Məhkəmə qərarları › İş №2(059)-478/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-478/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-478/2021 20.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat əsas, 509,76 manat faiz, 39,32 manat cərimə olmaqla, cəmi 2549,08 manat borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı Bankla cavabdeh arasında bağlanmış 20 avqust 2020-ci il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən bank cavabdehə 24 ay müddətinə, illik 27,5% dərəcəsi ilə 2000 manat kredit vermiş, habelə sonuncuya bank hesabı (cari, kredit) açmış, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, 20 avqust 2020-ci il kredit və bank hesabı müqaviləsi üzrə cavabdehin banka, cəmi 2549,08 manat borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, 20 avqust 2020-ci il tarixli, 467nkQUBA/20 nömrəli kredit və bank hesabı müqaviləsinə əsasən "xxxx" KB ASC Cavabdeh 24 ay müddətinə, illik 27,5% ödəmək şərti ilə 2000 manat məbləğində kredit vermiş və bank hesabı açmışdır. İşdə olan "xxxx" KB ASC-nin 23 iyul 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 20 avqust 2020-ci il tarixli, 467nkQUBA/20 nömrəli kredit və bank hesabı müqaviləsinə əsasən "xxxx" KB ASC-yə 2000 manat əsas, 509,76 manat faiz, 39,32 manat cərimə olmaqla, cəmi 2549,08 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 13 aprel 2021-ci il tarixli bildiriş məktubunun surətindən görünür ki, yaranmış borcla əlaqədar iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan 23 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, "xxxx" KB ASC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Kredit və bank hesabı müqaviləsinin 3.1-ci bəndinə görə borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 (bir) təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq Bank borcalana qarşı kredit üzə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40% miqdarında cərimə tətbiq edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclu yazılı formada bağlanmış kredit və kredit kartına dair müqavilələrinin şərtlərinə əməl etməməklə kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Bankla Cavabdeh arasında 20 avqust 2020-ci il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən bank cavabdehə 24 ay müddətinə, illik 27,5% dərəcəsi ilə 2000 manat kredit verilmiş, habelə sonuncuya bank hesabı (cari, kredit) açmış, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, 20 avqust 2020-ci il kredit və bank müqaviləsi üzrə cavabdehin banka, cəmi 2549,08 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 20 avqust 2020-ci il tarixli, 467nkQUBA/20 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə 2000 manat əsas, 509,76 manat faiz, 39,32 cərimə olmaqla, cəmi 2549,08 manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutularaq ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 20 avqust 2020-ci il tarixli, 467nkQUBA/20 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə 2000 manat əsas, 509,76 manat faiz, 39,32 manat cərimə olmaqla, cəmi 2549,08 (iki min beş yüz qırx doqquz manat 08 qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar