Məhkəmə qərarları › İş №2(060)-2408/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2408/2024

25.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2408/2024 25.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əhmədli Şəkər Vaqif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin rəhbəri X1 tərəfindən iddiaçının 2023-cü ilin oktyabr, noyabr, dekabr və 2024-cü ilin yanvar, fevral ayına qədər olan olan ödənilməmiş aylıq əmək haqqının və son haqq hesablanaraq iddiaçıya ödənilməsi, 2024-ci ilin fevral ayından sonra işə bərpa olunduğu günə qədər keçmiş hər ay üçün aylıq maaş ödənilməsinin cavabdehin üzərinə qoyulması, Cavabdeh MMC tərəfindən qanunsuz işdən çıxarılmaq nəticəsində məruz qaldığı psixoloji gərginliklər mənəvi zərər kimi tanınması, bunun əvəzi olaraq MMC-dən 3000 manat alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-də 17 noyabr 2023-cü il tarixədək işlədiyi müddətin əmək haqqı və son haqq-hesabının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin ilin oktyabr ayında Cavabdeh MMC-də menecer vəzifəsinə işə qəbul olunmuşdur və həmin müddətdə onunla 15.10.23cü il tarixində əmək müqaviləsi bağlanmışdır. İddiaçı həmin müəssisədə işə qəbul olan gündən son tarixə qədər hər zaman öz əmək funksiyalarını dəqiq bir şəkildə yerinə yetirmişdir. Lakin, 17.11.23-cü il tarixində iddiaçının əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən ləğv edilmişdir. Hesab edir ki, bu əmr qanunsuz və əsassızdır. Cavabdeh MMC-nin rəhbəri İqbal Məhərrəmov iddiaçı ilə rəsmən müddətsiz əmək müqaviləsi bağlamış və onu sistemə yerləşdirmişdir (sistemdən çıxarış əlavə olunur). Qarşılıqlı razılaşmaya əsasən maaş 345 manat müəyyən olunmuşdur. Bundan başqa, qarşılıqlı şifahi razılaşmaya görə inzibati xərclər (nəqliyyat, rabitə, dəftərxana və sairə) üçün hər ay maaşa əlavə olaraq 100 manat ödənilməli olmuşdur. Bu məbləğin MMC-nin hesabından iddiaçıya ödənilməsi barədə İ.Məhərrəmov müəssənin mühasibinə şifahi göstəriş vermişdir. Əmək müqaviləsinə görə iddiaçının gündəlik iş vaxtı 7 saat təşkil etmişdir. Qarşılıqlı razılaşmaya görə iddiaçı həmin dövrdə çalışdığı ofisdə işini təşkil edəcək, yalnız zəruri hallarda lazımi idarə və müəssisələrə gedəcəkdir. Çünki həmin dövrdə MMC-nin özünün ofisi olmamışdır.Həmin dövrdə heç “Azerbaijan Construction'" MMC mövcud olmamışdır. İ.Məhərrəmov iddia edirdi ki, o, fərdi sahibkar qismində tikinti işləri aparır və artıq hüquqi şəxs qismində fəaliyyətini davam etdirmək istəyir. Bunun üçün MMC yaratmaq, fərdi sahibkar hesabında olan məbləği, tikintisini başa çatdırdığı hündürmərtəbəli binalar üçün alacağı məbləğləri də MMC-nin hesabına köçürmək istəyir. Onun işə götürmək istədiyi iddiaçı, mühasib və menecer İ.Məhərrəmovun bu vədlərinə inanaraq hüquqi şəxsin yaradılması və işinin təşkilində könüllü qismində ona kömək etmişlər. Mühasib onun üçün MMC qeydiyyatdan keçirmiş, asan imza almışdır. İddiaçı isə yeni yaranmış MMC üçün möhür və çoxlu sayda rəsmi blanklar hazırlatdırmışdır. Bütün bunları hüquqşünas Təhminə Mustafayeva öz vəsaiti hesabına etmişdir. Çünki hesab etmişdir ki, yeni iş yeri açılır. Aralarında əmək müqaviləsi rəsmiləşdiriləndən sonra İ.Məhərrəmov həmin dövrdə müəssənin mühasibinin çalışdığı ofisdə bir otağı icarəyə götürmək və orada MMC-nin ofisini yerləşdirmişdir. Amma həmin otaqda ofis üçün heç bir mebel və ofis texnikası (kompyuter, çap avadanlığı və sairə) olmamışdır. T.Mustafayeva əvvəl çalışdığı ofisdən MMC-nin otağına qabaq masası, oturacaqlar, kompyuter masalalar, 2 ədəd kompyuter gətirmişdir. iddiaçı və digər işçilər hər gün saat 9-da MMC-nin ofisinə gedir və axşam saat 18-20-ə qədər orada işləmişlər. İ.Məhərrəmovun təkidi ilə onlar hətta fasiləyə getmir, bir çox hallarda şənbə və bazar günləri də işləmişlər. Hətta evə gələndən sonra da İ.Məhərrəmov onların hamısı telefon zəngi və ya mesajlar ilə əlaqə saxlamış, müxtəlif tapşırıqlar vermişdir. İşin 1 ayı tamam olduqdan sonra iddiaçı və digər işçilər maaşın ödənilməsini gözləmişdir. Bu zaman məlum olmuşdur ki, İ.Məhərrəmov maaş kartları üçün banka müraciət etməmiş və MMC-nin bank hesabında vəsait yoxdur. İddiaçı bu barədə ondan soruşanda iddia etmişdir ki, tezliklə maaşları nəğd şəkildə ödəyəcək. Bir qədər sonra İ.Məhərrəmov ofisə gəlməyi dayandırmış, bunu Bakıdakı tikintinin yekunlaşması üçün çalışmaları ilə əsaslandırmışdır. Amma MMC-nin üzvlərindən ibarət Vatsap qrupunda işçilərə tapşırıqlar verməyi və onların icrası barədə hesabatları istəməyi davam etmişdir. Bir müddət sonra isə işçilərin zənglərinə cavab verməmiş, telefonunu söndürmüşdür. MMC-nin bütün sənədləri, möhrü, asan imzası ofisdə olmuşdur. MMC-nin mühasibi 17.11.23-cü il tarixində iddiaçıya bildirmişdir ki, İ.Məhərrəmovun telefon zəngi ilə verdiyi tapşırıq əsasında onun əmək müqaviləsinə xitam vermiş və bunu sistemdə yerləşdirmişdir. “Asan imza” həmişə mühasibdə olduğu üçün bu tapşırığı İ.Məhərrəmov ona vermişdir. İ.Məhərrəmov ofisdən MMC- yə məxsus heç bir sənədi və möhrü götürməmişdir. Görünür o, ofisdə qalmış möhrü itmiş elan etmiş və bu aldatma yolu ilə yeni möhr əldə etmişdir. Sonradan məlum olmuşdur ki, İ.Məhərrəmov həm işçilərə, həm də sifariş almaq üçün danışıqlar apardığı dövlət orqanları ilə apardıqları danışıqlarda, yazdığı məktublarda özü barədə yalan məlumatlar vermək ilə məşğul olmuşdur. Belə ki, o, dövlət və özəl qurumlara göndərilən məktub və müraciətlərdə özünü 2016-cı il Qarabağ müharibəsinin qazisi, “Şöhrət” ordeni ilə mükafatlandırılmış, Prezident təqaüdü alan şəxs kimi təqdim etmişdir. Sonradan məlum olmuşdur ki, bu məlumatlar həqiqətdən uzaqdır. Hal-hazırda müxtəlif sosial şəbəkələrdə İ.Məhərrəmov Cavabdeh MMC-nin adından reklam elanları yayaraq tikinti işlərinin aparılması üçün sifariş axtarır. Görünür o, öz saxta vədələri iddiaçının və digər işçilərin başına gətirdiklərini müştərilərə də tətbiq etməyə çalışır və bəlkə də artıq buna nail olmuşdur. Beləliklə də, işlədiyi 1 ay ərzində, müddətsiz əmək müqaviləsinə qanunsuz xitam verilməsi nəticəsində 2023-ci ilin noyabr-dekabr, 2024-ci ilin yanvar-fevral aylarında ödənilməli olan məbləği Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməlidir. Bundan başqa, MMC-nin rəhbəri İ.Məhərrəmovun qanunsuz və yalançı hərəkətləri iddiaçıda ciddi psixoloji gərginliklər yaratmış və ona mənəvi zərər vurmuşdur. Hesab edir ki, həmin zərərin əvəzi də MMC tərəfindən ödənilməlidir. İddiaçıda olan məlumata görə İ.Məhərrəmovun qanunsuz əməllərinin qurbanı olmuş digər işçilər də məhkəməyə müraciət etmək niyyətindədirlər. Məlumat üçün bildirir ki, İ.Məhərrəmov işçilərin maaşlarının ödənilməsi ilə yanaşı, MMC üçün icarəyə götürdüyü ofisin də icarə haqqını ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandıırlmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin edilməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, MŞS-MT030-2024-00137 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat xərci İddiaçı ödəmişdir. - xx.xx.2023-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında Əmək Məcəlləsinə müvafiq olaraq müddətsiz əmək müqaviləsi bağlanmışdır. - 6GWA6B000700 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında Əmək Məcəlləsinə müvafiq olaraq müddətsiz əmək müqaviləsi bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-ci il tarixində Cavabdeh MMC ilə İddiaçı arasında Əmək Məcəlləsinə müvafiq olaraq müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materialların əlavə edilmiş arayışdan göründüyü kimi tərəflər arasında bağlanmış 6GWA6B000700 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən qüvvədən düşmüşdür. İddiaçı iddia edir ki, cavabdeh ona xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək işlədiyi müddətin əmək haqqı və son haqqıhesabını ödəməlidir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, bu barədə əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməmişdir. Buna görə də iddia tələbi təmin edilməlidir. Beləliklə iddia tələbi təmin edilməli, İddiaçı Cavabdeh MMC-də xx.xx.2023-cü ildən 17 noyabr 2023-cü il tarixədək işlədiyi müddətin əmək haqqı və son haqq-hesabı ona ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh MMC-də xx.xx.2023-cü ildən 17 noyabr 2023-cü il tarixədək işlədiyi müddətin əmək haqqı və son haqq-hesabı Cavabdeh MMC-dən alınaraq ona ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver