarə müqaviləsi Sabirabad Rayon İcra hakimiyyəti yanında Moranlı Kənd İcra Nümayəndəliyində rəsmi qaydada təsdiq edilmişdir. Orada qeyd olunan yazılar onun övladı tərəfindən yazılmış, lakin cavabdeh Fərəvcov Rövşən tərəfindən imza edilmişdir. Bu müqavilənin əsasında texnikalar cavabdehə təhvil verilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında ona ünvanlanan suallara cavablarında bildirmişdir ki, həmin texnikalar onun mülkiyyətində olmuşdur. Belə ki, icarəyə verilən texnikalar "xxxx" ASC tərəfindən ona lizinqə verilmişdir. Onunla "xxxx" ASC arasında xx.xx.2011-ci il tarixli 1497- L/11 saylı Lizinq müqaviləsi bağlanmışdır. Lakin sonradan onun tərəfindən müvafiq lizinq ödənişləri lazımi qaydada ödənilmədiyindən həmin müqavilə ləğv edilmiş və həmin texnikalarla bağlı atası İddiaçı Talıbxan oğlu arasında müvafiq lizinq müqavilələri bağlanmışdır. Həmin müqavilələrlə bağlı Sabirabad Rayon Məhkəməsinin 2(056)- 2962/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi qəbul edilmiş və atası X4 ilə bağlanmış lizinq müqaviləsi ləğv edilmiş və tenikaların qaytarılması qərara alınmışdır. Lakin "xxxx" ASC tərəfindən həmin texnikalar onlardan geri alınmamışdır. Həmçinin lizinq obyektini üçüncü şəxsə sublizinqə verməsi barədə hüququnun olub-olmaması və ya lizinqverənin müvafiq razılığının olub-olmaması ilə bağlı suala cavabında bildirmişdir ki, lizinq müqaviləsindən irəli gələn müvafiq ödənişlər lazımi qayda da ödənilmədiyindən lizinq verən tərəfindən müqavilələr məhkəmə qaydasında ləğv edilsə belə, həmin texnikalar onda olduğundan Cavabdeh icarəyə vermişdir. Həmin qətnamədə göstərilən Belarus 892 markalı traktorla hazırki iddia tələbində qeyd etdiyi MKZ 89.2 markalı traktorların eynilik təşkil etməsi ilə bağlı bildirmişdir ki, onunla "xxxx" ASC arasında olan 2010-cu il tarixli müqavilə ləğv edildikdən sonra eyni texnikalarla bağlı atası X4 arasında lizinq müqaviləsi bağlanmışdır. Fərqli subyektlər arasında lizinq müqavilələri bağlansa da, lizinq müqaviləsinin predmetləri eynilik təşkil etmişdir.

16. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, iddia tələbindən ondan tələb olunan texnikalar nasaz vəziyyətdə olduğundan onun tərfindən iddiaçıya müvafiq ödəniş edilməklə, ehtiyyat hissələri məqsədi ilə alınmış və iddiaçı ilə aralarında texnikanın dəyərinə münasibətdə əldə olunan razılaşma da müəyyən olunan pul məbləğini ödəmişdir. İddiaçının hazırda tələb etdiyi carı müqaviləsi xx.xx.2020-ci il bağlanmış, lakin müqavilənin məzmunu sonradan ora əlavə edilmişdir. O, sadəcə ağ vərəqə imza etmişdir. Həmin müqavilə icra nümayəndəliyi tərəfindən onun iştirakı olmadan təsdiq olunmuşdur. Lakin onun buna səlahiyyətinin olubolmaması müəyyən deyil. Həmçinin cavabdeh izahatının sonunda bildirmişdir ki, iddiaçı tərəfindən müqavilə münasibəti üzrə iddia müddəti ötürülməklə verilmişdir və iddia müddətinin tətbiq edilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında ona ünvanlanan suallara cavabında bildirmişdir ki, həmin texnikaların İddiaçı mülkiyyətində olması və ya onun həmin əmlaka sərəncam vermə hüquqlarının olması barədə məlumatsız olmuşdur. Çünki o həmin texnikanı aldığı zaman həmin texnika istifadəyə tam yararlı deyildi və həmin texnikanı almaqda məqsədi məhz onun ehtiyyat hissələrindən istifadə etmək olmuşdur. Onlar arasında olan münasibət əslində alqı-satqı münasibəti olmuşdur. İddiaçının istifadəyə tam yararlı olmayan texnikasını icarəyə götürmək ona heç bir maddi fayda verməyəcəkdi. Həmçinin iddiaçı tərəfindən həmin texnikaların lizinqdə olması indi ona məlum olmuşdur.

Tətbiq edilən hüquq

18. Məkhəmə hazırki iddia tələbinə münasibət bildirmədən öncə formalaşmış hüquqi mövqedən çıxış edərək, qeyd etməyi zəruri hesab edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

19. Qeyd olunanlara əsasən məhkəmə hazırki mülki iş üzrə iddiaçının iddia tələbinin hüquqi əsasını müəyyən etməyi vacib hesab edir. Bu əsasla məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbinin hüquqi əsasını mülkiyyət hüququnun başqasının qanunsuz sahibliyindən tələb etməkdə ifadə olunan icarə müqaviləsindən irəli gələn mülki hüquqi münasibətlər təşkil edir və başqasının mülki müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməməsinə görə iddiaçıya dəymiş zərərdə ifadə olunan əldən çıxmış fayda ilə bağlı müddəalar təşkil edir. Beləliklə iddia tələbinin hüquqi əsasını, Mülki Məcəllənin 21, 152, 157, 442, 443, 700, 701 və 704-cü maddələri təşkil edir.

20. Məhkəmə maddi norma ilə bağlı hüquqi məsələlərə dair qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 442-ci madəəsinə əsasən, Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3-ci maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4-ci maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 701.1-ci maddəsinə əsasən, icarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur. 704.1-ci maddəsinə əsasən, əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. 685.2-ci maddəsinə əsasən, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1-ci maddəsinə əsasən, kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2-ci maddəsinə əsasən, ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

23. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli Qərarı: Hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci ill tarixli Qərarı: Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: Eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM):

4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə prosessual normaların tələbləri ilə bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür.

Məhkəmə baxışının hədləri

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

28. Məhkəmə iş materiallarını tərəflərin izahatları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. 29.Məhkəmə araşdırması zamanı sübutların tədqiqi nəticəsində müəyyən olunan və işin mübahisəsiz halı qəbul olunur ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə lizinq verənə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə ilə lizinqverən X2 istifadəsində olmuş müqavilə dəyəri 20000 manat müəyyən edilmiş və qalıq dəyəri 17600 manat olan 01 ədəd MTZ 89.2 markalı traktor 06 il müddətinə, müqavilə dəyəri 1920 manat müəyyən edilmiş və qalıq dəyəri 1700 manat olan 01 ədəd KP-5 markalı kotanı 02 il müddətinə lizinq alan İddiaçı verilməsi barədə tərəflərin qarşılıqlı iradə ifadəsi olmuşdur. Qeyd olunan lizinq müqaviləsi sonradan İddiaçı müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsi səbəbindən ləğv olunmuş və hazırki iddia tələbi ilə cavabdeh qaytarılması tələb olunan texnikalarla bağlı "xxxx" ASC ilə X4 (hazırki mülki iş üzrə iddiaçının atası) arasında 06 fevral 2014-cü il tarixli 100-L/14 nömrəli və 10 fevral 2014-cü il tarixli 140-L/14 nömrəli müqavilələr bağlanmış və həmin müqavilə əsasında 1 ədəd Belarus-892 markalı traktorun və 1 ədəd AG-14-4 markalı kotan lizinqə götürmüşdür. X1 tərəfindən 06 fevral 2014-cü il tarixli 100-L/14 nömrəli və 10 fevral 2014-cü il tarixli 140-L/14 nömrəli müqavilələr üzrə öhdəliklər lazımi qaydada icra edilmədiyindən "xxxx" ASC tərəfindən cavabdeh X3 qarşı “müqavilənin ləğvi, texnikanın saz vəziyyətdə qaytarılması və pul” iddia tələbi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin 2(056)- 2962/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC ilə X4 arasında bağlanmış 06 fevral 2014-cü il tarixli 100-L/14 nömrəli və 10 fevral 2014-cü il tarixli 140-L/14 nömrəli müqavilələr ləğv edilmiş, cavabdehdən 01 ədəd Belarus - 892 markalı traktor və 01 ədəd AG-14-4 markalı kotanın köhnəlmə nəzərə alınmaqla qalıq dəyəri ilə "xxxx" ASC-yə qaytarılması və cavabdeh İddiaçı Talıbxan oğlundan 55125 manat əsas borca görə, 1471 manat cərimə borcuna görə və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 56626 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixində İddiaçı ilə Cavabdeh arasında yazılı şəkildə icarə müqaviləsi bağlanmış və MKZ 89.2 markalı traktor və onun ləvazimatı olan KP-4 markalı kotan aylıq 250 manat icarə məbləği müəyyən edilməklə, texnikalar Cavabdeh verilmişdir. 30.Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmamışdır.

31. Məhkəmə iddiaçının subyektiv hüququ ilə bağlı nəzəri qəbul olunan hüquqi fikirlərin qeyd edilməsini və ümumi qəbul olunan hüquqi düşüncənin fonunda mülki işin faktiki hallarına münasibət bildirilməsini məqsədəmüvafiq hesab edir. Mülki hüquqda subyektiv hüququn iki fundamental elementi vardır: ki, bunlardan ilkin element məhz “Tələb etmə” hüququdur. Tələb etmə hüququ – hüquq sahibinə qarşı tərəfdən müəyyən davranışı tələb etmək imkanı verir. Tələb hüququ (ius persequendi) subyektiv hüququn əsas məzmununu təşkil edir. Tələb hüququnu subyektiv hüququn aktiv komponenti adlandırmaq olar. “Subyektiv hüququn reallaşdırılması ilk növbədə hüquq sahibinin tələb irəli sürmək imkanı ilə başlayır.” Digər ikinci element isə “Təmin etmə” hüququdur. Təmin etmə hüququ hüquq sahibinin tələbinin yerinə yetirilməməsi halında məhkəmə müdafiəsi və dövlətin məcburetmə səlahiyyəti ilə təmin olunan hüquqi mexanizmdir. Təmin etmə hüququ (ius actionis) – tələb hüququnun reallaşdırılmasının ikinci, lakin həlledici mərhələsidir. “Hər bir subyektiv hüquq dövlət tərəfindən təmin olunmaq imkanına malik olmadıqda o, hüquqi məzmununu itirir.” Bu iki element bir-biri ilə sıx bağlıdır və subyektiv hüququn tam mahiyyətini yalnız birlikdə təşkil edir. Subyektiv hüququn məzmunu yalnız tələb səlahiyyəti ilə deyil, həmin tələbin dövlət tərəfindən təmin olunması ilə tamamlanır. Hüququn təmin edilməsini təmin etmək dövlətin konstitusion öhdəliyidir; bu öhdəlik subyektiv hüququn reallaşdırılmasını obyektiv hüquq müstəvisinə çıxarır. Qeyd olunanlardan hasil olunan nəticə ondan ibarətdir ki, tələb etmə hüququ subyektiv hüququn daxili məzmunu kimi, təmin etmə hüququ isə həmin hüququn dövlət tərəfindən qorunması və həyata keçirilməsidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı hazırda iddia tələbi ilə cavabdehdən geri qaytarılmasını tələb etdiyi MKZ 89.2 markalı traktor və onun ləvazimatı olan KP-4 markalı kotan üzərində mülkiyyət hüququ olmayan şəxsdir. Belə ki, qeyd olunan kənd təsərrüfatı texnikaları xx.xx.2011-ci il tarixli İddiaçı ilə ”Aqroliznq”ASC arasında bağlanmış lizinq müqaviləsinin predmeti olmuşdur. Həmin müqavilənin 3.1-ci bəndində qeyd olunur ki, lizinqə verilən Texnika üzərində müstəsna mülkiyyət hüququ onun tam dəyəri Lizinq alan tərəfindnən ödənilənədək Lizinqə verənə məxsusdur. Həmin müqavilənin 5.1.2-ci bəndinə əsasən, Lizinq verənin icazəsi olmadan Texnikanın təyinatını dəyişdirdikdə və ya satdıqda, girova qoyduqda, yaxud digər şəxslərə istifadəyə verildikdə lizinq alan tərəfindən bu hərəkətlərə yol verilməsi müqavilənin şərtlərinin pozulması halları kimi hesab edilir. Həmin müqavilənin 6.1-ci bəndində qeyd olunur ki,tərəflər bu müqavilə üzrə götürdüyü öhdəliklərini üçüncü şəxslərə vermək hüququna malik deyildirlər. İddiaçı izahatında bildirmişdir ki, tərəflər arasında olan lizinq müqaviləsi sonradan onun müqavilə öhdəliklərini lazımi qaydda yerinə-yetirməməsi səbəbindən ləğv edilmişdir. Lakin həmin müqavilə predmeti olan kənd təsərrüfatı texnikaları lizinqverənə qaytarılmamışdır. Buna səbəb "xxxx" ASC ilə X4 (hazırki mülki iş üzrə iddiaçının atası) arasında 06 fevral 2014-cü il tarixli 100-L/14 nömrəli və 10 fevral 2014-cü il tarixli 140- L/14 nömrəli müqavilələrin bağlanması olmuşdur. Həmin müqavilələr əsasında 1 ədəd Belarus-892 markalı traktorun və 1 ədəd AG-14-4 markalı kotan X4 tərəfindən lizinqə götürmüşdür. X4 tərəfindən 06 fevral 2014-cü il tarixli 100-L/14 nömrəli və 10 fevral 2014-cü il tarixli 140-L/14 nömrəli müqavilələr üzrə öhdəlikləri yerinə yetirməmiş və bunun nəticəsində Sabirabad Rayon Məhkəməsinin 2(056)-2962/2017 saylı, xx.xx.2017ci il tarixli qətnaməsi ilə müqavilələr ləğv edilmiş və müqavilə predmeti olan lizinqə verilmiş kənd təsərrüfatlı texnikaları - 1 ədəd Belarus-892 markalı traktorun və 1 ədəd AG-14-4 markalı kotanın geri qaytarılması və 56626 manat məbləğində pulun tutulması qərar alınmışdır. İddiaçı və X4 müqavilə predmetləri olan texnikaları onlarla "xxxx" ASC arasında bağlanmış müqavilələr ləğv edildikdən sonra müvafiq olaraq texnikaları geri qaytarmamış, qanunsuz olaraq öz sahibliklərində saxlamışlar. Lizinq müqaviləsinin predmeti olan 1 ədəd Belarus-892 markalı traktor və 1 ədəd AG-14-4 markalı kotan dəyəri tam ödənildikdən sonra lizinq alanın mülkiyyətinə keçə bilərdi. Hazırki mülki işin araşdırması zamanı isə həmin mübahisə predmeti olan texnikalar üzərində İddiaçı sərəncam vermək və ya üçüncü şəxslərin istifadəsinə vermək kimi hüququ olmamışdır. Şəxsin üçüncü şəxsin mülkiyyətində olan daşınar əşyanı qanuni əsas olmadan özündə saxlaması və başqa şəxslərin istifadəsinə vermək hüququ olmadğından həmin əşyalara münasibətdə digər şəxslərlə bağladığı əqdə münasibətdə tələb etmək hüququ da mövcud olmayacaqdır. Çünki şəxs bağladığı həmin əqdin ümumiyyətlə subyekti ola bilməzdi. Müqavilənin etibarlılıq şərtlərindən birincisi əqd tərəflərinin subyelt tərtkibinə əməl etməsidir, çünki müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Qeyd olunanlara münasibətdə məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin bağlanması zamanı İddiaçı ümumiyyətlə həmin əqdi bağlamağa subyektiv hüququ olmamışdır və hazırda həmin əqdin əsasında irəli sürdüyü iddia tələbinə münasibətdə tələb etmə hüququnun nəticəsi kimi məhkəmə tərəfindən təmin etmə hüququnun təsir dairəsindən kənar qalır. Bununla da, onun ümumiyyətlə həmin texnikaları icarəyə vermək hüququ olmamış və həmin əqdin etibarlı hesab edilməsi üçün əsas olan etibarlılıq şərti - subyekt dairəsinə əməl etməmişdir. Göründüyü kimi, iddia tələbinə münasibtdə iddiaçının subyektiv hüququ olmadğı üçün məhkəmə tərəfindən iddia tələbi əsaslı hesab olunmadığından məhkəmə icarə müqaviləsinin etibarsızlığı və etibarsızlıqdan doğan hüquqi nəticələrinə və iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməsi üçün zərurətin olmaması qənaətinə gəlir. “Hüquqi müəyyənlik” prinsipinin şərtləri əsas götürülməklə bütün subyektlər (fiziki şəxslər, hüquqi şəxslər, dövlət və bələdiyyələr) dövlətin məcburi gücü ilə təmin olunan imperativ şəkildə müəyyən edilmiş hüquq normalarına əməl etməyə borcludurlar. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq normasının şərh edilməsi (rəsmi şərh) və ya dəyişdirilməsi, ləğvi səlahiyyəti müvafiq orqanlara (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Milli Məclis) məxsusdur. Hüquq tətbiq edən məhkəmələr hüquq təfsirini məhdud formada, hüquq sahəsinin və hüquq normasının mahiyyətinə uyğun şəkildə həyata keçirə bilərlər. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasında məhkəmələr hüquq yaradan orqanlar olmamaqla qüvvədə olan hüquq normalarının tətbiqi ilə mükəlləfdirlər. Məhkəmələrin təfsir səlahiyyəti də, məhdud qaydada, yalnız müvafiq ümumi və ya sahəvi prinsiplər çərçivəsində həyata keçirilir. Məhkəmə yekun nəticəyə gələrkən,iddiaçının subyektiv hüququ ilə bağlı yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli Qərarında formalaşan hüquqi mövqeyi əsas götürür. Həmçinin mülki iş üçün mühüm əhəmiyyət kəsb edən və iddia tələbinin predmetini təşkil edən 1 ədəd Belarus-892 markalı traktorun və 1 ədəd AG-14-4 markalı kotanın kimin mülkiyyətində olması ilə bağlı hüquqi vəziyyətinin müəyyən olunmasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında formalaşan hüquqi mövqeyi əsas götürür. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə münasibətdə isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci ill tarixli Qərarında formalaşan hüquqi mövqedən çıxış edir.

25. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və sair” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar