Məhkəmə qərarları › İş №2(059)-95/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-95/2021

12.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-95/2021 12.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə tutulan 54 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulmaqla, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə cavabdehlə birgə nikahdan doğulmuş xx xxxxx 2013-cü il təvəllüdlü Səmanın yetkinlik yaşına çatanadək saxlanılması üçün 108 manat məbləğində alimentin qarşı tərəfdən alınaraq onun xeyrinə ödənilməsi qət edilsə də, bu məhkəmənin qanuni qüvvəsini almış xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı azaldılmış, o cümlədən qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 54 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Qızı Səmanın böyüməsi ilə sonuncunun maddi vəsaitlə həll olunan sosial qayğılarının artması, habelə müəyyən olunan alimentin məbləğinin qanunda nəzərdə tutulandan çox aşağı miqdarda, yəni, uşaqlar üçün minimum həddən belə az məbləğdə olması, uşağın yeməyinə, geyiminə və təhsil xərclərinə kifayət etmir. Həmçinin, özü fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olaraq, hər ay təqribən 200 manat qazanc və çətinliklə də olsa 54 manat aliment əldə etməsinə baxmayaraq, bu vəsaitlər uşağın maddi ehtiyaclarını ödəməyə kifayət etmədiyinə görə o, qızı Səmanın saxlanılmasında maddi cəhətdən çox çətinlik çəkir. Bu səbəbdən də, alimentin miqdarının artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məlum olan axırıncı yaşayış yerinə məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehə bildirişi təqdim etmək mümkün olmamış və bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyat aparılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 147 və 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Siyəzən RPŞ tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AA1724781 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, eləcə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X2 xx xxxxx 2013-cü il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(059)-714/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün həmin Məhkəmənin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə hər ay 108 (bir yüz səkkiz) manat məbləğində tutulan alimentin miqdarı dəyişdirilməklə, xx xxxxxxx 2015-ci il tarixdən başlayaraq, cavabdehdən xx xxxxx 2013-cü il təvəllüdlü Səmanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 54 (əlli dörd) manat sabit pul məbləğindən alimentin alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşağının artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında xx xxxxxx 2020-ci il tarixli Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 175 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx xxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun minimum maddi təminatını və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən xx xxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(059)- 714/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən xx xxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(059)-714/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar