Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-512/2020 16.12.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu İddiaçı cavabdeh X3 qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı əvvəlki, yəni 20 oktyabr və xx xxxxxx 2020-ci il tarixli qərardadlarda göstərilmiş nöqsanları tam şəkildə aradan qaldırmamış və xx xxxxxx 2020-ci il tarixdə təkrarən cavabdeh X3 qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, ərizədə iddiaçının adı, soyadı, ata adı, eləcə də cavabdehin adı, soyadı qeyd edilsə də, sonuncunun ata adı, iddiaçının isə poçt ünvanı lazımi qaydada göstərilməmiş, cavabdehə qarşı yönələn tələb dəqiqləşdirilməmiş (aydınlaşdırılmamış), ərizəyə əlavə edilən sənədlərin siyahısı müvafiq qaydada qeyd edilməmiş, həmçinin, ərizəyə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları və poçt ünvanları göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 149.2.5-ci maddəsinə əsasən iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Bundan başqa, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi cavabdeh X1 rayonu, Sitalçay kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi həmin normalar imperativ xarakter daşımaqla iddia ərizəsinin cavabdehin qeydə alındığı yerin məhkəməsinə verilmə qaydasını müəyyən edir. Beləliklə, məhkəməyə ünvanlanmış iddia ərizəsindən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə aidiyyəti üzrə cavabdeh X2 rəsmi yaşayış yer üzrə Xızı Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, Azərbaycan Respublikasının MPM-nin tələblərinə əməl etməyərək Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən aidiyyəti üzrə Xızı Rayon Məhkəməsinə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh X3 qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-512/2020
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-512/2020
16.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver