Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-296/2021 08.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Məhkəməyə ünvanlanmış iddia ərizəsindən və ona əlavə sənədlərdən görünür ki, iddiaçı, eləcə də cavabdeh Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, N saylı hərbi hissədə rəsmi qeydiyyatda olsalar da, onlardan iddiaçı faktiki olaraq Siyəzən rayonu, Zarat kəndində qeydiyyatsız yaşayır. İddiaçı hazırkı iddia tələbi ilə aidiyyəti üzrə cavabdehin, eləcə də özünün rəsmi qeydə alındığı yerə görə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməli olduğu halda, Azərbaycan Respublikasının MPM-nin tələblərinə əməl etməyərək Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan əlavə, hazırkı iddia tələbinə Siyəzən Rayon Məhkəməsində baxılması üçün Azərbaycan Respublikası MPM-nin 36.3-cü maddəsində nəzərdə tutulmuş əsasın tətbiq edilməsi istisna edilir. Belə ki, iddiaçı faktiki yaşayış yeri kimi Siyəzən rayonu, Zarat kəndini göstərməsinə və bu barədə arayış almasına baxmayaraq, sonuncunun həmin ünvanla hüquqi bağlılığını təsdiq edəcək hər hansı bir sübut və ya sənəd iş materiallarına əlavə edilməmişdir. Qeyd olunan bu halın mövcudluğu da işə Siyəzən Rayon Məhkəməsində baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, cavabdehin, eləcə də iddiaçının rəsmi yaşayış yeri Siyəzən rayonunun inzibati ərazisində yerləşmədiyinə, nəticədə mülki iş ərazi aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə aid olmadığına görə iddia ərizəsinin icraata qəbul edilərək baxılması mümkün deyildir. İddiaçı izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-296/2021
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-296/2021
08.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver