Məhkəmə qərarları › İş №2(060)-112/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-112/2025

20.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-112/2025 20.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası “X4” İctimai Birliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası “X4” İctimai Birliyinə qarşı «qanunsuz tikilinin sökülməsi və ərazinin boşaldılması tələbi»nə dair iddia ərizəsi ilə bağlı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh X5 qarşı «qanunsuz tikilinin sökülməsi və ərazinin boşaldılması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu adlanan ərazidə mülkiyyət hüququna dair 2 çıxarışa əsasən 0,1142 ha ( 0.06 + 0.0542) torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt edilmiş və orada tikili inşa edilmişdir. İddiaçı cavabdehə torpağının qanunsuz zəbt edilməsini bildirib tikilisini sökməyi və zəbt edilmiş torpaq sahəsini boşaltmağı təklif etsə də, cavabdeh könüllü olaraq bunu etməkdən imtina etdi. Buna görə də iddiaçı torpağının zəbt edilməsi barədə polisə şikayət etmişdir. Şikayət ərizəsi Sumqayıt şəhər Pİ İŞ-də araşdırıldı və mübahisənin mülki xarakter daşıması əsas gətirilərək cinayət işinin başlanmasından imtina edildi və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək məsləhət görüldü. İddiaçı torpaq sahəsinin koordinatlarının təyin olunması barədə Reyestr Xidmətinə müraciət etmişdir və Sumqayıt 2 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən yoxlamadan sonra iddiaçıya rəsmi məktubla bildirildi ki, iddiaçının torpaq sahəsinin 69,44 kv.metr hissəsi qonşu tərəfindən (cavabdeh) zəbt edilmişdir. Ona görə də iddiaçı bu iddia ilə məhkəməyə müraciət edir. Torpaq sahəsi iddiaçının şəxsi mülkiyyətindədir və mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. İddiaçı öz mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və sahiblənmiş cavabdehdən tələb etmək, onu həmin sahədən çıxartmaq hüququna malikdir. Ona görə də məhkəmə qaydasında cavabdehin həmin sahədə inşa etdiyi tikili cavabdehin öz hesabına sökülərək, cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Göstərilənlərə əsasən Sumqayıt şəhəri “Azərbaycan Dəmir yolu yük həyəti” rayonu ünvanda iddiaçıya məxsus 0,1142 ha torpaq sahəsinin zəbt edilmiş 69,44 kv.metr hissəsində inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülərək, cavabdehin həmin ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ərizə təqdim edilərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası “X4” İctimai Birliyi ilə əvəz edilməsi məhkəmədən xahiş edilmişdir.

4. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Sumqayıt şəhəri “Azərbaycan Dəmir yolu yük həyəti” rayonu ünvanda iddiaçıya məxsus 0,1142 ha torpaq sahəsinin zəbt edilmiş 70,5 kv.metr hissəsində inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülərək, cavabdehin həmin ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası “X4” İctimai Birliyinin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları məcmu halda araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, № ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” rayonu ərazisində yerləşən 0,06 ha sənaye təyinatlı torpaqlar mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2014-cü il tarixdə ********** saylı nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 101 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır.

9. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, № ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” rayonu ərazisində yerləşən 0,0542 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digət təyinatlı torpaqlar mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2015ci il tarixdə ********** saylı nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 120 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır.

10. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanan torpaq sahəsinin koordinatlarının təyin olunması barədə xx.xx.2022-ci il tarixli, **********18 saylı məktubun surətindən görünür ki, Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” rayonu ünvanında yerləşən torpaq sahəsinin koordinatlarının təyin edilməsinə köməklik göstərilməsi barədə 09 sentyabr 2022-ci il tarixli ərizəyə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Sözügedən torpaq sahəsinə iştirakı ilə texniki baxış keçirilmiş, torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada dəqiqləşdirilmiş və məlum olmuşdur ki, 69,44 kv.m hissəsi qonşu tərəfindən zəbt olunmuşdur. Bu haqda mülkiyyətçi məlumatlandırıldı.

11. İş materiallarında olan Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X6 tərəfindən qəbul edilmiş 07 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi, İddiaçı Sumqayıt şəhəri, dəmiryol yük həyəti ərazisində yerləşən torpaq sahəsində Teymur adlı şəxsin tərəfindən aparılmış tikinti işlərinin sökülməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.

12. Həmin qərardan görünür ki, İddiaçı izahatında göstərmişdir ki, xx.xx.2014-cü ildən Sumqayıt şəhəri, Dəmiryolu yük həyəti ərazisində ona məxsus 0,06 hektar sənaye tipli torpaq sahəsi varmış. Torpaq sahəsinin ona məxsusluğu barəsində rəsmi sənədləri də varmış. Belə ki, həmin qeyd etdiyi torpaq sahəsində müəyyən xırda sahibkarlıq obyekti yaratmaq məqsədi olmuşdur. Bu səbəbdən də bu ilin sentyabr ayının əvvəllərində həmin torpaq sahəsinə baxış keçirmək üçün getmişlər. Orada olan zaman torpaq sahəsinin müəyyən hissəsinə əvvəl tanımadığı Teymur adlı şəxs daxil olaraq, oranı zəbt edərək, 12 daş üzərində daş hasara almışdır. Onlar ilk öncə həmin ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt etmiş Teymur adlı şəxslə söhbət edərək, onun hərəkətinin qanunsuz olduğunu və torpaq sahəsinin müəyyən hissəsinin zəbt etdiyini bildirsələr də, həmin şəxs onların qanuni fikirlərinə önəm verməyərək, düz etdiyini bildirərək, oradan uzaqlaşmışdır. Bundan sonra rəsmi olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 2 saylı Sumqayıt Ərazi İdarəsinin əməkdaşlarının iştirakı ilə həmin onlara məxsus torpaq sahəsinə baxış keçirərək, Teymur adlı şəxsin torpaq sahəsinin 69,44 kv metr hissəsinin qanunsuz zəbt etdiyini bir daha müəyyən etmişlər. Bundan sonra Daşınmaz Əmlakın Ərazi İdarəsinin əməkdaşları da həmin Teymur adlı şəxslə danışıb onun qanunsuz onların torpağın 69,44 kv metrlik hissəsinin zəbt etdiyini və həmin orada aparılan tikintinin qanunsuz olması barədə bildirilsə də, həmin şəxs hər hansı müsbət addım atmamışdır. Verilən suala cavab olaraq bildirmişdir ki, onlar əvvəllər həmin torpaq sahəsinə baxış keçirsələr də, ilk öncə fikir verməmişlər. Lakin, sonradan həmin torpaq sahəsində təyinatı üzrə tikinti işləri aparmaq fikirinə düşdükdən sonra onlara məxsus olan torpaq sahəsinin dəqiq ölçülərin götürdükdən sonra orada müəyyən uyğunsuzluq yaranmış və onlar da aidiyyəti İdarə əməkdaşları ilə həmin torpaq sahəsinə baxış keçirərək, onlara məxsus torpaq sahəsinin 69,44 kv metrlik hissəsinin Teymur adlı şəxs tərəfindən zəbt edildiyini müəyyən etmişlər. Araşdırma zamanı İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, dəmiryol yük həyəti ərazisində yerləşən torpaq sahəsinin bir hissəsini zəbt edərək orada daş hasar tikdirən Teymur adlı şəxsin şəxsiyyətini müəyyən edib Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə təqdim etmək üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-nə əməliyyat tapşırığı verilmiş, lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Teymur adlı şəxsin şəxsiyyətini müəyyən edilərək Sumqayıt ŞPİHdin İŞ-nə təqdim edilməsi mümkün olmamışdır.

13. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/4266 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" X9 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-31/2-1290/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, texniki invertarlaşdırma işləri aparıldı. Vətəndaş İddiaçı adına qeydiyyata alınmış **********33 reyestr nömrəli torpaq sahəsi sənəd üzrə 600.0 kv.m göstərilmişdir lakin torpaq sahəsinin 70.5 kv.m hissəsi qonşu torpaq sahəsinin hasarı daxilindədir. Qonşu torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti sistemində qeydiyyata alınmamışdır, buna görə də torpaq sahəsinin kim tərəfindən istifadə edildiyi müəyyən edilə bilmədi. Ekspertiza xərci 100 manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri “Azərbaycan Dəmir yolu yük həyəti” rayonu ünvanda iddiaçıya məxsus 0,1142 ha torpaq sahəsinin 70,5 kv.metr hissəsində cavabdeh tərəfindən tikili inşa edilmişdir. Həmin tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Nəticədə həmin tikili iddiaçının qanuni sahiblik və istifadəsinə maneçilik yaratdığından iddiaçı haqlı olaraq qanunsuz tikilinin sökülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Göstərilən Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

17. Qeyd olunan Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

18. Eyni Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

19. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

21. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

22. Eyni Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

23. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

24. Bu Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

25. Həmin Məcəllənin 180.2-ci maddəsinə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

26. Bu Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

27. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

28. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

29. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır.

30. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

31. Eyni Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

32. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

33. Konvensiyanın 2-ci maddəsinin pozuntusunu təşkil edir; həmin maddənin müvafiq hissəsində deyilir: «Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa həyatdan məhrum edilə bilməz…».

34. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın 19 fevral 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir.

35. Hazırki mübahisəli vəziyyət üzrə xüsusi bilik tələb olunduğundan iş üzrə müvafiq ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı adına qeydiyyata alınmış **********33 reyestr nömrəli torpaq sahəsi sənəd üzrə 600.0 kv.m göstərilmiş, lakin torpaq sahəsinin 70.5 kv.m hissəsi qonşu torpaq sahəsinin hasarı daxilindədir. 36 Göründüyü kimi cavabdehin iddiaçıya məxsus torpaq sahəsi üzərində tikili inşa etməsi iddiaçının sahiblik və istifadə hüquqlarının pozulmasına səbəb olmuşdur.

37. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

39. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

40. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

42. Məhkəmə hesab edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsi ilə bağlı əsaslı dəlillər irəli sürülmədiyindən həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

43. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri “Azərbaycan Dəmir yolu yük həyəti” rayonu ünvanda İddiaçı məxsus 0,1142 ha torpaq sahəsinin zəbt edilmiş 70,5 kv.metr hissəsində inşa edilmiş tikili cavabdeh Azərbaycan Respublikası “X4” İctimai Birliyinin vəsaiti hesabına sökülməli, cavabdeh Azərbaycan Respublikası “X4” İctimai Birliyi həmin ərazidən çıxarılmalıdır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

46. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

47. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikası “X4” İctimai Birliyindən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

Nəticə hissəsi:

51. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri “Azərbaycan Dəmir yolu yük həyəti” rayonu ünvanda İddiaçı məxsus 0,1142 ha torpaq sahəsinin zəbt edilmiş 70,5 kv.metr hissəsində inşa edilmiş tikili cavabdeh Azərbaycan Respublikası “X4” İctimai Birliyinin vəsaiti hesabına sökülsün, cavabdeh Azərbaycan Respublikası “X4” İctimai Birliyi həmin ərazidən çıxarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikası “X4” İctimai Birliyindən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver