Məhkəmə qərarları › İş №2(060)-3446/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3446/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3446/2021 15.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hüseynov Elmir Xoşbəxt oğlu İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı 1280 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı 1280 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə ərizə ilə məhkəməyə müraciət etmişdir Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, 00685636 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin 4.1-ci bəndinə tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Lakin xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 284-4-cü maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə;verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa;ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 150.0.7-ci maddəsinin tələbləri pozulduğundan və MPM-nın 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətlərinə analogiya üzrə MPM-nin 284-4-cü maddəsini tətbiq edərək hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-2-ci və 284-4-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı 1280 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş ərizənin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar