Məhkəmə qərarları › İş №2(060)-2407/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2407/2024

27.06.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - İşə bərpa - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2407/2024 27.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azerbaijan Construction’’ MMC-yə qarşı ödənilməyən əmək haqqının və son haqq-hesabının ödənilməsi, işə bərpa və məcburi işburaxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair mülki işə 27 iyun 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azerbaijan Construction’’ MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin rəhbəri X1 tərəfindən onun 2023-cü ilin oktyabr, noyabr, dekabr və 2024-cü ilin yanvar, fevral ayına qədər olan olan ödənilməmiş aylıq əmək haqqının və son haqq hesabının cəmi 5000 manat ödənilməsi, 2024-cü ilin fevral ayından sonra işə bərpa olunduğu günə qədər keçmiş hər ay üçün 1000 manat məbləğində pulun ödənilməsinin cavabdehin üzərinə qoyulması, Cavabdeh MMC tərəfindən qanunsuz işdən çıxarılmağı nəticəsində məruz qaldığı psixoloji gərginliklərin mənəvi zərər kimi tanınması, bunun əvəzi olaraq MMC-dən 3000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ötən ilin oktyabr ayında “Azerbaijan Construction’’ MMC-də hüquqşunas kimi işə qəbul olunub və həmin müddətdə onunla 06.10.23-cü il tarixində əmək müqaviləsi bağlanmışdır. Bildirmək istərdi ki, o, həmin müəssisədə işə qəbul olan gündən son tarixə qədər hər zaman öz əmək funksiyalarını dəqiq bir şəkildə yerinə yetirib. Lakin, 13.11.23-cü il tarixində onun əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən ləğv edilmişdir. Hesab edir ki, bu əmr qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh MMC-nin rəhbəri İqbal Məhərrəmov onunla rəsmən müddətsiz əmək müqaviləsi bağlamış və onu sistemə yerləşdirmişdir (sistemdən çıxarış əlavə olunur). Qarşılıqlı razılaşmaya əsasən maaş 600 manat müəyyən olunmuşdur. Bundan başqa, qarşılıqlı şifahi razılaşmaya görə inzibati xərclər (nəqliyyat, rabitə, dəftərxana və sairə) üçün hər ay maaşa əlavə olaraq 400 manat ödənilməli idi. Bu məbləğin MMC-nin hesabından ona ödənilməsi barədə İ.Məhərrəmov müəssənin mühasibinə şifahi göstəriş vermişdir. Əmək müqaviləsinə görə onun gündəlik iş vaxtı 7 saat təşkil edirdi. Qarşılıqlı razılaşmaya görə o, həmin dövrdə çalışdığı ofisdə işini təşkil edəcək, yalnız zəruri hallarda lazımi idarə və müəssələrə gedəcəkdi. Çünki həmin dövrdə MMC-nin özünün ofisi yox idi. Həmin dövrdə heç Cavabdeh MMC mövcud deyildi. İ.Məhərrəmov iddia edirdi ki, o, fərdi sahibkar qismində tikinti işləri aparır və artıq hüquqi şəxs qismində fəaliyyətini davam etdirmək istəyir. Bunun üçün MMC yaratmaq, fərdi sahibkar hesabında olan məbləği, tikintisini başa çatdırdığı hündürmərtəbəli binalar üçün alacağı məbləğləri də MMC-nin hesabına köçürmək istəyir. Onun işə götürmək istədiyi o, mühasib və menecer İ.Məhərrəmovun bu vədlərinə inanaraq hüquqi şəxsin yaradılması və işinin təşkilində könüllü qismində ona kömək etmişlər. Mühasib onun üçün MMC qeydiyyatdan keçirmiş, "xxxx" almışdır. O isə yeni yaranmış MMC üçün möhür və çoxlu sayda rəsmi blanklar hazırlatdırmışdır. Bütün bunları o, öz vəsaiti hesabına etmişdir, çünki hesab etmişdir ki, yeni iş yeri açılır. Aralarında əmək müqaviləsi rəsmiləşdiriləndən sonra İ.Məhərrəmov həmin dövrdə müəssənin mühasibinin çalışdığı ofisdə bir otağı icarəyə götürmək və orada MMC-nin ofisini yerləşdirmək fikrinə düşmüş və bunu etmişdir. Amma həmin otaqda ofis üçün heç bir mebel və ofis texnikası (kompyuter, çap avadanlığı və sairə) yox idi. O, əvvəl çalışdığı ofisdən MMC-nin otağına qabaq masası, oturacaqlar, kompyuter masaları, 2 ədəd kompyuter aparmışdır. O və digər işçilər hər gün saat 9-da MMC-nin ofisinə gedir və axşam saat 18-20-ə qədər orada işləyirdilər. İ.Məhərrəmovun təkidi ilə onlar hətta fasiləyə getmir, bir çox hallarda şənbə və bazar günləri də işləyirdilər. Hətta evə gələndən sonra da İ.Məhərrəmov onlarla telefon zəngi və ya mesajlar ilə əlaqə saxlayır, müxtəlif tapşırıqlar verirdi. İşlərinin 1 ayı tamam olduqdan sonra o və digər işçilər maaşlarının ödənilməsini gözləmişdir. Bu zaman məlum olmuşdur ki, İ.Məhərrəmov maaş kartları üçün banka müraciət etməyib və MMC-nin bank hesabında vəsait yoxdur. Onlar bu barədə ondan soruşanda iddia etmişdir ki, tezliklə maaşları nağd şəkildə ödəyəcək. Bir qədər sonra İ.Məhərrəmov ofisə gəlməyi dayandırmış, bunu Bakıdakı tikintinin yekunlaşması üçün çalışmaları ilə əsaslandırmışdır. Amma MMCnin üzvlərindən ibarət Vatsap qrupunda onlara tapşırıqlar verməyi və onların icrası barədə hesabatları istəməyi davam etdirmişdir. Bir müddət sonra isə onların zənglərinə cavab verməmiş, telefonunu tamam söndürmşdür. MMC-nin bütün sənədləri, möhürü, asan imzası ofısdə olmuşdur. MMC-nin mühasibi 13.11.23-cü il tarixində ona bildirmişdir ki, İ.Məhərrəmovun telefon zəngi ilə verdiyi tapşırıq əsasında onun əmək müqaviləsinə xitam vermiş və bunu sistemdə yerləşdirmişdir. "xxxx" həmişə mühasibdə olduğu üçün bu tapşırığı İ.Məhərrəmov ona vermişdir. Bir müddət sonra İ.Məhərrəmov öz adına yeni "xxxx" almış və onun vasitəsilə də mühasibin və menecerin əmək müqavilələrinə xitam vermişdir. İ.Məhərrəmov ofisdən MMC-yə məxsus heç bir sənədi və möhürü götürməmişdir. Görünür o, ofisdə qalmış möhürü itmiş elan etmiş və bu aldatma yolu ilə yeni möhür əldə etmişdir. Onlara sonradan məlum olmuşdur ki, İ.Məhərrəmov həm onlara, həm də sifariş almaq üçün danışıqlar apardığı dövlət orqanları ilə apardıqları danışıqlarda, yazdığı məktublarda özü barədə yalan məlumatlar vermək ilə məşğul olmuşdur. Belə ki, o, dövlət və özəl qurumlara göndərilən məktub və müraciətlərdə özünü 2016-cı il Qarabağ müharibəsinin qazisi, “Şöhrət” ordeni ilə mükafatlandırılmış, Prezident təqaüdü alan şəxs kimi təqdim etmişdir. Sonradan məlum olmuşdur ki, bu məlumatlar həqiqətdən uzaqdır. Hal-hazırda müxtəlif sosial şəbəkələrdə İ.Məhərrəmov Cavabdeh MMC-nin adından reklam elanları yayaraq tikinti işlərinin aparılması üçün sifariş axtarır. Görünür o, öz saxta vədələri onun və digər işçilərin başına gətirdiklərini müştərilərə də tətbiq etməyə çalışır və bəlkə də artıq buna nail olub. Beləliklə də, işlədiyi 1 ay ərzində, müddətsiz əmək müqaviləsinə qanunsuz xitam verilməsi nəticəsində 2023-cü ilin noyabr-dekabr, 2024-cü ilin yanvar-fevral aylarında ödənilməli olan 5000 (beş min) manat məbləğində maaş Cavabdeh MMC tərəfindən ona ödənilməlidir. Bundan başqa, MMC-nin rəhbəri İ.Məhərrəmovun qanunsuz və yalançı hərəkətləri onda ciddi psixoloji gərginliklər yaratmış və ona mənəvi zərər vurmuşdur. Hesab edir ki, həmin zərərin əvəzi də MMC tərəfindən ödənilməlidir. Onda olan məlumata görə İ.Məhərrəmovun qanunsuz əməllərinin qurbanı olmuş digər işçilər də məhkəməyə müraciət etmək niyyətindədirlər. Məlumat üçün bildirir ki, İ.Məhərrəmov işçilərin maaşlarının ödənilməsi ilə yanaşı, MMC üçün icarəyə götürdüyü ofisin də icarə haqqını ödəməkdən yayınmışdır. Onu da qeyd edir ki, o, bu məsələ üzrə Sumqayıt 1 saylı Mediasiya Təşkilatma müraciət etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və nəticədə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul olunmuşdur. Nəticədə isə işlə bağlı heç bir irəliləyiş baş verməmiş və bu həll olunmadan qalmışdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, o, Cavabdeh MMC-yə qarşı iddia ərizəsi verərək bəzi tələblər irəli sürüb. Həmin iddiada göstərilən tələblərdə dəqiqləşdirmənin aparılması zərurəti yaranmışdır. İddia ərizəsində göstərildiyi kimi o, 6 oktyabr-13 noyabr dövründə, yəni bir təqvim ayı və əlavə 5 iş günü bu MMC-də işləyib. Aralarında olan yazılı və şifahi razılaşmaya görə bir təqvim ayı üçün ona 1000 (bir min) manat, yəni hər iş günü üçün 50 manat əmək haqqı ödənilməli idi. Beləliklə də, faktiki işlədiyi təqvim ayı üçün 1000 manat, 5 iş günü üçün isə 250 manat, ümumilikdə 1250 manat ödənilməli idi. Bundan başqa, hesab edir ki, məcburi iş buraxma dövrü üçün və qanunsuz işdən çıxarma nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi də MMC tərəfindən ona ödənilməlidir. Qeyd edilənlərə əsasən, iddiaçı onunla Cavabdeh MMC-nin rəhbəri X1 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz sayılması və onun əvvəlki iş yerinə bərpa olunması barədə qərar qəbul edilməsi, Cavabdeh MMC-nin rəhbəri X1 tərəfindən ona 2023-cü ilin 6 oktyabr və 13 noyabr dövrləri üçün ödənilməmiş aylıq əmək haqqınının və son haqq hesabının cəmi 1250 manat pulun ödənilməsi, məcburi buraxılmış 2023-cü ilin noyabr ayından başlayaraq işə bərpa olunduğu günə qədər, keçmiş hər ay üçün 1000 manat məbləğində pulun ödənilməsinin cavabdehin üzərinə qoyulması, Cavabdeh MMC tərəfindən qanunsuz işdən çıxarılma nəticəsində məruz qaldığı psixoloji gərginliklərin mənəvi zərər kimi tanınması, bunun əvəzi olaraq MMC-dən 3000 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət yarandığı müddətdən orada işləmişdir. Daha əvvəllər o, vəkil bürosunda işləmişdir. MMC-nin rəhbəri olan İqbal Məhərrəmov onu həmin yerdən işçi kimi istəmiş və onunla birlikdə həmçinin mühasibi də işə götürmüşdür. Mühasibin yanındakı otaqda boş yer var idi, həmin otağı onun üçün icarəyə götürmüşdü. Ofisə mebel avadanlığı lazım idi. Bu məsələdə o, cavabdehə dəstək olmuş, həmçinin ofisə 2 ədəd kompüter aparmışdır. Rəsmi olaraq maaşı 600 manat idi, lakin bundan əlavə 400 manat məbləğində pul da alırdı, yəni ümumi olaraq əmək haqqını 1000 manat məbləğində razılaşmışdırdılar. Qeyd edir ki, iş saatından əlavə də işləmiş, lakin həmin saatlara görə əlavə haqq almayıb. Cavabdeh tətil vaxtları, iş saatlarından kənar, gecə saatlarında həmişə ona və digər iş yoldaşlarına zəng edərək narahat etmiş, müəyyən danışıqlar aparmış və tapşırıqlar vermişdir. Hətta bu məsələ ilə bağlı bir dəfə həyat yoldaşı da cavabdehə müraciət etmişdir. Əmək haqqının verilməməsi ilə bağlı ailəsi ilə də əlaqə saxlamış, lakin heç nə dəyişməmişdir. Bildirir ki, əmək haqqına xitam verildiyi halda da evdən işləməyə davam etmişdir. Çünki cavabdeh ona tapşırıqlar verməyə davam etmişdir. Qeyd edir ki, məhkəməyə təqdim etdiyi səs yazılarında cavabdeh pulu ödəyəcəyini bildirmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, ona işdən çıxarıldığını mühasib bildirmişdi. Onu da qeyd edir ki, ona əmək müqaviləsi deyil, sadəcə olaraq mühasib tərəfindən əmək müqaviləsi üzrə sistemdən bildiriş təqdim edilmişdi. Həmçinin onun işdən çıxmağı barədə işəgötürən tərəfindən heç bir əmr tərtib edilməmiş, sadəcə olaraq mühasib ona vatsap vasitəsi ilə yazaraq işdən çıxarıldığını, yəni onunla bağlanmış müqaviləyə işəgötürən tərəfindən birtərəfli qaydada xitam verildiyini bildirmişdir. Hesab edir ki, ümumiyyətlə belə bir əmr yoxdur. Qarşı tərəf bir neçə şəxsləri də bu formada aldatmışdır. Bir halı da qeyd edir ki, məsələ ilə bağlı X2 müraciət etməyib. O birbaşa məhkəməyə müraciət etmişdir. Səs yazılarının bir hissəsi müəssisənin mühasibinə məxsusdur. Mühasib hər dəfə müəssisənin rəhbəri İqbal müəllimə müraciət edərək, işçilərin əmək haqlarının ödənilməsini tələb etdiklərini bildirmişdir. O isə cavabında hər dəfə bir bəhanə gətirərək pulu yaxın zamanda ödəyəcəyini bildirmişdir. Sonuncu dəfə ona məhkəməyə müraciət edəcəyini bildirdikdə ona heç kimin heç nə edə bilməyəcəyini bildirmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və SX014393925AZ və SS884834065AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamələrə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən və əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2023-cü il tarixdən aylıq əmək haqqı 600 manat olmaqla hüquqşünas vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə etdiyi Şəxsin əmək fəaliyyəti ilə bağlı məlumatlardan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə qüvvədən düşmüş və əmək müqaviləsinə xitam verilməsi bildirişi sistemə xx.xx.2023-cü il tarixdə daxil edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativhüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2023-cü il tarixdən müddətsiz əmək müqaviləsi bağlanmaqla hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə işəgötürənin təşəbbüsü ilə xitam verilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə işəgötürən tərəfindən əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Həmin Məcəllənin 70-cı maddəsinə əsasən müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.(71.1) Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.(71.2) İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır(71.3). Məhkəmə qeyd edir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən təminatlar müəyyən edilmişdir. Bu hal, həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir. İşəgötürən tərəfindən işə xitam verildikdə mübahisənin qanuni həlli baxımından göstərilən əsasla əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən edilmiş təminatlar aydınlaşdırılmalı və iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən bu təminatlara əməl edilib-edilməməsinə diqqət edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər barədə məlumatlar göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. (84.2) Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.(84.3) Məhkəmə hesab edir ki, İddiaçı işdən azad edilməsi ilə bağlı sənədləşdirmə qanunamüvafiq qaydada aparılmamış, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş bütün prosedurlara (xəbərdarlıq müddəti, əmək haqqının müəyyən mislinin ödənilməsi və s.) riayət olunmamışdur. Bu hal iş materialları, o cümlədən iddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatları ilə də öz təsdiqini tapır. Məhkəmə onu da qeyd edir ki, qeyd edilən halların tam və hərtərəfli araşdırılması üçün İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin və əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu (SX020454439AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamə) göndərilmiş, lakin həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 78-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir (78.2). Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir (78.3). Göründüyü kimi, cavabdeh MMC tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti (olduğu təqdirdə) və həmin əmrin verilməsinə əsas olmuş sənədlər, o cümlədən İddiaçı əmək müqaviləsinə işəgötürən tərəfindən hansı əsasla (ƏMnin 70-ci maddəsinin hansı bəndi və ya digər əsas) xitam verildiyi barədə məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsinin qanunsuz sayılması və onun Cavabdeh MMC-yə hüquqşünas vəzifəsinə işə bərpa edilməsi hissəsində təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi 2023-cü ilin 6 oktyabr və 13 noyabr dövrləri üçün ödənilməmiş aylıq əmək haqqının və son haqq hesabının, cəmi 1250 (iki min yüz) manat pulun ödənilməsi hissəsində də qismən təmin edilməlidir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tərəf işlədiyi müddət üçün əmək haqqı almaması hissəsində də iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Belə ki, məhkəmə bu nəticəyə gələrkən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş whatsapp yazışmaları və səs yazılarını nəzərə almışdır. Eyni zamanda cavabdeh qeyd edilənlərin əksinə dair, yəni iddiaçıya əmək haqqı ödənildiyi, onun hesabına əmək haqqının köçürülməsi və s. barədə məhkəməyə hər hansı sübut (ödəniş tapşırığı, bank köçürmələri və s.) təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən 2023-cü ilin 6 oktyabr və 13 noyabr dövləri üçün, yəni 1 ay 1 həftə üçün aylıq əmək haqqının məbləği 600 manatdan hesablanmaqla cavabdehə ödənilməmiş əmək haqqına görə 750 (600 + 150) manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh əmək qanunvericiliyinin tələblərini pozmaqla işçi ilə əmək münasibətlərinə xitam verdiyindən iddia tələbi İddiaçı xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu tarixə qədər məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi hissəsində də əsaslıdır. Lakin məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu tarixə qədər məcburi iş buraxmaya görə iddiaçıya hər ay üçün 1000 manat deyil, 600 manat əmək haqqı ödənilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçının aylıq əmək haqqı 600 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddianın mənəvi ziyanla bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə işçinin əmək haqqının onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olmasını, işəgötürənin işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmasını nəzərə alaraq hesab edir ki, işçinin əmək haqqının ödənilməməsi və qanunsuz olaraq işdən çıxarılmasının şəxsin mənəvi sarsıntı və iztirab keçirməsinə, son nəticədə isə onun mənəvi ziyan çəkməsinə səbəb olması danılmaz bir faktdır. Bu səbəbdən məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi hissəsində iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən iddiaçıya vurduğu mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdehin nümayəndəsi isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci də cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi qanunsuz hesab edilsin və İddiaçı Cavabdeh MMC-yə hüquqşünas vəzifəsinə işə bərpa edilsin. İddiaçı Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu tarixə qədər məcburi iş buraxmaya görə hər ay üçün 600 (altı yüz) manat əmək haqqı hesablanaraq ödənilsin. Cavabdeh MMC-dən 2023-cü ilin 06 oktyabrdan 13 noyabr tarixinədək olan dövr üçün ödənilməmiş əmək haqqına görə 750 (yeddi yüz əlli) manat, mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat və 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar