Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2215/2021 24.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi X5, Cavabdeh və onun nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı mənzilin boşaldılması və digər tələbləri, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı zərərin və çəkilən xərclərin əvəzinin ödənilməsi tələbi barədə ilkin və qarşılıqlı iddialarına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: V.İ.V.» Mənzil Tikinti Kooperativi (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən Sumqayıt şəhəri, 4-cü məhəllə, Heydər Əliyev prospekti, 149 ünvanında inşa olunmuş yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən 115 kvadrat metrlik 50 saylı mənzilin cavabdeh tərəfindən boşaldılması, həmin mənzildə cavabdeh tərəfindən özbaşına aparılmış yenidənqurma işlərinin onun hesabına ləğv edilərək mənzilin cavabdehin hesabına əvvəlki vəziyyətə gətirilməsi, vurulmuş maddi ziyan məbləği olaraq 10 000 manat, işgüzar nüfuzuna xələl gətirdiyinə görə də 10 000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 1(101)-1249/2020 saylı hökmü ilə təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə ittiham hömünü çıxararkən belə bir qənaətə gəlmişdir ki, X8 cavabdehdən 55 300 manat məbləğində pul vəsaitini alaraq ona qarşı dələduzluq əməlini törətmişdir. Həmin məhkəmə işinin gedişatında aparılmış araşdırmalar və iş materiallarında olan sənədlərdən də göründüyü kimi, X8 cavabdehdən pul alaraq onu aldatmış, iddiaçı tərəfindən Sumqayıt şəhəri,4-cü məhəllə, Heydər Əliyev prospekti, 149 ünvanında inşa olunmuş yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən 115 kvadrat metrlik 50 saylı mənzili hər hansı hüquqi əsaslar olmadan cavabdehə təhvil verərək həmin mənzildə onun tərəfindən təmir işlərinin aparılmasına şərait yaratmışdır. Halbuki, sözügedən mənzil iddiaçı tərəfindən cavabdehə satılmamış, onunla mənzilin alqısatqısına dair hər hansı müqavilə bağlanmayaraq ona müvafiq maliyyə arayışı da verilməmişdir. X3 guya sözügedən mənzilin dəyəri qismində cavabdehdən aldığı pul vəsaiti tam şəkildə onun özü tərəfindən mənimsənilmiş və qeyd olunan məbləğin iddiaçıya hər hansı aidiyyəti yoxdur. Belə ki, X8 “V.İ.V" MTK-da işlədiyi dövrdə icraçı direktor vəzifəsində çalışsa da, onun səlahiyyəti mənzili almaq üçün müştəri müraciət etdikdə onu mənzillə tanış etmək, mənzilin dəyəri hesablandıqdan və müştəri tərəfindən tam şəkildə MTK-nın xəzinəsinə ödənildikdən sonra mənzilin alqı- satqı müqaviləsini tərtib edərək imzalamaq üçün MTK-nın rəhbərliyinə təqdim etmək, eləcə də mənzillərdə yaşayan sakinlərdən kommunal ödənişlərin qəbul edilməsindən ibarət olmuşdur. Bu səbəbdən 2019-cu ilin may ayında sözügedən mənzilin qanunsuz olaraq cavabdeh tərəfindən tutulduğu və orada təmir işlərinin aparıldığı iddiaçı tərəfindən müəyyən olunduqdan dərhal sonra cavabdehdən təmir işlərini dayandırması, mənzilin dəyərini tam şəkildə MTK-nın xəzinəsinə ödəməsi, yaxud da mənzili boşaltması tələb olunmuşdur. Lakin cavabdeh bugünədək mənzili boşaltmamış və mənzili boşaltmaq üçün mənzilin təmirinə çəkdiyini iddia etdiyi pul məbləğini əsassız olaraq iddiaçıdan tələb edir. Nəticədə iddiaçı öz mülkiyyətində olan mənzilindən qanunsuz olaraq məhrum edilməklə yanaşı, həmin mənzil üzərində sərəncam vermək hüququ da məhdudlaşdırılmışdır. Bununla da iddiaçı həm maddi ziyana uğramış, həm də şirkətin işgüzar nüfuzuna xələl gətirmişdir. Belə ki, cavabdehin mənzili boşaltmaması səbəbindən iddiaçı həmin yaşayış sahəsini özgəninkiləşdirmək və maddi gəlir əldə etmək imkanından məhrum olmuşdur. Eyni zamanda bu xoşagəlməz hal şirkətin işgüzar nüfuzuna da xələl gətirməkdədir ki, bu da yenə də şirkətin maddi zərərə uğraması anlamına gəlir. Bütün bu sadalananlara əsaslanaraq və cavabdehin yaranmış mübahisəni danışıqlar yolu ilə həll etmək niyyətində olmadığını nəzərə alaraq iddiaçı müvafiq iddia tələbləri ilə məhkəməyə müraciət etməyə qərar vermişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia tələbinin artırılması barədə ərizə verərək, ilkin iddianın təmin olunmaması, "xxxx" MTK-dan, X1 və X2 müştərək qaydada maddi zərərin əvəzi qismində 55300 manat məbləğində pul vəsaitinin, Sumqayıt şəhəri, 4cü məhəllə ərazisində inşa edilən yaşayış binasının sahəsi 115 kvadrat metrdən ibarət 50 saylı mənzildə aparılmış təmir və yenidənqurma işlərə görə cavabdeh tərəfindən çəkilən xərclərin əvəzi qismində 37000 manat məbləğində pul vəsaitinin, cəmi 92300 manat məbləğində pul vəsaitinin tutulub cavabdehə ödənilməsi, ilkin iddia mübahisəli mənzildən çıxarılma hissəsində təmin ediləcəyi təqdirdə qarşılıqlı iddia üzrə iddia tələbi olan 92 300 manat məbləğində pul vəsaitinin cavabdehə ödənilməsi barədə tələblərin eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 2018-ci ilin əvvəllərində iddiaçının həmin dövrdəki icraçı direktoru olan X8 ilə bağladığı əqdə əsasən, iddiaçı tərəfindən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində inşa edilən yaşayış binasının sahəsi 115 kv.m-dən ibarət 50 saylı mənzilin hər kvadrat metrinin dəyəri 750 manat hesabı ilə cəmi 86 000 manat məbləğinə alması barədə razılığa gəlmiş, bununla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 2018 - 2019-cu illər ərzində MTK-nın icraçı direktoru Orxan Mahmudova cəmi 55000 manat məbləğində pul vəsaiti ödəsə də, Orxan Mahmudov müxtəlif bəhanələrlə müvafiq müqavilənin nüsxələrini imzalamaq üçün cavabdehə təqdim olunmasından yayınmışdır. Lakin 50 saylı mənzillə bağlı iddiaçı və yaxud üçüncü şəxslər tərəfindən hər hansı digər narahatçılıq yaradılmadığından müqavilənin faktiki qüvvədə olduğuna əmin olub aldığı mənzilin təmir-abadlaşdırma işinə başlamış və bununla bağlı ümumilikdə təxminən 37000 manat məbləğində xərc çəkmişdir. Sonradan cavabdehə məlum olmuşdur ki, MTK-nın təsisçisi X9 mübahisəli mənzilin guya onun xəbəri olmadan satılmasına görə X6 MTK-nın direktoru vəzifəsindən azad etmiş, nəticə olaraq cavabdeh bu günə qədər iddiaçı tərəfindən mübahisəli mənzilə buraxılmır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-1249/2020 nömrəli, 20 noyabr 2020-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən apelyasiya şikayəti verildiyindən, cinayət işi hazırda Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatındadır. Həmin hökmdən də göründüyü kimi aparılmış araşdırma zamanı iş üzrə müəyyən edilmiş halları ilə kifayət qədər təsdiq olunmuşdur ki, 50 saylı mənzildə cavabdeh har hansı özbaşına işləri aparmamış, yenidənqurma və təmir işləri həmin dövrdə səlahiyyətli şəxs tərəfindən verilmiş icazə əsasında və mənzilin dəyərini ödənilməsi müqabilində tərəfindən aparılmışdır. Orxan Mahmudov icraçı direktoru vəzifəsindən azad olunandan sonra cavabdeh həmin mənzildə hər hansı işləri görməmişdir. X8 cavabdehin ödədiyi 55.000 manat məbləğində pul vəsaitinin əhəmiyyətli hissəsini məhz iddiaçının vergi öhdəlikləri və sair tələbatları üçün xərcləmişdir. Müqavilə münasibətlərinin düzgün formada rəsmilləşdirilmədiyi halı mübahisəli mənzili məhz səlahiyyətli şəxslə bağlanılan əqd nəticəsində alınması, müqavilə münasibətlərinə daxil olmağını və məhz həmin müqavilə münasibətlərindən yaranan əsaslarla təmir və yenidənqurma işlərinin aparılması faktının inkar edilməsi üçün əsas deyil. Həmçinin hökmdən göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh X9 təsisçi olsa da, MTK-nın rəhbərliyinə icrası üçün məcburi olan göstərişləri verirdi. Bununla da göründüyü kimi X9 MTK-da faktiki rəhbərliyi, o cümlədən faktiki olaraq sərəncamverici səlahiyyətləri bu günə qədər həyata keçirir. X4 verdiyi ifadəsinə əsasən, X3 fəaliyyəti isə MTK-da yalnız satış üçün nəzərdə tutulan mənzillərin potensial müştərilərə təqdim olunması, alqı-satqının rəsmilləşdirilməsi, ödəniş pullarının MTK-nın sahibinə təhvil verilməsi və əsasən kommunal xidmətləri məsələləri ilə məşğul olmasından ibarət olmuşdur. Mübahisəli mənzilə də cavabdeh, məhz X4 göstərişi ilə buraxılmır və ona qarşı iddia onun göstərişi əsasında verilmişdir. Əks halda İlqar Nuriyev mübahisəli mənzilin cavabdehə təhvil verilməsinə heç bir problem yaratmazdı. Mümkün deyil ki, X9 MTK-da faktiki rəhbərliyi həyat keçirdiyi təqdirdə və MTK-nın tikinti və sair işlərin gedişatı haqqında, o cümlədən 5 saylı mənzilin cavabdehə satılması və bir neçə ay ərzində həmin mənzildə kənar şəxslər tərəfindən təmir və yenidənqurma işlərinin aparılmasından xəbərdar olmasın. Belə ki, mübahisəli mənziln yerləşdiyi yaşayış binası iki blokdan ibarətdir. Həmin dövrdə MTK-da çalışan, hazırda isə MTK-nın icraçı direktoru vəzifəsinə təyin olunan X10 özü də sözügedən yaşayış binasının eyni blokun üçüncü mərtəbəsində mənzil almış, mübahisəli mənzil isə beşinci mərtəbədə yerləşir. O cümlədən bu səbəblərdən də mübahisəli mənzilin satılması, həmçin orada aylarla təmir və yenidənqurma işlərinin aparılmasının gözdən qaçırılması mümkün deyildir. Sumqayıt Şəhər Məhkəməsinin 09.04.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi məhkəməyə daxil olanadək dayandırılmışdır. 30.11.2021-ci il tarixində ekspertin ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumatə məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, artıq mübahisə demək olar ki, həll olunmuşdur. Belə ki, mübahisədi predmeti olan mənzil artıq başqa şəxsə satılmışdır. Ona mənzillə bağlı çıxarış da verilmişdir. Məhkəməyə müraciət etdikləri dövrdə cavabdeh mənzilin əvvəlki vəziyyətini bərpa etmək şərtilə mənzildən çıxmırdı. Bu səbəbdən onlar cavabdehin könüllü çıxması üçün məhkəməyə müraciət etmişlər. Cavabdehin mənzildə olan əşyaları mənzilin sahibi tərəfindən binanın blokuna yığılmışdır. Ekspertiza ilə bağlı iddiaçıya heç bir xəbər verilməmişdir. Belə ki, iddiaçı ekspertin mənzilə baxış keçirməsinə hər hansı maneçilik törətmək fikrində olmayıb. İddiaçı öz tələbinin üstündə qalır. Belə ki, cavabdehin bildirdikləri həqiqət olsa da, mənzili cavabdehə Orxan Mahmudov satıb və Orxan Mahmudov etdiyi əməlin cəzasını çəkir. Orxan Mahmudovla cavabdeh arasında olan məsələlərin MTK-ya və ya İlqar Nuriyevə heç bir aidiyyəti ola bilməz. MTK ilə cavabdeh arasında mənzillə bağlı heç bir müqavilə bağlanmamışdır. Qeyd edilənlərə əsasən nümayəndə ilkin iddianın təmin olunmasını və qarşılıqlı iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, o, mənzili Orxan Mahmudovdan almışdır. Orxan Mahmudovu uzaqdan tanıyırdı. O, cavabdehə bildirmişdir ki, MTK-da mənzillər nağd şəkildə satılır, lakin o, rəhbərliklə danışacaq və cavabdehə köməklik göstərəcəkdir. X7 bildirib ki, mənzili nisyə almaq istəyirsə yalnız şifahi razılaşmaya əsasən mənzili ona sata bilər. O, Orxan Mahmudova inanmış və onun razılığı ilə ödəniş həyata keçirmiş və mənzilin açarlarını təhvil alaraq təmirə başlamışdır. O, təxminən 10 aya yaxın evi təmir etdirmişdir. Mənzilin dəyərini isə tam şəkildə Orxan Mahmudova ödəmişdir. Qeyd edilənlərə əsasən cavabdeh ilkin iddianın təmin olunmamasını və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili qarşılıqlı iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, X9 "xxxx" MTK-da faktiki rəhbərliyi həyata keçirdiyi halda və MTK-nın tikinti və sair işlərin gedişatı haqqında, o cümlədən 50 saylı mənzilin cavabdehə satılması və bir neçə ay ərzində həmin mənzildə kənar şəxslər tərəfindən təmir və yenidənqurma işlərinin aparılmasından xəbərdar olmaması qeyri-mümkündür. Belə ki, mübahisəli mənzilin yerləşdiyi yaşayış binası iki blokdan ibarətdir. Həmin dövrdə MTK-da çalışan, hazırda isə MTK-nın icraçı direktoru vəzifəsinə təyin olunan X10 özü də sözügedən yaşayış binasının eyni blokun üçüncü mərtəbəsində mənzil almış, mübahisəli mənzil isə beşinci mərtəbədə yerləşir. O cümlədən bu səbəblərdən də mübahisəli mənzilin satılması, həmçin orada aylarla təmir və yenidənqurma işlərinin aparılmasının gözdənqaçırılması mümkün deyil. Cavabdeh tərəfindən mübahisəli mənzildə aparılmış təmir və yenidənqurma işlərinin dəyərinin müəyyən edilməsi üçün hazırkı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası aparılmışdır. Ekspert tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Məkəmə baxışı zamanı iddiaçının nümayəndəsi guya ekspertizanən keçirilməsinin tarixi və vaxtı barədə məlumatsız olduğunu bildirmişdir. Bu tamamilə yalandır. Ekspertiza baxışı zamanı İlqar Nuriyev şəxsən orada olmuş və mübahisəli mənzilə baxışın keçirilməsinə imkan verməmişdir. Qeyd edilən hal isə cavabdehin xeyrinə şərh edilməlidir. Cavabdeh qarşılıqlı iddiada ilkin iddiaçı ilə yanaşı Orxan Mahmudov və İlqar Nuriyevi də cavabdeh kimi göstərmişdir. Çünki onlar da ilkin iddiaçı ilə yanaşı qarşılıqlı iddiaya cavab verməli olan şəxslərdir. Hətta iddiaçı ilə cavabdeh arasında mənzillə bağlı müqavilə olmasa belə Orxan Mahmudov həmin dövrdə iddiaçının məsul işçisi olduğu üçün iddiaçı onun əmək fəaliyyəti ilə bağlı vurduğu ziyana görə məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən nümayəndə ilkin iddianın rədd olunmamasını, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Sumqayıt Şəhər Məhkəməsinin 24.12.2021-ci il tarixli, 2(060)-2215/2021 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi Orxan Mahmudova və İlqar Nuriyevə aid hissədə baxılmamış saxlanmışdır. Məhkəmə iştirak edənlərin izahatlarını dinləyib, iş materiallarını ilkin və qarşılıqlı iddiaların dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh 02.01.1985-ci il tarixində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. ünvan 4 2020-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-249/2021 saylı, 22.04.2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101) )-1249/2020 saylı, 20 noyabr 2020-ci il tarixli hökmü məhkumun və müdafiəçisinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). ünvan 4 2020-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Orxan Mahmudov "xxxx" MMC-nin icraçı direktoru vəzifəsinə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək özgənin əmlakını ələ keçirmə məqsədi cavabdehin etibarından sui-istifadə edib icraçı direktoru olduğu “VİV" MTK tərəfindən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində inşa edilən yaşayış binasının 115 kv.metrdən ibarət 50-ci mənzilinin hər kv.metrini 750 manata, mənzili isə cəmi 86000 manata daxili kredit yolu sonuncuya satacağını yalandan vəd verib aldadaraq vahid qəsdlə 2018-ci ilin fevral ayının sonlarında Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində 1.000 manat, 2018-ci ilin mart ayının əvvəllərində Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən yeni inşa edilmiş yaşayış binasır 50-ci mənzilində 10 000 manat, 2018-ci ilin sentyabr ayının sonlarında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən Notariat Kontorunun qarşısında X12 vasitəsilə 20 000 manat, 2018-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri ərazisində X11 vasitəsilə 1000 manat, 2018-ci ilin noyabr ayının sonlarında Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində 2500 manat, 2019-cu ilin yanvar ayının sonlarında Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində Rüfət Kərimovun vasitəsilə 7000 manat, 2019-cu ilin sonlarında Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində 2900 manat, 2019-cu ilin əvvəllərində Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində 2500 manat, 2019-cu ilin ortalarinda Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində 2500 manat, 3 aprel 2019-cu ildə Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində 5000 manat, 10 aprel 2019-cu il tarixdə Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində 900 manat məbləğlərində olmaqla ümumilikdə 55 300 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs Cavabdeh külli miqdarda zərər vurmaqla dələduzluq etmişdir. Beləliklə qeyd edilən məhkəmə hökmü və iş üzrə tədqiq edilmiş digər sübutlar, eyni zamanda iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir ki, Orxan Mahmudov cavabdehi ona iddiaçı tərəfindən inşa edilmiş binada mənzil satması adı ilə aldadaraq cavabdehin 55300 manat pulunu mənimsəmişdir. Bununla da cavabdeh iddiaçı tərəfindən inşa edilmiş binada yerləşən 50 saylı mənzilə sahiblənərək iddiaçı ilə aralarında heç bir müqavilə olmadan həmin mənzildən istifadə etməyə və mənzildə təmir işləri aparmağa başlamışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (86.1.). Qeyd edilən normaların məzmunundan göründüyü kimi tərəflərin arasında öhdəliyin yaranması üçün müəyyən hallar istisna olmaqla onlar arasında müqavilə olması zəruridir. Mülki Məcəllədə həmçinin göstərilir ki, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.6.). Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (146.1.). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində inşa edilən yaşayış binasının sahəsi 115 kv.m-dən ibarət 50 saylı mənzilin (bundan sonra – mübahisəli mənzil) cavabdehə satılması ilə bağlı hər hansı müqavilə olmamışdır. X14 "xxxx" MTK-nın icraçı direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək cavabdehi aldatmış və onun pulunu mənimsəmiş və mübahisəli mənzili qanunsuz olaraq cavabdehin sahibliyinə vermişdir. Bu səbəbdən ilkin iddia cavabdeh tərəfindən mübahisəli mənzilin boşaldılması hissəsində təmin edilməlidir. Qarşılıqlı iddiaya gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilin satılması ilə bağlı hər hansı müqavilə olmadığı üçün hazırkı iş üzrə iddiaçı qarşılıqlı iddiaya cavab verməli olan şəxs deyildir. Bu səbəbdən qarşılıqlı iddia təmin edilə bilməz. İlkin iddianın mənzilin əvvəlki vəziyyətə gətirilməsi hissəsinə gəldikdə qeyd edilməlidir ki, iş üzrə cavabdeh tərəfindən mənzildə hər hansı təmir işlərinin aparılıbaparılmadığını müəyyən etmək üçün məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəy verməkdən imtina etmişdir. Bu səbəbdən ilkin iddia həmin hissədə təmin edilə bilməz. İlkin iddianın maddi ziyan və işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi hissəsinə gəldikdə qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində göstərilən məbləğdə maddi ziyana məruz qalması, habelə mübahisəli mənzilin cavabdeh tərəfindən qeyri-qanuni sahiblikdə saxlanması ilə bağlı onun işgüzar nüfuzuna zərər vurulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən iddia həmin hissələrdə təmin edilə bilməz. Cavabdeh tərəfin dəlillərindən biri ondan ibarət olmuşdur ki, Orxan Mahmudov həmin dövrdə iddiaçının məsul işçisi olduğu üçün iddiaçı onun əmək fəaliyyəti ilə bağlı vurduğu ziyana görə məsuliyyət daşıyır. Bununla bağlı qeyd edilməlidir ki, Mülki Məcəllədə göstərilmişdir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (1099.1.). Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (1099.2.). Qeyd edilən normalarda hüquqi və ya fiziki şəxsin öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıması öz əksini tapsa da, həmin norma hazırkı mübahisəyə tətbiq edilə bilməz. Belə ki, hazırkı halda cavabdehə Orxan Mahmudovun əmək (qulluq, mənsəb) vəzifələrinin icrasından irəli gələn mülki hüquq pozuntusu nəticəsində ziyan vurulmamışdır. Həmin ziyan Orxan Mahmudovun cinayət əməli nəticəsində vurulmuşdur ki, bu da qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçı Orxan Mahmudovun törətdiyi əmələ görə məsuliyyət daşıya bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Sumqayıt şəhəri, 4-cü məhəllə, Heydər Əliyev prospekti, 149 ünvanında inşa olunmuş yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən 115 kvadrat metrlik 50 saylı mənzil Cavabdeh tərəfindən boşaldılsın. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia "xxxx" Mənzil Tikinti Kooperativinə aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2215/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2215/2021
24.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Maddi ziyanın ödənilməsi - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver